Kakalos Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayonun şimal-şərqində yerləşir. Əhalisinin sayına görə Astaranın iri yaşayış məntəqələrindən sayılır. Burada 4 min nəfər əhali yaşayır.
“Kakalos səfəri”m tanınmış mədəniyyət xadimi, mədəniyyət fədaisi Fərbiyyə Şabanova ilə bağlı olmuşdur.
Fərbiyyə Həsən qızı Şabanova 15 aprel 1941-ci ildə Kakalos kəndində anadan olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda kənddəki məktəbdə pioner baş dəstə rəhbəri (uşaq birliyinin sədri), tərbiyəvi-təşkilatçı, Astara rayon Mədəniyyət Şöbəsinin müdiri (1983-1992), Kakalos kənd icra nümayəndəsi (1996-2002), Kənd Mədəniyyət evinin (Folklor evi) müdiri, rejissoru vəzifələrində çalışmışdır. Hazırda təqaüddə olsa da, Folklor evində ictimai əsaslarla çalışır.
O, Folklor evinin nəznində “Əvəsor” (talış dilində “Bahar”) folklor xalq kollektivi, “Nəcib qızlar klubu”, Şəhriyar adına xalq teatrı, Tarix-diyarşünaslıq muzeyi və Folklor evinin həyətində, açıq havada Etnoqrafik muzey yaratmışdır.
Neçə müddət idi ki, bu yaxınlarda 80 yaşını qeyd etmiş bu “cavan qız”la görüşmək, yaratmış olduğu tarix-diyarşünaslıq muzeyi və Etnoqrafik muzeylə tanış olmaq niyyətində idim.
Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, bir çox layihələr müəllifi, ictimai fəal Nuranə Həmidova sanki ürəyimdən keçənləri duyurmuş kimi bir neçə gün öncə mesaj ataraq Fərbiyyə Şabanova ilə görüşməyimizi təklif etdi. Şübhəsiz ki, təklifi böyük məmnuniyyətlə qəbul edib, razılaşdığımız kimi bu gün 06 iyun 2021-ci ildə Kakalosa yollandıq. Saat 11.00-da Kakalosda olduq.
“Kakalos səfəri”ndə bələdçimiz Şiyəkəran kəndindən olan biologiya müəllimi, ictimai fəal Yunus Qulamov idi. Bu eyni zamnda Kakalosa 32 ildən sonra ikinci gəlişim idi. Kənddə ilk dəfə 1989-cu ilin iyun ayında olmuşam. Həmin vaxt Sovet ordusunun məzuniyyətə buraxılan əsgəri (Qazaxıstan, Baykonur. 1988-1990, may) kimi Kakalos kəndində olub, qonşu hərbi hissədə xidmət edən, təəssüf ki, adını unutduğum Əsədov soyadlı əsgər yoldaşımın valideyinlərinə dəyməyə gəlmişdim.
2 min eksponatla fəaliyyətə başlayan Tarix-diyarşünaslıq muzeyi hazırda 31 bölmə və 5 min eksponatdan ibarətdir. Böyük zəhmət hesabına başa gəlmiş muzeydə böyük tarix, böyük xəzinə yatır. Tədqiqatçı-tarixçi olaraq canlı ensiklopediya olan Fərbiyyə xanımla söhbətdən və muzeylərlə tanışlıqdan sonra əlavə bilgilər əldə etdim. Gənclik eşqi ilə çalışan Fərbiyyə Şabanovaya sadəcə əhsən düşür.
Fərbiyyə Şabanova “Fəxri mədəniyyət işçisi” adı və “Tərəqqi” medalı ilə təltif olunsa da, düşünürəm ki, bu mədəniyyət fədaisi özünün layiq olduğu həqiqi qiymətini hələ almamış, əməkdar mədəniyyət işçisi fəxri adından kənarda qalmışdır. Saat 13.50 dəqiqədə böyük sevgi və hörmətlə Fərbiyyə Şabanovadan ayrılıb, səfərimizə davam etdik.
1907-ci ilə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan Kakalos kənd məscidində də olub, məscidlə bağlı lazım olan qeydlərimi götürdüm.
Kakalos kənd qəbiristanlığında uyuyan böyük şairimiz Əhəd Muxtarın qəbrini ziyarət etməyi özümüzə borc bilib, onun qəbrini ziyarət edib, ruhuna dualar oxuduq.
İLDIRIM ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
P.S. Səfər zamanı şəxsi maşını ilə xidmətimizdə dayanan Nuranə müəllimənin həyat yoldaşı çox hörmətli Xalid qardaşımıza dərin təşəkkürümü bildirirəm.