Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi üzrə dayanmadan çalışan, ehtiyacı olan ailələrin və şəxslərin yardımına çatan gənclər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş qəhrəmanlarımızı da yaddan çıxartmır, onların xatirəsinə ehtiramın daim olduğunu nümayiş etdirirlər. 

Oxu.Az xəbər verir ki, gənclər karantin dövründə, xüsusilə müəyyən zəruri məhdudedici tədbirlərin sərtləşdirildiyi həftələr ərzində vətəndaşların, o cümlədən şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdığını, onların digər gündəlik işlərinə vaxt sərf etdiklərini nəzərə alaraq, ölkənin müxtəlif şəhər və rayonlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edirlər. 

Xalqımız mövcud olduqca şəhidlərin xatirəsinin əziz tutulacağını, uğrunda canlarını fəda etdikləri vətənin onları unutmayacağını öz fəaliyyətləri ilə sübut edən gənclər məzarlıqlara qulluq edir, şəhid qəbirlərinin ətrafını təmizləyir, ərazini səliqəyə salırlar. 

Gənclərin bu nəcib aksiyası da şəhidlərin ailələri tərəfindən rəğbətlə qarşılanır.