Tərbizli/Təbrizli Lerik rayonunun yaşayış məntəqələrindən biridir. 200 nəfərə yaxın əhalisi vardır. Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxildir.

Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə kəndin adı Təbrizli olsa da, kəndin giriş qapısının üstündə onun adı Təbrizli deyil, Tərbizli kimi yazılmışdır. Buradan haqlı olaraq “kəndin adı Tərbizlidir, yoxsa Təbrizli?” sualı yaranır. Kəndin Tərbizli adlandırılması heç də əbəs yerə deyildir. Çünki, respublikamızın əvvəlki inzibati-ərazi bölgüsündə yaşayış məntəqəsinin adı Tərbizli kimi qeyd olunmuşdur.

Əslində Tərbizli və Təbrizli ayrı-ayrı sözlər yox, eyni məna kəsb edən sözlərdir. Elə sözlər (adlar) vardır ki, onlar danışıq zamanı yazılış (orfoqrafiya) və deyiliş (orfopediya) formasından bir qədər fərqli şəkildə tələffüz olunur. Misal olaraq, Astraxanbazar (indiki Cəlilabadın 1967-ci ilə qədər olan adı) – Astarxanbazar, Hacıqabul – Ağcaqabul, Azıx – Ağız, vağzal – vazqal, torpaq – topraq və digərlərini göstərmək olar. Bu qəbildən olan sözlərdən (adlardan) biri də Təbrizdir.

Təbriz Azərbaycanın qədim və iri şəhərlərindən biri olmuş və hal-hazırda İran İslam Respublikasının tərkibində olmaqla Şərqi Azərbaycan ostanının (əyalətinin) mərkəzidir. Təbriz bir çox hallarda Tərbiz kimi də tələffüz olunur.

Tərbizli – Təbrizli toponimi Təbriz şəhər adı və “li” mənsubiyyət şəkilçisinin birləşməsindən yaranaraq “Təbrizdən olanlar”, “Təbrizlilər” mənasını verir.

Bu fakt “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında da öz əksini tapmışdır. Adı qeyd olunan kitabda Təbrizli toponimi haqqında yazılır: “Yaşayış məntəqəsi adı XVI əsrdə Təbriz mahalından köçüb gəlmiş bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 119).

Beləliklə, Təbrizdən gələnlərin məskunlaşdığı yer ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən talış dilində Təbrizıj (Təbrizli), Təbrizıjon (Təbrizlilər) adlandırılmış və bu ad sonralar Azərbaycan dilində Tərbizli/Təbrizli kimi rəsmiləşdirilmişdir.

 

İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi