Axan Şəhid qanı ilə buz yerindən dəbərdi,

Mənəm-mənəm deyən düşmən əllərinlə gəbərdi.

Hər gün bizə çatan xəbər ürəkaçan xəbərdi,

Xəbərinə qurban olum, Azərbaycan əsgəri

Neçə dəfə faşistləri saldın ölüm bəndinə,

Heyran oldu dünya tamam səriştənə, fəndinə.

Ağlın ilə, qanın ilə alınmış hər kəndinə,

Şəhərinə qurban olum, Azərbaycan əsgəri.

Qalanmadı xalqın, elin bu işğala biganə,

Od vuruldu Qara keşiş əkən qara tikanə.

Öndə gedən Baş Komandan yeganədir yeganə,

Öndərinə qurban olum, Azərbaycan əsgəri.

“Qarabağı azad edək” deyib ellər bir oldu.

Şuşa necə xilas oldu dünya üçün sirr oldu,

Şəhid qanı müqəddəsdir, torpağımız pir oldu,

Pirlərinə qurban olum, Azərbaycan əsgəri.

Aldıq geri səfalı yurd Kəlbəcəri, Laçını,

Qucaqladıq Bərgüşadı, Həkərini, Xaçını.

Unutdurdun millətinə min bir ağrı-acını,

Zəfərinə qurban olum, Azərbaycan əsgəri.

Dünya üzrə Murov qədər uca oldu başımız,

Gözümüzə işıq gəldi dondu həsrət yaşımız.

44 günə təmizləndi torpağımız, daşımız,

Hünərinə qurban olum, Azərbaycan əsgəri.

Azad etdin Cəbrayılı, Fizulini, Ağdamı,

Zəngilanda, Qubadlıda görmədin bir sağ damı.

Viran olmuş Vətən məgər yazılmışdı baxtamı,

Təpərinə qurban olum, Azərbaycan əsgəri.

Dəmir yumruq birliyindən qorxub qaçan sara bax,

Belə zəfər harda olub tarixləri ara bax.

Yeni tarix yazdın adı “Fəthi-mülkü Qrabağ”,

Əsərinə qurban olum, Azərbaycan əsgəri.

Rəhbərinə qurban olum, Azərbaycan əsgəri.

Xanəli   Talış

Masallı, Qızılar