Vüsal Bağırlı


1960-cı il martın 5-də kubalı fotoqraf Albetrto Korda özünün ən yaxşı işini yaratdı. Bu Ernesto Çe Gevaranın portreti idi. Həmin fotoşəkilin dünya miqyaslı brendə çevirilməsinə isə, hələ illər var idi…

Yəqin, dünyada çox az adam tapılar ki, məşhur inqilabçının bu ağ-qara fotoşəklini görməsin. Bəli, bu şəkil artıq brendə çevirilib. Ona hər yerdə, köynək və fincanlarda, nişan və suvenirlərdə rats gəlmək mümkündür.


Amma, hər şey, 57 il bundan əvvəl başlamışdı.


1960-cı ilin mart ayının 5-də Kubada nəşr olunan gündəlik “Revolucion” qəzetinin reportyoru Alberto Korda, tapşırığa görə, matəm mitinqində iştirak edirdi. Mitinq, bir neçə gün əvvəl Havana dəniz portunda baş vermiş terror qurbanlarının xatirəsinə həsr olunmuşdu. Terror zamanı yük gəmisi “La Coubre” partladılmış və nəticədə 100-dək insan tələf olmuşdu. 


Əvvəlcə, Kuba diktatoru Fidel Kastro çıxış edir. Digər mötəbər dövlət adamlarının, məmurların, nazirlərin əhatəsində olan Çe Gevara isə demək olar, görünmürdü.  Birdən, meydana toplaşmış insan kütləsi arasında ön sırada dayanmış Ernestonun cəsur görünüşü fotoqrafın diqqətini cəlb etdi. Bu zaman, Çe irəliyə doğru addım atdı və elə o andaca Korda dəqiq rakursu taparaq, əfsanəvi hədəfi fotoapparatın nişangahına çəkdi. O, tətiyi bir neçə dəfə basdı və inqilabçının silueti obyektivin yaddaşına həkk olundu. Düzdür. təsvirə Ernestodan başqa əlavə bir neçə adam və yaxınlıqdakı palma ağacının budaqları  düşmüşdü. Lakin, sonra Korda lazımsız təsvirləri itirdi.  Beləliklə, Alberto bu seriyadan olan bütün fotoşəkillərini  “Guerrillero Heroico”  (Qəhrəman Partizan) adlandırdı.


Səhərisi gün “Revolucio”nun növbəti nömrəsi mitinqə həsr olunmuşdu. Amma, Korda mat-məəttəl idi. Foto orada görünmürdü. Məsələ burasındadır ki, fotoşəkil lazımsız hesab edən redaktor, onu silmiş və yalnız özü lazım bildiklərini, Kastronun və digərlərinin şəkillərini dərc etmişdi.

Fotoşəklin uğurlu alındığını anlayan Korda, ehtiyatlı və tədbirli davranır. O, şəkillərin üzünü çıxardaraq bir neçəsini götürür və otağının divarına yapışdırır. Şəkil bekarçılıqdan orada, nə az, nə çox, düz yeddi il yatır.


1967-ci ilin payızında, rus yazıçısı Boris Pasternakın qalmaqallı “Doktor Jivaqo”  əsərini ilk dəfə dərc etmiş tanınmış italyan naşir Cancokomo Feltrinelli Kordeyə qonaq düşür. Onlar çoxdanın canbir-qəlbbir dostu sayılırdılar. Otaqların birində, divardan asılmış fotoşəkil Cancokomonun diqqətini cəlb edir. O, qışqırır:


“Dostum bu heyrətamizdir. Bu sensasiyadır!”


“Nəyim var, dosta qurbandır” prinsipinə sadiq qalan Alberto əvəzində heç nə istəmədən şəkillərdən birini ona hədiyyə edir. Həmin hadisədən bir neçə gün sonra Ernesto Çe Gevara xəyanət nəticəsində ələ keçirilir və Boliviyanın La-İquero şəhərində qətlə yetirilir.


Bundan məharətlə istifadə edən hiyləgər italyan şəkilləri poster formasında buraxır. Tezliklə, “Guerrillero Heroico”  plakatları solçu italyan tələbələrin azadlıq uğrunda mübarizə simvoluna çevirilir. Gənclər inqilabçının təsvirləri ilə Romanın, Milanın küçələrinə çıxaraq, “Çe yaşayır” qışqırırdılar. Sonra, bu ideya bütün dünyaya yayılaraq, azad həyatı sevən “hippi” gənclərin atributuna çevrilir.


Feltrinelli isə, bu plakatlardan xeyli pul qazanaraq, əməllicə varlanır. Zavallı Kordaya isə bundan heç yarım peso da qalmır. Məsələ burasındadır ki, Fidel Kastro ədəbi və bədii əsərlərin qorunması üzrə Bern konfransının qərarlarını qəbul etmirdi. Buna görə də, Kuba vətəndaşlarının müəlliflik hüquqları dünya miqyasında tanınmırdı.


Nəhayət,  bu fotolardan bir çox şirkətlər müxtəlif  məqsədlər üçün, təqvimlərdə, çantalarda, nişanlarda istifadə etməyə başladılar. Hətta “Mersedes-Benz” avtomobilinin reklamı zamanı inqilabçının beretindəki ulduzu firmanın loqotipi ilə əvəz etdilər.


Sülhpərvər, dostsevər Alberto Kordanın isə  şikayət etmək fikir yox idi və məhkəmə işi qaldırmadı. Yalnız bir dəfə, rus araq markası “Smirnoff”a  ona görə acığı tutdu ki,  şirkət şəkili niyə içki etiketinə yaışdıraraq Çe Gevaranın qəhrəman obrazını ləkələmişdir. Məhkəmədən   “Smirnoff”u  Kordaya 50 000 dollar  ödəməyə məcbur etdi və Alberto da öz növbəsində, pulun hamısını Kuba səhiyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş fondun hesabına köçürdü.


“Əgər Ernesto sağ olsaydı, o, da belə edərdi” deyirdi fotoqraf. Kubalı fotoqraf Alberto Korda 2001-ci il may ayının 25-də kasıblıq və ehtiyac içində dünyasını dəyişdi. Halbuki, bir xeyli işbaz və şirkətlər onun yatardığı şəkildən istifadə edərək milyonlar qazanmışdılar.


Bu yaxınlarda, fotoşəkilin bütün hüquqlarını Korda ailəsindən alan amerikanın “Fashion Victim” (Dəb Qurbanı) şirkəti isə bəyan edib ki, onların razılığı olmadan fotolardan istifadə edən hər bir kəs məhkəmə önündə cavab verməli olacaq.


Alberto Kordanın adı isə əbədi tarixə yazıldı.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO