(Hekayə)
Ruslanla sonuncu görüşümüz 1 il əvvəl olmuşdu. Xeyli dərdləşib ayrılmışdıq. Özü üzərində çalışan, nöqsanlarını görə bilən, çözüm yolları axtaran bir qardaşdır. Həm valideynləri ilə, həm də həyat yoldaşı Sevda ilə olan münasibətlərindən bəhs etmişdi. Ata-anasının fitvasına uyub Sevdanı dəfələrlə nahaqq yerə incitməsindən, tez-tez qəlbini qırmasından narahat idi.
– Çox peşman oluram, qardaş, amma yenə bir müddət sonra hər şeyi unudur, eyni səhvi təkrar edirəm. Hardandır bizdə qadınlara qarşı yuxarıdan aşağı baxmaq xüsusiyyəti? Niyə biz kişilər özümüzlə müqayisədə qadınları aşağı görürük? Kim salıb bunu bizim beynimizə, şüuraltımıza? Axı necə olur ki, biz kişilər evlənənə qədər baş tacımız etdiyimiz qadını evləndikdən sonra ən rəzil vəziyyətə qədər alçada bilirik?
– Düzdür, Ruslan qardaş, səninlə razıyam. Elə mənim özümdə də həmin düşüncə var. Deyərdim ki, biz kişilərin çoxunda fərqinə varmasaq da, etiraf etməsək də, qadınları aşağılamaq halı var. Hərdən evdə uşaqların yanında zarafatla da olsa, yoldaşıma, onun ata-anasına bəzi sözlər istifadə edirəm. Sonradan özümə hesabat verdiyimdə, bunu dəqiq bilirəm ki, eyni sözlər, zarafatlar mənə, ya ata-anama qarşı olunsa, əsla razı olmaram. Anlayıram ki, özümüzə layiq bilmədiyimiz sözləri hətta ən çox sevdiyimiz insana, həyat yoldaşımıza istifadə edirik. O yazıqlar da abırlarına qısılıb, heç bir etiraz etmirlər.
– Sən hələ yaxşısan e, mən, ümumiyyətlə, çox həddi aşıram. Biraz yemək gecikir, qışqır-bağır salıram. Ütüsüz paltar gördüyümdə beynim çönür. Bilə-bilə ki, uşaqların yanında analarını təhqir etmək onlara dəhşətli stress yaşadır, yenə də əsəbləşəndə hər şeyi unuduram. İnan ki, sonradan namazda oturub ağlayıram, özümdən Allaha şikayət edirəm, hətta söz verirəm, bir daha olmaz, yenə sözümə əməl edə bilmirəm.
– İnanıram ki, bu peşmançılıq halın bir gün səni dəyişəcək. Əsas odur, sən bu mənfi halın fərqindəsən və dəyişməyə cəhdlər edirsən. Bilirsən, nə qədər kişilər var ki, xanımını döyür, söyür və bunu nəinki nöqsan bilmir əksinə özünə fəxr, əsl “kişilik” bilir. Sən şükür Allaha ki, bu halından narahatsan və dəyişmək istəyirsən. Heç kim birdən-birə köklü dəyişiklik edə bilmir. Əslində, elə kiçik-kiçik cəhdlər, təslim olub dayanmamaq, yıxılıb hər dəfə yenidən qalxmaqımız bizi müsbətə doğru dəyişir.
– Nə yaxşı ki, sən məni başa düşürsən. Bəzi inanclı dost-tanışla bu söhbəti edəndə deyir ki, İslamda kişi qadından üstündür. Hardan bu nəticəyə gəliblər, adam anlamır… Özləri üçün dəlillər də tapıblar… Bir halda ki, Allahın nəzərində üstünlük daha əxlaqlı, daha həyalı, daha təqvalı olmaqdır.
Bir il əvəl aramızda təqribən belə bir dialoq olmuşdu. Bu günlərdə ailəlikcə Bakıya yolumuz düşmüşdü. Ruslan bizi evinə şam yeməyinə qonaq çağırdı. Çox təkid etdi ki, yoldaşımla bərabər gəlim. Elə biz də ikimiz getdik. Gözəl süfrə arxasında bol-bol söhbətlər, zarafatlar etdik. Ruslanın xanımına qarşı dəyişdiyini görməmək mümkün deyildi. Xanımı ilə gülərüzlü, mehriban rəftarı məni də, yoldaşımı da öz təsirinə almışdı. Maraqlıdır ki, biz kişilər xanımla gizlində nə qədər mehriban olsaq da, bir başqasının yanında bunu biruzə verməmək üçün əlimizdən gələni edir, sərt-acıqlı sima alır, kobud sözlər istifadə etməyə meyilli oluruq. Səbəbi də budur ki, cəmiyyətimizdə kişinin öz xanımına hörmət etməsi, mehribanlıq göstərməsi qəbahət sayılır, qınanılıb, məsxərə edilir. Amma Ruslan hətta bizim yanımızda da xanımıyla son dərəcə mülayim rəftar edir, xoş sözlər və sevgi dolu baxışlarla danışırdı. Xanımı da Ruslandan ağız dolusu təriflərlə danışır, tamamilə dəyişildiyini tez-tez dilə gətirirdi.
Yeməkdən sonra qadınlar mətbəxə keçdikdə fürsət tapıb Ruslandan bu məsələni necə çözdüyünü soruşdum. Cavabı məni də çox sirkələdi, beynimdə yeni bir baxış bucağı yaratdı.
– Qardaşım, yadındadır, sənə bu haqda narahat olduğumu, dualar etdiyimi, çözüm axtardığımı demişdim. Bu günədək nə qədər mənəvi problemlərin, qaranlıq qalan sualların həllini şiddətlə istəmişəmsə, çözümünü tapmışam. İnsan öz beynini, qulağını, gözlərini öyrənməyə açıq tutarsa, mütləq müsbət cavablar alacaqdır. Çox vaxt da bu cavabları almaq üçün beynimizi suallarla məşğul etməliyik. Xüsusən də vicdanın verdiyi pıçıltılı suallar… O suallar ki, çox zaman nəfsani istəklərin hay-küyündən eşidilmir. Bax, həmin suallardan biri dəyişməyimə səbəb oldu. O sual bu idi:
“Həyat yoldaşının Cənnət əhli olduğunu bilsən, etdiyin təhqirlərə, məsxərələrə, aşağılayıcı və qəlb qıran sözlərə yenə də davam edəcəksənmi ?”
Halbuki Cənnətin anaların ayağı altında olduğunu hər kəs bilir, amma təkcə bizim anamızın deyil, həm də övladlarımızın anasının ayağı altında olduğunu isə hamı bilmir…
Eldar İlqaoglu
Lənkəran, Boladi