
“Qolodomor Stalin rejimi tərəfindən düşünülmüş şəkildə təşkil edilmişdi. O, Ukrayna və dünya ictimaiyyəti tərəfindən dünyada qurbanlarının sayına görə ən böyük soyqırımlardan biri kimi pislənilməlidir”. Leonid Kuçma, sabiq Ukrayna Prezidenti.Ukrayna Prezidentin 1998 və 2007-ci il fərmanlarına əsasən, hər il noyabr ayının dördüncü şənbə günü ölkədə Holodomor qurbanlarının xatirəsi milli matəm kimi qeyd olunur. Çoxsaylı faktlar Qolodomor siyasətinin mahiyyəti və milyonlarla insanın ölümünə səbəb olan soyqırımı faciəsinin sadə insanlara nəyin bahasına başa gəldiyi barədə çox şey deyir. Yəqin ki, həmin faktlar əldə edilməsəydi, günümüzün prizmasından məsələyə yanaşaraq bu facənin köklərini və insanlara gətirdiyi bəlaları lazımınca anlamaq, ona düzgün qiymət vermək çətin olardı.Başda Stalin olmaqla onun əlaltıları tərəfindən ukraynalılara qarşı həyata keçirilən aclıqla məhv etmə siyasəti ( Qolodomor) hər gün on minlərlə insanın həyatına son qoyurdu. Bu çərçivədə soyqırım 1933cü ilin qış və yaz aylarında özünün ən yüksək həddinə çatdı. Bu zaman hər gün 25 min insan dünyasını dəyişirdi.
Soyqırım ukraynalıların bir xalq kimi bir neçə nəsillik inkişafını da dayandırdı. Amma demək olmazdı ki, insanlar bu ədalətsizliyə qarşı müqavimət göstərmirdilər. Bəzi yerlərdə onlar evdə oturub aclıqdan ölməyi gözləməkdənsə, cəza dəstələri ilə savaşda ölməyi üstün tuturdular. Bununla əlaqədar Moskvaya çoxlu sayda raportlar gedirdi. Məsələn,Tulçinski Rayon Partiya Komitəsi katibinin Vinitsk Vilayət Komitəsinin rəhbərinə 1932-ci ilin 9 mayında yazdığı raportlardan birində deyilir: “Tam məxfi: Nemirovda üsyan baş verdi. Ac kəndlilər “Sentrospirt”-ə (mərkəzi spirt zavoduna) hücum etdilər və onlara araq deyil, taxıl lazım olduğunu qışqıraraq hər şeyi dağıtdılar”.
Digər bir raport isə aclığın gətirdiyi dəhşətlərdən bəhs edir: “Ölüm hallarının sayı o qədər artmışdı ki, bir çox kənd sovetləri artıq hesablama aparmırdılar.” Xarkov Vilayət Şöbəsinin rəhbəri Katsnelsnonun USSR DSİ-nin rəhbərinə məktubundan, 5 iyun, 1933-cü il. Bu məsələ o qədər ciddi hal almışdı ki, Moskva Ukraynada həyata keçirdiyi soyqırmının dəhşətli nəticələrindən narahat olmağa başlamışdı. Bunu hiss edən Stalin 1932-ci il avqust ayının 11-də Lazar Kaqanoviçə ünvanladığı məktubunda yazırdı: “Ukraynadakı vəziyyəti düzəltməyə başlamasaq, biz Ukraynanı itirə bilərik.” Amma əslində Moskva soyqırmın qarşısnı almaq niyyətində deyildi. Onları, sadəcə olaraq, aclıqdan ölən əhalinin boş buraxdığı ərazilərin taleyi maraqlandırırdı.
Qolodomor faciəsi SSRİ dövründə Rusiyanın şüurlu siyasəti nəticəsində milyonlarla ukraynalını acından öldürməsi anlamına gəlir. SSRİ-nin ilk quruculuq illərindən 1947-ci illərə qədər – hardasa 26 il müxtəlif aralıqlarla həyata keçirilən süni qıtlıq siyasətilə ölkədə kolxozlaşmaya qarşı çıxan ukraynalıların əlindəki bütün ərzaq ehtiyatlarını alan sovet rejimi xalqı aclıqla imtahana çəkərək müqavimətini qırmağa çalışmışdı. Nəticədə milyonlarla ukraynalı aclıqdan qırılmışdı. Rusiya bu faktı indiyədək məxfi saxlamaq məqsədilə arxivləri bağlı tutduğundan Holodomor aclığı zamanı nə qədər insanın öldüyünü müəyyənləşdirmək mümkün deyil. Bəzi iddialara görə, 4 milyon, bəzi iddialara görə isə 8 milyon ukraynalı aclıq imtahanının qurbanı olub. Bu isə ölkənin 20-25 faizinin kütləvi şəkildə qətliamı deməkdir.
Sovet hakimiyyəti illərində ukraynalılar üç süni qıtlıq yaşayıblar: 1921-1923, 1932-1933 və 1946-1947-ci illər qıtlığı. Ən ağır qıtlıq isə 1932-1933-cü illərdə baş verib. Ölkədə hazırda Stalin rejiminin törətdiyi bu süni qıtlıq Ukrayna xalqının soyqırımı kimi də qəbul olunur və qurbanların xatirəsi yad edilər.
Qolodomor soyqırımı Ukrayna ziyalılarına və ruhanilərinə qarşı aparılan repressiya siyasətinin davamı idi və milli ənənələri məhv edib yeni sovet adamı yaratmaq siyasətinə qulluq edirdi. Rusiya bu qırğını 1922-1953-cü illərə qədər SSRİ-nin əzazil diktatoru olmuş İosif Stalinin ayağına yazmağa çalışsa da, hadisələrin Stalin hakimiyyəti illərindən əvvəl başladığı da sirr deyil. Bu mənada 1921-ci ildə həyata keçirilən və 3 il davam etdirilən süni qıtlıq siyasəti hansısa siyasi xadimin deyil, Sovet rus imperiyasının dövlət strategiyası idi. Başlıca məqsədlərdən biri də müstəqil yaşamaq istəyən Ukraynanı sındırmaq və digər respublikalara göz dağı verməkdi.
Qolodomor soyqırımının ən yüksək zirvəsi sayılan 1932-1933-cü il qırğınları Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin 18 Noyabr 1932-ci il tarixli “Taxıl tədarükünün gücləndirilməsi tədbirləri haqqında” qərarı ilə başlayıb. Qərarda taxıl yığımı planlarını yerinə yetirmədiklərinə görə cəza tədbirləri nəzərdə tutulurdu – təsərrüfatlar natural qaydada cərimələrlə cəzalandırılır, 15 aylıq ət normasına əl qoyulurdu. Sonradan qadağan edilmiş məhsullarının siyahısına kartof və yağ da əlavə olunmuşdu. İlin sonunda isə uzun müddət saxlanması mümkün digər məhsullarla siyahi genişləndirilmişdi. Bundan əlavə, həmin gün çıxan “Əksinqilabçı yuvaların ləğvi və kulak qruplarının məğlub edilməsi haqqında” Fərmanda “əksinqilabi cinayətlər” maddəsinə əsasən taxılın kəndlilərdən zorla alınmasına icazə verilirdi.
Bu fərmanların ardınca 26 noyabrda Ukrayna Ədalət Xalq Komissarlığı və Ukrayna SSR Baş Prokuroru tərəfindən onun həyata keçirilmə mexanizmi barədə sərəncam imzalanır və sərəncamda “repressiyaların taxıl satınalmalarına qarşı sinfi müqaviməti aradan qaldırılmasının ən güclü vasitələrindən biri olduğu” vurğulanır. Dolayısıyla, süni şəkildə yaradılmış aclıq bəlkə də tarixdə ilk dəfə düşünülmüş və etina ilə həyata keçirilmiş cəza növünə çevrilir.
Bu fərman və sərəncamlara istinad edən ruslar Ukrayna kəndlilərinin əlindəki bütün qida məhsullarını müsadirə edir və onlara dolanışıq üçün heç nə buraxmırdılar. Kəndlilərin öz azuqə ehtiyatlarını evlərində gizlətmək şansları da yox idi. İstənilən an müfəttişlərin evlərə basqın edib hər yeri axtarmaq hüququ vardı və azuqəsini gizlədənlər “kulak” adıyla ya güllələnilir, ya da Sibirə sürgün olunurdular.
Beləcə, illərlə qeyri-ərzaq məhsulları yeməklə ayaqda dayanmağa çalışan Ukrayna kəndliləri kütləvi şəkildə qırılırdılar. Sovet hakimiyyəti isə Ukraynadan topladığı taxılı xarici ölkələrə satırdı. Rəsmi statistikaya görə, SSRİ 1932-ci ildə 1.7 milyon, 1933-cü ildə isə 1.84 milyon ton taxıl ixrac etmişdi.
1932-ci ilin dekabrında Ukraynanın 82 bölgəsində qida ticarəti qadağan edilmiş, sənaye məhsullarının tədarükü belə dayandırılmışdı. 1933-cü ilin əvvəlində aclıqdan əziyyət çəkən əhalinin Ukraynadan çıxmasına da qadağa qoyulmuşdu. Ukrayna kəndlilərinin son xilas ümidləri də əllərindən alınmışdı. “Kolxozlaşmaq” istəməyən kəndlilər rəsmən acından ölümə məhkum olunmuşdular.

Əhalinin aclıqla məhvetmə siyasəti ilə eyni vaxtda ölkədə, belə demək mümkündüsə, “etibarsız” insanların “ovu”na da başlanılmışdı. Bu çərçivədə müxtəlif bəhanələrlə həbs edilənlərin sayı da sürətlə artmqda idi. Məsələn, 1932 ci ildə Ukraynada həbs edilənlərin ümumi sayı 1929-cu ildəkində n 2,5, 1933-cü ildə isə 4 dəfə artıq – rekord sayda – 124,5 min nəfər olmuşdu.
Ukraynada repressiya dalğasını göstərən rəqəmlərə nəzər salaq:
1929 – 29.9 min nəfər.
1930 – 33.4 min nəfər.
1931 – 51.9 min nəfər.
1932 – 74.8 min nəfər.
1933 – 124.5 min nəfər.
1934 – 30.3 min nəfər.
Qeyd edilən bütün faktlar sübut edir ki, sovetlərin Qolodomor aclıq siyasəti Ukrayna xalqının məhvinə yönələn və planlı şəkildə həyata keçirilən genosid olmuşdur. Yüz illər ötsə də, bu faciə tarixdə XX əsrdə Ukrayna xalqına qarşı aparılan dəhşətli qırğın kimi qalacaq.
Gülnar Əsədli
Jurnalist publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan Yazıçılar Birliyinin üzvü