Hacı Mirtohid ağa çox pak, xalis bir əqidəyə və inama malik idi. Demək olar ki, hər bir “addımını” Allaha xatir atırdı. Məhz, onun pak əqidəsi görə və həqiqəti deməsinə və bu haqqı lazımi səviyyədə çatdırmaq, təbliğ etmək qabiliyyətinə görə idi ki, çox adamlar düz yola, Allah yoluna istqamətlənmişdilər. Onun orta məktəbi qutardıqdan sonra katib işlədiyi Bəydili 8 illik məktəbinin direktoru Əbdülxeyir müəllim, kargüzar işlədiyi Xırmandalı orta məktəbinin direktoru Ağaveən müəllim özlərindən yaşca, həm də vəzifəcə kiçik olan Ağaya dərin hörmət edir, ona bir ağsaqqal kimi münasibət bəsləyirdilər. Ağanın təkidi və təbliği ilə ali savadlı dil-ədəbiyyat müəllimi Əliağa müəllim, Coğrafiya müəllimi Xudayar müəllim, riyaziyyat müəllimi Mazan müəllim, böyük təsərrüfat başçısı, uzun müddət kolxoz sədri olmuş Qazan tatarı Şəmsəddin namaz qılmağa başlamışdılar. Belələri onlarla deyil, yüzlərlə olmuşdur. Ağa əsil din, millət fəadisi olmuşdur. Allah əmri olan “Əmr-be mə’ruf” və “Nəhy-əz münkər” əmrlərinə Hacı Mirtohid ağa kimi ciddi, ardıcıl riayət edən ikinci bir adam təsəvvür etmirəm. O 1950-60-cı illərdə nəinki qəsəbə və kəndlərdə, eyni zamanda fermalarda, çobanların arasında çox vaxt “donos”çulardan ehtiyat edərək gizlində təbliğat aparır, xalqı Allahı tanımağa doğruluğa, düzlüyə, düz yola dəvət edir, pislikdən, günah işlərdən, cinayətkarlıqdan çəkindirirdi. Ağa öz əməllərində əsil millət xadimi, əsil maarifçi bir şəxs idi. Ağa çoxlarına mənəvi dayaq idi. Çoxları onunla fikir mübadiləsi edər, xeyir işlərində ondan məsləhətlər alardılar. Çətinliyə düşəndə yenə də ondan köməklik istəyirdilər. Çox dava dalaş edənləri barışdırmış, daha ağır cinayətlər baş verməsinin qarşısını almışdır. Dəfələrlə rayon rəhbərlərinin, inzibati orqanlarının həll edə bilmədiyi konfliktləri Ağa xalq arasında qazandığı nüfuzuna, etibarına görə həll etmişdir.

Hacı Mirtöhid ağa həm də ehtiyacı olanları maddi köməklik göstərirdi. İmkanlı adamların ağaya verdiyi Xüms, Zəkatı ac- yalavaclara paylayırdı. Və bu işi elə bir tərzdə edirdi ki, heç kim bilmir, yardım alanlar da heç bir xəcalət hissi çəkmirdilər. Fəqir- füqəraya paylamaq üçün aldığı pulu dərhal, yubanmadan sahibinə çatdırmağa tələsirdi. Buna imkan olmadıqda pulu büküb, nə məqsəd üçün ayrıldığını kağıza yazıb, Allah xatirinə ayrılmş mala çox ehtiyatla və ciddi mə’suliyyətlə yanaşan, onu göz bəbəyi kimi qoruyub saxlayan rəhmətlik anama verərdi. Lazım olan adam tapıldıqda alıb sahibinə çatdırardı. Belə pulları o çox qənaətlə “xərcləyirdi” bir adama çox pul vermirdi. Bir dəfə Lənkərana gedirdik. Anamdan bir bukülü pul alıb cibinə qoydu. Maşında ikimiz idik. Yolda pulu iki yerə böldü. Prişibdə (indiki Göytəpə) körpünü keçəndən sonra sola döndük. Bir qədər gedəndən sonra sağa dönüb maşını saxlatdırdı. Həyətə girdik. Xəstə olan Molla Bəylərlə görüşdük. Xəbər-əhvaldan sonra ayırdığı pulu Molla Bəylərə verib :

 Bu mali -İmamdır – dedi.

Molla Bəylər pulu alıb :

 Ağa, mənə böyük əmanət tapşırırsan. Allah-təala mənə ömür versin ki, bu əmanəti sahibinə çatdırım – deyərək kövrəldi və əlavə etdi : -Ağa, mən neçə vaxdır xəstələnib zəlil olmuşam. Gəzib-dolana bilmirəm. Görəsən sənin kimi füqəraya qayğı göstərən yenə də var?

 Molla Bəylər,dünya xali deyil. Bizdən də səxavətliləri və yaxşıları daha çox olar.

Mollanın yanından çıxandan sonra baxmayaraq ki, mən də Bəyləri tanıyırdım, Ağa onun pak, pəhrizkar və təqvalı olduğunu dedi. Onu da deyim ki, Bəylərlə mən mərhum Molla Hüseynin yanında bir vaxtda dərs almışıq.

Pulun ikinci hissəsini isə Ağa Masallının Alvadı kəndinə dönərək bir nəfər hər iki gözü kor olan kişiyə verdi. Ağa belə möhtaclara pulu açıqda, ətrafdakılara bildirərək vermirdi. Mən dəfələrlə şahid olmuşam ki, ağa pulu əvvəlcədən sağ əlində tutub görüşərək həmən adamın ovcuna qoyurdu. Ətrafdakılar ağanın ancaq görüşdüyünü hiss edirdilər.

 

 ( ardı var)

Mir Kazım Kazımi