Birinci və ikinci Qarabağ müharibəsində Lənkəranın ucqar dağ kəndi Gəgirandan 50 dan çox eloğlumuz Vətən müharibəsində qəhrəmanlıq salnaməsini yazanlar sırasında yer almışlar.

Birinci Qarabağ müharibəsində 3 nəfər:

Cəmil Kazımov  1992 ci ilin yanvar ayında, Lənkəran rayonun Gəgiran ərazi vahidliyinin Diryan kəndindən orduya çağırılmışdlr. O dövrdə təzə yaradılmış Milli ordunun ilk əsgərlərindən olan Cəmil 6 ay idi ki, Lənkəran batalyonunda xidmət edirdi. 1992 ci ilin iyun-avqust aylarında cəbhədə, xüsusulə bütün Qarabağda gedən şiddətli müharibədə Lənkəran batalyonunun əsgərləri xüsusi igidlikər göstərirdilər.

1992 ci ildə Ağdərənin alınmasında qəhrəmancasına  vuruşan igid el oğullarımızın səsi-sorağı bütün respublikaya səs salmışdı. Müharibənin ən qızğın vaxlarının birində, avqust ayının 7 də, 19 yaşının tamam olmasına bir gün qalmış Cəmil qəhrəmancasına   şəhid olmuşdur.

1992 ci ildə, avqust ayının 8 də doğum günündə, doğulduğu kəndin qəbristanlığında, 5 kəndin sakinlərinin iştirakı ilə torpağa tapşırılan Cəmil kəndimizin ilk şəhidi kimi əbədiyyətə qovuşdu.

Allah rəhmət eləsin.

Nizami Axundov Lənkəran rayonunun Gəgiran kəndində 24 mart 1980 ci ildə anadan olmuşdur, 1997 ci ildə Lənkəran rayonun Gəgiran kənd orta məktəbinini bitirmiş,1998 ci ildə Lənkəran rayonun Hərbi komissarlığından orduya çağrılmışdır. Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət etdiyi dövrdə mənfur  düşmənlər hər gün atəşkəs rejimini pozarq, cəbhəboyu əsgərlərimizin qoruduğu mövqelərini atəşə tuturdular.

Atəşkəsin pozulduğu növbəti dəfə 4 noyabr 1999 cu ildə Nizami Axundov  düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəldi.

Arzusu tezliklə torpaqlarımızı düşməndən azad edib, qalib əskər kimi qayıtmaq olsa da lakin o,şəhid kimi elinə, obasına qayıtdı.

Qəbri kənd qərustanlığındadır. Allah rəhmət eləsin

   Camal Şıxıcanov 28 dekabr 1983 cü ildə Lənkəranın ucqar dağ kəndi Gəgiran kəndində anadan olmuşdur, 2001 ci ildə kənd orta məktəbini bitirmişdir. Arzusu rəssam olmaq idi. 2002 ci ilin yanvar ayında hərbi xidmətə çağırılmlşdlr. Camal əmisi oğlu Nuzami Axundovun şəhid olduğu Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayır, özünə söz verir ki, 3 il əvvəl şəhid olmuş əmisi oğlunun qisasını düşməndən alacağam. 2003 cü ilin əvvəlində məzuniyyətdə olarkən valideynlərinə, qohumlarına söz verir ki, tezliklə müharibə qurtarar sağ salamat hamı evinə qayıdacaq.

2003 cü ilin mart ayının 19 da, xalqımızın müqəddəs Novruz bayramı ərəfəsində Camalın şəhid olma xıbəri kəndə xəbər verildi. Bütün kənd sakinləri şəhidini qarşılayaraq onu kənd qəbristanlığında son mənzilə yola saldılar.

Allah rəhmət eləsin, ruhu şad olsun.

 

İkinci Qarabağ müharibəsində 7 nəfər…

Bəli bu savaşda kəndimiz 7 şəhid və onlarla qazi övladları ilə rayonun öndə gedən kəndlərdən biri olduğu ilə fəxr edir.

Şəhidlərimiz haqqında nə qədər yazsaq da, nə qədər onlar üçün ağlasaq da, sızlasaq da, cəbhədə düşmənlə üz-üzə dayandığı bir saniyənin əvəzini verə bilməz.

Bu gün kəndimizin şəhidləri Mirzə Axundov, Vüsal Hadıyev, Rasim Mirzəyev, Zabil İbadov, Baloğlan Əhədov və Araz İbadov və Qalib Nurizdaənin həyat yollarına nəzər saldıqda hər bir insanı kövrəldəcək bir həyat hekayəsi ilə rastlaşırsan.

     Baş gizir Mirzə Axundov çoxdan idi ailəli idi, uşaqları 10-12 yaşlarında, hər dəfə atalarını hərbi paltarda görəndə qürur hissi keçirdiblər. Məktəbdəki yoldaşları yanında atam hərbiçidir, 19 ildir vətənə xidmət edir, deyə fəxr ediblər. Amma, bu gün hətta atalarının şəhid olduqlarını da bilirlər. Yenə əvvəlki kimi məktəb yoldaşlarının yanında qürurlu dayanıb, fəxr edərlər ki, mənim atam torpaqlarımzın azadlığı uğurunda şəhid olub. .

Şəhidimiz, evin tək oğlu Rasim Mirzəyevin 4 aylıq uşağı var idi, hələ də özünün uşaq dünyasında, şəhid atasından bixəbər, qığıltısı ilə nənəsinə, anasına nəyi isə başa salmaq istəyir. Atası isə heç gül üzlü balasının üzünü doyunca görə bilməmişdir, gündüzlər işə gedər, axşamlar da qayıdanda beşikdə uyuyan körpəsinin oyatmasına qıymayıb….

     Şəhid Zabil İbadovun 4 yaşlı uşağı isə atam Bakıya işə gedib, mənim üçün gələndə maşın alacaq, şokolat alacaq deyir. Amma illər ötəcək, atasının şəhid olduğunu dərk edəndən sonra biləcək ki, nəyə görə hələ də atamın alacağı maşınını gözləmişəm .

Balaca şəhid balasına nə qədər maşın, şokolad alanlar olsa da, o, hələ də atasının alacağı maşınını, şokoladın gözləyəcək. Axı bir vaxtlar Zabil özü də uşaq ikən atası dünyasını dəyişmişdir. Anası onu atasız böyütmüşdür. Bu tale övladına da qismət oldu.

Şəhid Vüsal Hadıyev subay idi, evin tək oğlu, iki bacının qardaşı idi, indi isə iki bacının şəhid qardaşı deyil, bütün Azərbaycanın şəhid oğludur. Bəlkə də ürəyində kiməsə sevgi, məhəbbəti var idi, atasına deyə bilməsə də, anasına ipucu da vermişdi. Amma qisməti şəhidlik oldu.

Şəhid Baloğlan Əhədov da evin tək oğlu, 3 bacının bal qardaşı idi. Ürəyindəkiləri bir özü bilirdi, bir də uca, gözə görünməz Allah. Həyata keçirtməyə nə qədər arzuları var idi. Bu gün valideynləri, bacıları, onu istəyən hər kəs onun uzağa baxan mənalı baxışlarından danışır. O baxışlarla demə çox uzaqlara, bu gün uyuduğu məkana baxırmış.

Şəhid Araz İbadov hərbi xidməini başa vurandan sonra, atası onu nişanlamaq qərarına gəlmişdi. Nişanlı Araz hərbi səfərbərliyə çağırılanda , ata-anası olmayan nişanlısını anasına tapşırmışdı. Qəm yeməyin, tezliklə müharibəni başa vurub qayıdacağam, hər şey yaxşı olacaq. Amma, Araz nə anasına, nə də gözü yaşlı qalan nişanlısına verdiyi sözü yerinə yetirə bilmədi. Bir gün şəhidlik xəbəri gələndə, atası və anası bir söz dedilər “bizi nişanlının yanında niyə xəcalətli elədin, indi biz ona nə deyək?” bu sözlər dəfn mərasimində iştirak edən minlərlə insanın qəlbini dağladı…

Şəhid Qalib Nurizadə evin böyük övladı idi. Uşaqlıqdan əzab-əziyyətin nə olduğunu dadmışdı. Hərbi xidmətini başa vurduqdan sonra üzünü Bakıya tutub iş axtarmağa getmişdi. Ata-anasına, iki qardaş və iki bacısına dayaq olmaq üçün özünü hər cür əzab-əziyyətə qatlaşdırdı, ali məktəbdə oxuyan kiçik qardaşına da kömək edirdi. Amma cənab prezidentimizin səfərbərlik çağırışına sanki bənd imiş kimi can-başla cəbhəyə yola düşdü. Torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn Qalibin şəhid olma xəbəri ailəsinə 9 dekabr 2020 ci ildə verildi. Dekabr ayının 10 da böyük qələbəmizin bir ayın tamamında, parad keçirilən gün kəndin mərkəzi qəbristanlığında dəfn olundu.

Sayca 10-cu şəhidimiz olan Qalib, adı kimi qalib qayıtdı, şəhid eloğullarının qisasını almış, şəhid kimi.

Nur üzlü şəhidlərimiz, sizlər haqqında nə qədər xoş sözlər yazılsa yenə azdır. Allah sizləri rəhmət eləsin, ruhunuz şad olsun. Haqqınınızı bizə halal edin.

 

 

Mehman Əliyev,

Gəgiran kənd tam orta məktəbinin

Tərbiyə işləri üzrə direktor müavini