Dağ Yəhudi İcmasının nümayəndəsi Rolan Yusupov: Salam, hörmətli cənab Prezident. Mən Dağ Yəhudi İcmasının nümayəndəsiyəm və hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kursunun tələbəsiyəm. Mən Sizi gördüyüm üçün çox xoşbəxtəm. Dörd gün əvvəl biz İcma ilə birlikdə Qubada yerləşən dünyanın ilk Dağ Yəhudi Muzeyini ziyarət etdik. Bu, mənim üçün çox möhtəşəmdir. Mən onunla fəxr edirəm. Çünki Azərbaycan bu muzeyə malik olan ilk və yeganə ölkədir. Bu da Azərbaycanın tolerantlığını və multikulturalizmini bir daha vurğulayır. Mən qeyd etmək istərdim ki, bir çox xarici ölkələrdə yaşayan yəhudilər ksenofobiya və rasizmə məruz qalırlar. Onun nümayişi Ermənistan ölkəsidir. Bağışlayın, bir az həyəcanlıyam. Ermənistan monoetnik ölkədir və antisemitizmin ən yüksək səviyyəsi məhz oradadır. Mənim sualım ondan ibarətdir ki, cənab Prezident, bu tolerantlığı və sərvətimizi qorumaq üçün nə etməliyik, bizim gənclərimiz nə etməlidir?
Prezident İlham Əliyev: Sağ ol. Bəli, dediyin kimi, Ermənistan monoetnik dövlətdir və Ermənistan adlandırılan indiki ərazi heç vaxt monoərazi olmayıb. Çünki orada yaşamış, əzəli torpağında olan azərbaycanlılar tədricən oradan qovuldu və digər millətlər də qovuldu. Mənə verilən məlumata görə, Ermənistanda hansısa qondarma, yalançı bir yəhudi icması da yaradıblar, amma onun rəhbəri ermənidir. İndi təsəvvür edin, Ermənistanda bu ksenofobiya, antisemitizm və irqçilik nə dərəcədə geniş vüsət alıb. Ermənistan adlandırılan ərazidə azərbaycanlılarla yanaşı, digər xalqlar da yaşayıb və onlar tədricən oradan qovulub və təbii ki, ən böyük ədalətsizlik xalqımıza qarşı edilib. Çünki azərbaycanlılar öz doğma torpaqlarından bir neçə mərhələ ilə qovulmuşdur. Əlbəttə, biz 1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı – qədim Azərbaycan şəhərini Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Göstərilən səbəblər də, necə deyərlər, keçərsizdir, yəni, onları səbəb kimi adlandırmaq olmaz və bu cinayəti heç vaxt bağışlamaq və əsaslandırmaq olmaz. Halbuki, o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar. 1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Bu da böyük ədalətsizlik idi. Onu da deməliyəm ki, o vaxt Zəngəzuru bizdən alanda indiki Ermənistan ərazisində yerləşən Zəngəzur indiki sərhədlərdə olmayıb, daha az ərazini əhatə edib. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər. Bu proses ancaq 1969-cu ildə dayandı. 1969-cu ilə qədər bu proses gedirdi. Heydər Əliyev Azərbaycanda rəhbərlik etməyə başlayanda artıq bir qarış torpaq da Ermənistana verilmədi. Ondan sonra, 1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Onlar, dağ yerlərində yaşamağa öyrəşmiş insanlar Aran zonasına köçürüldü, özü də o vaxt orada heç kim yaşamırdı – nə su var idi, nə yaşamaq üçün şərait var idi – bir çoxları da orada həlak oldular. Bunun da bəhanəsi o idi ki, guya xaricdə, Avropada yaşayan ermənilər qayıdacaq. Amma birincisi, onların bir çoxu heç qayıtmadı, ikincisi, əsas məqsəd yenə də azərbaycanlıları öz doğma torpaqlarından didərgin salmaq idi.
Nəhayət, axırıncı etnik təmizləmə artıq 1980-ci illərin sonlarında baş verdi və Ermənistan ərazisindən azərbaycanlılar tamamilə çıxarıldı, ondan sonra da Qarabağ münaqişəsi baş verdi. Yəni, bu, xalqımıza qarşı sovet hakimiyyəti tərəfindən törədilmiş cinayətdir və ədalətsizlikdir. O xalqa ki, İkinci Dünya müharibəsində həlledici rol oynayıb. Əgər bizim neftimiz olmasaydı, faşist Almaniyası Sovet İttifaqını məğlub edəcəkdi. Bunu hər kəs bilməlidir. Azərbaycan nefti faktiki olaraq sovet ordusunun İkinci Dünya müharibəsindəki qələbəsini böyük dərəcədə şərtləndirdi. Ancaq bizə qarşı müharibədən üç–dörd il sonra belə ədalətsizliyin edilməsi nə dərəcədə əsaslı idi. Bu, vicdansızlıq idi, xalqımıza qarşı cinayət idi. Ondan sonra erməni separatçıları baş qaldıranda onu elə yerində də dayandırmaq olardı. İstəmədilər, əksinə, separatizm meyillərinə rəvac verdilər və öz ölkələrini də məhv etdilər. Sovet İttifaqının dağılması ermənilərin separatizmindən başlamışdır. Yəni, bu, real tarixdir. Biz heç vaxt bunu unutmamalıyıq və bilməliyik.
Bizə gəldikdə isə Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm. Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib. İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar. Əminəm ki, bu, belə olacaq.