Həyatın mənası şox və az yaşamaqdan ibarət deyil. Onun əsas məqsədi həyatda öz yerini tutmaq, müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.
Heydər Əliyev
Azərbaycanın oftomoloqu dünya səviyyəsində novator alim kimi tarixə düşmüş Zərifə xanım Əliyeva müqəddəs həkim, şətərfli alim adını özünün daxili məziyyətləri ilə tamamlamışdır. Azərbaycanın bu dəyərli xanımının nurlu baxışı təbəssümlü gözlərini seyr edərkən “Göz ürəyin aynasıdır” deyimi yada düşür.
Deyirlər elmli zəkalı insanlar Allahın lütfündən ən dövlətli mal-mülk sahibidirlər. Onlar zəkası ilə bu və ya digər sahədə xariqələr yaratmaqla qəlblərdə məhəbbət oyadır və nüfuzlu şəxsiyyət kimi tarixdə iz qoyurlar.
Zərifə xanım Əliyeva mürrəkəb elm yolunda yeniliklər yaratmaqla mənalı ömür yaşayıb. Elm və müqəddəs peşəsi ilə məşğul olmuş, ev-ailə qayğısı çəkmiş Zərifə xanım eyni zamanda xeyirxah bir insan vəfalı etibarlı dost kimi yaddaşlarda yaşayır. Bu dahi xanımın ziyalılığından onun fədakar elm xadimi kimi fəaliyyətindən etibarlı səmimi dost olmağından mənə söhbət açmış Böyükxanım Əliyeva dünyasını çoxdan dəyişib. Amma bir zamanlar söylədikləri yaddaşıma həkk olunub.
Ərçivanda həkim peşəsi ilə el anası kimi hörmət məhəbbət qazanmış Böyükxanım Əliyeva ilə tələbəlik illərində ara-sıra görüşüb söhbətləşərdik. Ailəmizin həkimi kimi evimizə də gəlib gedirdi. Zəhmətkeş, balaları üçün özünü oda-közə atan anamın xətrini çox istəyər onun fədakarlığına dəyər verərdi. Rəhmətlik anamın təhsili olmayıb, amma düşüncələri işıqlı idi. On uşaq böyüdüb, onların təlim-tərbiyyəsi ilə maraqlanmaq məhəbbət, qayğı göstərmək asan iş deyil. Oxumağımıza ciddi yanaşar, tez-tez “dərslərinizi öyrənmisinizmi” deyib bizi oxumağa həvəsləndirərdi.
Bəli, dediyim kimi Böyükxanım həkimlə həm evimizdə həm də hardasa rastlaşanda söhbətimiz maraqlı keçərdi. Ondan məna düyumlu fikirlər əxz edərdim. Bir dəfə çalışdığı xəstəxanada (illər boyu Ərçivan sahə xəstəxanasının baş həkimi kimi fəaliyyət göstərib) diş həkiminin otağından çıxarkən kalidorda insanların imdadına çatan onlara ikinci həyat verən həkimlə qarşılaşdım. Salamlaşarkən məni otağına dəvət etdi. Anamla maraqlandı, sonra tələbə həyatımdan söhbət açdı. El anası ilə həmin gün söhbətimiz çox maraqlı alındı. Üstündən uzun illər keçsə də həmin günü indi ki kimi xatırlayıram.
“Qızım, qələminə az-çox bələd olmuşam. Hiss olunur ki, yaxşı jurnalist olacaqsan, amma bilməlisən ki, vəzifə, peşə, var-dövlət keçicidir. İnsanı tanıdan onu ucaldan mənəviyyatı – əxlaqı yüksək mədəniyyətidir. Deyim ki, dostlarım, yoldaşlarım çoxdur, amma insanlığın zirvəsində dayanan Zərifə xanımı tanıyandan özümü dünyanın bəxtəvəri sanmışam. Allah mənə övlad sevinci yaşatmayıb, kimlərsə xətrimə dəyib hətta halıma acıyanlarda olub. Zərifə xanım isə nəcib qəlbli insan, ürəyimin sirdaşı kimi heç bir zaman yanımda övladlarımdan söz açmayıb, onların adını belə çəkməyib.
Bir dəfə təntənəli bir məclisdə rəfiqəm yeniyetmə bir oğlanı mənimlə tanış edəndə “Bu kimdir”? deyə soruşdum. O bir qədər sıxılmış halda çəkinə-çəkinə “bu da ailəmizin bir üzvüdür” söyləyərkən inanın ki, sirdaşımın həssaslığından gözlərim yaşardı.
