
ŞAİR XİLQƏTİN 50 İLLİK YUBİLEYİNDƏ
Bu gün (13.03.2022) çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından biri olan qəzəlxan şair Xilqətin 50 illik yubileyində iştirak etdim. Tədbir şairin doğulub, boya-başa çatdığı və yaşadığı Lənkəran rayonunun Şağlaser kəndində, “HACI OĞLU” çayxanasında keçirildi. Tədbirə yubilyar tərəfindən dəvət olunmuşdum. 100 nəfərə qədər qonağın iştirak etdiyi tədbirdə şairlər, yazıçılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri, yubilyarın dost-tanışları, kənd ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak edirdi. Oktay Əsgərov (müəllim) və Rizvan Şıxızadənin (meyxanə ustası) aparıcısı olduqları tədbir saat 14.45 dəqiqədə başlayıb, 19.00-da başa çatdı. