İsmayılov Taleh Səndəl oğlu 26 noyabr 1986-cı ildə Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. 2004-cü ildə Boladi kənd 1 saylı tam orta məktəbini bitirmişdir. Hərbi komisarlığın nəzdində olan sürücülük məktəbində oxumuş və hərbi xidmətə sürücü kimi yollanmışdır.
2005-2006-cı illərdə Goranboy rayonu Goran qəsəbəsində hərbi xidməti layiqli şəkildə yerinə yetirmiş Taleh özünün 1 il 6 aylıq xidmətini Vətən üçün yetərli olmadığını, ömrünü bu yolda fəda edən digər hərbiçi yoldaşlar kimi keçirməyi düşünürdü. Xidmətdən qayıdandan sonra bir müddət Gəncə “Karamel” firmasında sürücü işlədikdən sonra Taleh öz taleyinin qərarını verdi.
2013-cü ildə Müdafiə Nazirliyinin MAXE (Müddətdən Artıq Xidmət Etmə) hazırlıq kursuna sənədlərini təqdim edir və qəbul olur. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra təyinatı üzrə hərbi hissəyə göndərilir və xidmətə başlayır. Xidməti dövründə dəfələrlə “Tərifnamə” və “Təşəkkürlər” alır.
Böyük zəfərin başlanğıcı olan “Aprel döyüşləri” başladıqda Taleh həmən döyüşlərə atılır və fəal iştirakçılarından olur. Aprel döyüşlərində şəhid olan cəbhə yoldaşlarının itkisi onu çox sarsıdır. İntiqam hissi onu daim narahat edirdi. Hər an döyüşlərin yenidən başlayacağını gözləyən Taleh İkinci Vətən müharibəsi başlayan gündən böyük şövqlə döyüşlərə qatılır. Cəbrayıl, Füzuli, Hadrut rayonlarında və həmçinin ömrünün son günlərində Şuşa şəhərində də sürücüsü olduğu silah-sursat maşını ilə müstəsna xidmətləri olur. Daim ön cəbhəyə silah-sursat daşıyan Taleh 4 noyabr 2020-ci ildə Füzuli rayonu ərazisində şəhid olur. Taleh 5 noyabr 2020-ci ildə yaşadığı Boladi kəndində dəfn olunmuşdur.
Ailəlidir. 3 oğul övladı var.
Taleh Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və “Döyüşdə Fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Eldar İlqaroğlu
Lənkəran, Boladi