Leyla müəllimə, sənə təsəlli vermək üçün söz tapmaq çox çətindir. Ata, yar , yoldaş, oğul əvəzi ananı itirmisən. Əminə ana sənin üçün hər şey idi. Qəm sirdaşın, sevinc ortağın, çətin günlərinin pasibanı, arxa, dayağın, əlindən tutanın, dadına yetənin. Amma bu ağrı tək sənin ürəyindən keçmir bu gün. Əminə xanım el anası idi həm də. Onun vəfatı tək sizin-övladları, yaxınları üçün deyil, bütün Lənkəran, cənub bölgəsi, Azərbaycan üçün ağır itkidir.
Gərəkli adam. Bu söz elə bil Əminə ananın adına biçilmişdi. Sınıqçı Əminəyə çox adamın işi düşürdü..Yaxın-uzaq rayonlardan hər gün onlarla insan bu xanım ananın əlindən şəfa tapmaq üçün yanına gəlirdi. Əminə xanım sınıqçılıq sənətini travmatoloq həkimdən də yaxşı bacarırdı.Əlinin bir toxunuşu ilə bilirdi xəstəsinin dərdini, sümüyün hardan çat verdiyini. Rentgen dəqiqliyinə həkimlər belə mat qalırdı. Qapısı 24 saat açıq idi yanına dərdinə dərman üçün gələnlərə.Çox vaxt bu xəstələri elə travmatoloq həkimlər özləri yönləndirirdilər , göndərirdilər onun yanına, ancaq Əminə bacarar deyirdilər. Loğman idi, təbib idi, min dərdə məlhəm idi …Sifətində ilahi nur, barmaqlarının təmasında möcüzəli bir hikmət vardı…
Heç kimi incitmədən qəfil, sakitcə köçünü sürdü dünyadan.
Yaddaşlarda təmənnasız,xeyirxah, insanpərvər, elin xeyir şərində başda duran, heç kəsin könlünü qırmayan, şəfalı əlləri ilə yüzlərlə insanın dadına çatan mələk simalı bir insan, əsl ana kimi qalacaq, yaşayacaq Əminə ana…
Səndən bir də gəlməyəcək…şəfalı əllərinin möcüzəli gücünü kim əvəz edə bilər? Nur içində yat, zəhmətkeş qadın, xeyirxah insan, gözəl ana..
…Dünya bir pəncərədir, hər gələn baxar gedər…Bu gəlimli-gedimli dünyanın sənin kimi loğmanı saxlamağa qüdrəti çatmadısa, deməli kimsəyə də qalmaz…
Esmira İsmayılova

        “DODO” qəzetinin redaksiya heyytəti adından heyyətin üzvü LDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidovanın anası Əminə xanımın vəfatı ilə əlaqədar kədərləndiyimizi bildirir və Leyla xanıma dərin hüznlə başsağlığı veririk.

Allah yerini rəhmət eləsin!