“Adidas” ABŞ-da qaradərili vətəndaş Corc Floydun öldürülməsindən sonra başladılan “Black Lives Matter” hərakatına dəstək məqsədi ilə şirkətdə azı 30 faiz qaradərili  və Latın Amerikasından olan şəxslərin çalışacağı haqda açıqlama yayıb.

“Portland Business Journal” xəbər verir ki, Minneapolisdə baş verən hadisədən sonra “Adidas”ın minlərlə işçisi etiraz aksiyasına qoşularaq şirkətdən qaradərili vətəndaşlara daha yaxşı dəstək verilməsini tələb ediblər.

Cağırışlara cavab verən şirkətin rəhbəri Kasper Rorsted dərisinin rəngindən asılı olmayaraq bütün əməkdaşları üçün təhlükəsiz və bərabər imkanlar yaradacağını, səslərinin eşidiləcəyi bir mühit yaratmaq üçün daha çox səy göstərəcəklərinə söz verib.

Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əsginazlarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.