1982-ci ildə həkim briqadası ilə sovxozda kənd zəhmətkeşləri ilə səyyarı görüş keçirərkən dövlət başçısı Heydər Əliyevin Astaraya gəldiyini söylədilər. Çox çəkmədi ki, sovxoz düşərgəsinin önündə ölkə rəhbərinin maşını dayandı. Maşının içindən mənə sarı dikilmiş təbəssümlü, nurlu çöhrəni görərkən gözlərimə inanmadım, həyacanlandım. Yaxşı ki, Zərifə xanım həyacanımı duyub maşından düşüb mənə tərəf gəldi, qucaqlaşıb görüşdük. Görüşümüz təsərrüfat işçilərini də təsirləndirdi. Hətta dövlət başçısının da şirin bir zarafatı hər kəsi güldürdü.
Zərifə xanımla Bakıda, Moskovada, qurultaylarda bu və ya digər iclaslarda olmağımla fəxr edər, öyünərdim. Bu dahi insan heç bir zaman özünü respublikanın birinci xanımı kimi aparmaz, hər kəslə səmimi görüşüb söhbətləşərdi. Alicənab ailədən çıxmış Zərifə xanımın məziyyətləri ona sevgi, hörmət qazandırmışdı.
Fəxrlə deyə bilərəm ki, Sosialist Əməyi qəhrəmanı adını aldığım zaman məni ilk təbrik edən, sevincimə şərik olan sevimli rəfiqəm olub.
Böyükxanım Əliyeva söhbətini “qızım bu söylədiklərimi unutma ha, zaman gələcək yazılarında qələmə alacaqsan” deyib tamamlayarkən, sanki vida edirmiş kimi təsirləndi.
Aradan illər keçib, artıq həyatda jurnalist kimi müəyyən qədər yerimi tapmışam. Allaha şükürlər olsun, qələmimə dəyər verən insanlar da var, amma həmişə sadə təvazökar olmağı özümə amal bilmişəm.
Bu gün Böyükxanım həkim həyatda yoxdur, insanların qəlbində yaşayan həkim Ərçivanda Məhəmməd Hənifə məscidin həyətində torpağa tapşırılıb. Ruhu şad olsun.
Böyükxanım Əliyeva Abdulla qızı (18.06.1923- 22.10.1997) Bakının Əmircan qəsəbəsində dünyaya göz açıb. Azərbaycan Tibb Universitetini bitirəndən sonra təyinatla 1944-cü ildə Astaraya gəlib. Müharibənin bitmədiyi aclıq, səfalət tüğyan etdiyi məqamda həvəslə həkimlik fəaliyyətinə başlayıb. Şəhərli qız, o dövrdə nə daxmaların niskinliyindən nə də insanların acınacaqlı ruzigarından usanmadan onların dərdinə məlhəm olur, qayğıkeşlik göstərir və az müddət ərzində Ərçivanda sevilir və Xəlil adlı cavanla ailə həyatı quraraq talehini ömürlük bu torpağa bağlayır.
Onun gərgin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Sosialist Əməyi qəhrəmanı, Respublikanın Əməkdar Həkimi, SSRİ Ali Sovetinin (iki çağrışda) deputatı kimi Astaranın ictimai, siyasi, mədəni həyatında mühüm fəaliyyət göstərib. 1995-ci ildə rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə Böyükxanım həkimin anadan olmasının 70, fəaliyyətinin 50 illik yubileyi təntənəli şəkildə rayonda qeyd olunub.
Bu gün Ərçivanın, Astaranın fədakar həkimi Böyükxanım ananın ruhuna rəhmət oxuyuram ki, xoş halıma mənə Zərifə xanım kimi dahi şəxsiyyətin insanlığından, alicənablığından danışıb.
Bəli, həkim ömrünə bələd şəxs kimi deyə bilərəm ki, (rəhmətlik qardaşım kardioloq həkim kimi ad-san qazanıb) hər kəsə məlhəm, ən çətin anlarda həyatımıza gərək olan həkim ömrü yaddaşlarda yatan şirin nəğmə kimidir.
P.S Deyirlər insan necə yaşamağı yox, nə üçün yaşamağı qarşısına məqsəd qoymalıdır.
Gülnar Əsədli
Jurnalist publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü