Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı.
On illər ərzində qudurmuş erməni vandallarının dağıdıb viran qoyduğu kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi bərpa etmək kifayət qədər resurslar tələb edəcək. Heç şübhəsiz, Azərbaycanın iqtisadi və maliyyə qüdrəti bunun üçün yetərlidir. Biz dağıdılmış yaşayış məntəqələrimizdə təkcə vətəndaşlarımızın viran edilmiş mənzillərini deyil, bütün kommunikasiyaları, sosial obyektləri tam bərpa etməliyik. Bu işlərin xüsusi dövlət proqramları çərçivəsində aparılması bir neçə il vaxt tələb edəcək. Heç şübhə etmirəm ki, Qarabağın bərpası üzrə ayrıca bir dövlət qurumunun yaradılması zəruri olacaqdır. Dövlətimiz on milyardlarla manat vəsaiti əzəli torpaqlarımızın-şəhidlərimizin qanı ilə işğaldan azad olunan torpaqlarımızın bərpası, vətəndaşlarımızın da orda məskunlaşması üçün sərf edəcəkdir. Bu yolla biz Qarabağı bir neçə il ərzində ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevirə biləcəyik. Qarabağımızın inkişafı tanınmaqda olan ölkəmizin daha sürətlə inkişafına təsir göstərəcəkdir.
Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışı gözləyir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar yeni hədəfləri ortaya qoymaqla onların vahid icra mexanizminin müəyyənləşdirilməsini zərurətə çevirir. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. Sənəddə də qeyd olunduğu kimi, son 17 ildə artan iqtisadi gücümüz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. Əldə edilmiş Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır. Azərbaycan postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.
Bir sözlə, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Ənvər Kərimov – Masallı rayon Eminli kənd sakini