Nərmin Kazımova yazır…

Bu gün həssas, diqqətli olmağınızı tələb edəcək mövzuya toxunacağam.

Əlil – “invalidus” sözü xəstəlik və qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanlara aid edilir. Dünyada milyonlarla fiziki imkanları məhdud insan var. Hər dövlət fiziki məhdudiyyəti olan şəxslər üçün müəyyən edilmiş qayda-qanunlara diqqət ediləcək səviyyədə işlər görür.

Gəlin, birlikdə nəzər yetirək, həqiqətənmi fiziki məhdudiyyəti olan şəxslər gücsüz hesab olunur?

İnsan fiziki gücünü hər hansı bir hadisədə itirə bilər, yaxud doğulduğu vaxtdan xəstəliklə mübarizə apara bilər. Biz cəmiyyətdə fiziki məhdudiyyətli insanlara qarşı necəyik? Onları niyə seçirik? Nə səbəbdən münasibətimiz dəyişir?

Sizə minlərlə fiziki məhdudiyyəti olan şəxsdən danışa bilərəm. Hələlik isə onların hiss etdiklərindən danışacağam. Ancaq bu halda onların nə hisslər keçirdiyini duya və yaşaya bilərsiniz.

Mən əlil deyiləm, sadəcə, əlil arabasına məhkum olunmuşam, amma bu o demək deyil ki mən gücsüzəm və yaxud bacarıqsızam. Mən cəmiyyət arasına çıxmaq üçün bilirsiniz, hansı maneələri aşıram? Danışım sizə? Günəş çıxarkən pəncərələri bağlayıb, bağlı qapı arxasında gizlənib, pərdənin arxasından həyətdə olan insanlara baxmaq necə hissdir, bilirsinizmi? Günəşin istiliyini hiss edə bilməmək, havanın bu gün soyuq ya isti olmağından xəbərsiz olmaq… Ən dəhşətlisi, güzgüyə baxa bilməmək nədir, bilirsinizmi?

Bizim özümüzlə mübarizə aparmağa müəyyən vaxtlarda gücümüz yoxsa, sizinlə necə mübarizə aparaq? Siz, sən, o bizə, mənə, ona dəstək olmalıdır! Bizi özünüzdən bilməlisiniz! Valideynlər öz uşaqlarına “onun yanına getmə”, “elə insanlarla danışma” deyəndə nə düşünürsünüz? Nə oldu? Kövrəldiniz? Deməli, hələ də vicdanınız var…

Biz nə hiss keçiririk? Hər gün, minlərlə biz! Birimizin ancaq gördüyümüz şəkil – tavan, birimizin gördüyü şəkil – dörd divar, birimizin isə – bağlı pərdələr! Sizinki isə rəngli məkanlar, dostlarınız, iş yerləri və s.. Deməli xoşbəxtsiniz! Bizim əlimizdən bu hissi – yaşamağı almayın! Bizə nə qəhrəman kimi baxın, nə də yazıq kimi! Özünüzə baxdığınız kimi baxın! Biz sadəcə əmək qabiliyyətimizi itirə bilərik, ancaq düşünüb qərar vermə bacarığımız var!

Mən illər öncə nəinki cəmiyyət içinə, hətta gün işığına çıxmağa qorxan biri idim! İllər keçdi, çox çətinliklə də olsa, özümlə üz-üzə qaldım – və “Mən gücsüz deyiləm” dedim!!! Özümdən nəyi bacardığımı soruşdum, güzgüyə baxıb özümlə üzləşdim. Əslində heç kimdən fərqlənmirəm, bacarıqlıyam, gözələm, istedadlıyam, sadəcə, bunu illərlə hiss etməmişəm. Mən indi sizinlə birlikdə gəzib, danışıb, ürəkdən gülə bilirəm. Bunu mən bacardım!!! Demək istəyirəm ki, istəsəniz siz də bacararsınız. Gizlənməyin! Qorxmayın! Çəkinməyin, əziz dostlar! 

Mən bu gün Xəyalam, Bəhruzam, Sonayam, Xəyaləyəm, Qafqazam! Mən minlərlə fiziki məhdudiyyəti olan şəxsəm!!! Sizə və bütün dünyaya bildirmək istəyirəm ki, bununla qürur duyuram!!! Fiziki imkanlarınız məhdud ola bilər, çalışın qəlbiniz məhdudiyyətli olmasın!!! 

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO