Dodo” qəzetinin baş redaktoru İradə Malikovaya Hörmətli İradə xanım, rəhbərliyiniz altında nəşr olunan “Dodo” qəzetinin 3 yaşının tamam olması xəbərini alanda çox sevindim. Talış xalqının dilini, mədəniyyətini, adət-ənənələrini təbliğ edən bu qəzetin ərsəyə gəlməsi və fəaliyyət göstərməsi üçün sizin göstərdiyiniz səylər, çəkdiyiniz zəhmət sözün əsl mənasında fədakarlıq nümunəsidir. Dövlət yardımı olmadan etnik azlıq üçün qəzet nəşr etməyin nə cür çətin və məsuliyyətli iş olduğunu mən öz şəxsi təcrübəmdən yaxşı bilirəm. Sənin bu işi böyük məhəbbət və qətiyyətlə görməyin, xalqına olan sonsuz məhəbbətini səkkiz səhifəlik vərəqlərə köçürüb abunəçilərə çatdırmağın əsl qəhrəmanlıqdır. Əminəm ki, talış xalqı buna görə sənə minnətdar olacaq. Səni, mehriban, cəfakeş və zəhmətkeş həmkarımı yubiley münasibətilə təbrik edir, sənə gələcək fəaliyyətində daha böyük uğurlar arzu edirəm. Əminəm ki, “Dodo” qəzetinin ömrü uzun olacaq.
Sədaqət Kərimova,
“Samur” qəzetinin baş redaktoru, yazıçı-jurnalist