Zəngin mənəvi dəyərlərimizi, adət-ənənələrimizi torpağı oyadan, ruhumuzu coşduran, qəlblərdə həyat eşqi yaradan Novruzun kökü min illərin tarixinə söykənir. Sələflərimiz şad-xürrəmli, bol-bərəkətli Novruzu qeyd etdiyi kimi bu gün də xalqımız illərin sınağından çıxmış adətləri yaşadırlar. Qədim mənəvi köklərə, qaynaqlara söykənən Novruz güneyli-quzeyli azərbaycanlıların özəl bayramıdır. Bu bayramın cənub bölgəsində məxsusi özəllikləri də vardır. Yaxşı yadımdadır, həyatı dərk etdiyim, çox sevildiyim uşaqlıq illərində övladlarını canından artıq sevən rəhmətlik anam çərşənbə günü əlindəki nazik çubuqla bizi yataqda döyəcləyir, üstümüzə quyudan çəkilmiş çərşənbə suyunu səpərdi. Bayram günü isə əl ilə tikdiyi qırmızı donu, təzə corabı bizə geydirərdi. Ruhu şad olmuşun xatirəsi daim mənimlə olduğundan hər çərşənbə, novruzda istər-istəməz kövrəlirəm. Onun bişirdiyi təamların xüsusən 25sm hündürlükdə olan səbzi qoz küküsünün ləzzətli dadı damağımdadır. Düzü, böyüklərin olmadığı yerdə bu gün süfrəyə düzülmüş yeməklərin də dadı hiss olunmur.
Adətə görə süfrədə s hərfi ilə başlanan yeddi təam olmalıdı. Xatırladım ki, bu da bölgəmizə məxsus adətdir. Simuzər, su, sirkə(çeşmə hazırlanır), sikkə-pul vahidi, sarımsaq, səbzi, səməni ilə bəzədilmiş süfrə necə də təmtəraqlı görünərdi.
Dilimizi, folklorumuzu yaşadan novruz küsülüləri barışdıran, kin-küdurəti, qışı qovan, ruzili-bərəkətli, çal-çağırlı, yaşıl səmənili, rəngbərəng yumurtalı, şəkərbura-paxlavalı, çeşid-çeşid şirniyyatlı, od-alovla günəşi səsləyən xonçalı novruz artıq qapımızın astanasındadır.
Dörd–od, su, yel, torpaq çərşəmbəli novruz sadəcə bayram deyil, xalqın mənəvi dəyərləri-bərabərliyi, səadəti özündə əks etdirən, insanların həyata baxışını dəyişən, təbiəti canlandıran, məhsuldarlığın təməlini qoyan, gecə ilə gündüzün bərabərləşdiyi gündür. Tonqalların qalanması, səməni göyərtməsi, ev-eşiyin təmizlənməsi, xalı-xalçaların yuyulması, qulaqasma, papaqatma, dünyasını dəyişən əzizlərin yad edilməsi, məzarlıqda onların ruhuna şam yandırılması kimi əski inancların və sairə adətlərin bu gün də həyata keçirilməsi keçmişdən ulularımızdan bizə çatan ərməğandır.
Novruz qabağı ömrünü mədəniyyətə sərf etmiş, bir çox ideyaların təşəbbüskarı “Əvəsor” folklor xalq kollektivinin, “nəcib qızlar” klubunun, “xalq teatrı” nın yaradıcısı və gərgin zəhməti ilə onları yaşadan “fəxri mədəniyyət işçisi”, “Tərəqqi” medallı, el ağbirçəyi Fərbiyyə Şabanova ilə görüşdük. Pozitiv enerjili həmsöhbətim yaşadığı həyatı gözündə canlandırmaq üçün bir qədər xəyala dalıb, dərindən köks ötürəndən sonra aram-aram söhbətə başladı:
On il rayon mədəniyyət şöbəsinin müdiri olmuşam. O dövrdə gördüyüm vacib işlərdən biri də kənd mədəniyyət evlərində rəqs qrupları yaratmaq idi. Onların fəaliyyəti çoxunun marağına səbəb olduğundan üzvlərin sayı günü-gündən artırdı. Amma çox sonralar bəzi rəqs qrupları diqqətsizlikdən dağılmağa başladı. 1985-ci ildə yaratdığım “Əvəsor”u ömrümün sonuna kimi yaşatmağa çalışıram. İnanıram ki, onun taleyi gələcəkdə etibarlı əllərdə olacaq.
2000-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Əvəsor” xalq kollektivi adını alanda sevincim-sevincə calandı. 1998-ci ildə Respublika sarayında Prezidentin andiçmə mərasimindən sonra Ulu Öndər Heydər Əliyev çıxış edənləri dəyərləndirərək bizə də xeyir-duasını verdi.
“Əvəsor” talış toponiminə əsasən yeni il – nüəsor deməkdir. Xalqın qədim adətlərini, əkin nəğmələrini, biçin-xırmanı, xınayaxdı toy mərasimlərini əks etdirən, rəmzi yaşıl geyimli qızların-kollektivin sorağı İrandan, Türkiyədən, Dağıstandan, Rumuniyadan, respublikanın mötəbər tədbirlərindən eşidilir. Bu kollektivdə çıxış edən qızlar yaşa dolduqca gəlin köçürlər, onları isə ikinci qrupda hazırladığım qızlar əvəz edir. Beləcə estafet yaşadılır.
Kakalos kəndində Heydər Əliyev parkının (bağda bəzək və meyvə ağaclarının yaşıllaşması və çiçəklənən dövründə bağ necə də zövq oxşayır) ictimai əsaslarla müdiri, Mədəniyyət veteranı Fərbiyyə xanımla etdiyim maraqlı söhbətdən sonra uşaqlıq yaddaşımda həkk olunmuş “Əvəsor oməd, xoş oməd” nurşidini xatırladım və Əvəsoru bizə yaşadan milli geyimli, şən melodiyalı xalq kollektivinə qarşı qəlbimdən alqış qopdu.
Qarşıdan gələn xonçalı novruz münasibətilə el-obamı təbrik edir, süfrələrimiz ruzili-bərəkətli, günümüz firavanlı olsun diləyi ilə.
Gülnar Əsədli
Jurnalist publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü