VƏTƏNİ ƏSL OĞULLAR QORUYAR
27 sentyabr səhər saat 6:00-da erməni silahlı qüvvələri atəşkəsi növbəti dəfə pozdular, amma bu dəfə əvvəlki dəfələrdən fərqləndi, Azərbaycanın şanlı ordusu düşməni susdurmaq üçün genişmiqyaslı əks-hücuma keçdi və bu əks-hücum hələ də davam edir və ümüd edirik, nəinki ümüd edirik, hətta buna tam əminik ki, bu əks-hücum şanlı ordumuzun tam qələbə zəfəri ilə bitəcək. Çünki mətin Azərbaycan xalqı, öz işini mükəmməl bilən siyasi rəhbərlik və qələbə əzmində olan müzəffər ordumuz bu işdə vahid bir komandanlıq ətrafında birləşib və bu birlik ordumuza əlavə ruh yüksəkliyi verir və bu ruh yüksəkliyini görən yağı düşmənin qaçmaqdan başqa çarəsi qalmır.
28 sentyabrda mən, sırf təsadüf nəticəsində, Binə qəsəbəsində könüllülərin cəbhə bölgəsinə yollanmalarının şahidi oldum. Könüllülər hamısı Lerik qeydiyyatında olduqları üçün onlar əvvəlcə Lerikə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik şöbəsinə yola düşdülər ki, sentyabrın 29-da oradan lazımi sənədləri alıb, cəbhə bölgəsinə yola düşsünlər. Yola salanlar arasında könüllülərin ataları da iştirak edirdilər, bu kişilərin məğrur duruşları, övladlarına son xeyir-dua vermələri qeyri-ixtiyari məni 1992-ci ilin soyuq noyabr ayına apardı. Mənim onda 23 yaşım var idi, 3 il idi ki, Sovet ordusundan tərxis olunmuşdum, Qarabağdakı erməni vəhşiliklərinə dözə bilmədiyim üçün mən də könüllü olaraq döyüşə yollanmağa qərar verdim və məni də həmin döyüşə məhz atam yola saldı.
…Sonra atamdan “sən məni elə rahatlıqla müharibəyə yola saldın ki, elə bil sağ qayıdacağımı bilirdin” deyəndə, atam “mən səni həmin gün vətənə qurban dedim, bu ata üçün çətindir, amma hər bir ata bunu bacarmalıdır, mən də minlərlə digər atalar kimi bunu bacardım, vətənini qorumayan oğuldan kişi olmaz” dedi…
..Bu gün yenə də minlərlə ata, ana öz övladlarını döyüşə yola salırlar, əminəm ki, onlar da mənim atam kimi düşünürlər: Vətənini qorumayan oğuldan kişi olmaz!
Azərbaycan əsgəri, sənin zəfər yürüşüvün xoş xəbərini bütün Azərbaycan gözləyir, haydı irəli KİŞİLƏR!
Rafiq Cəlilov
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri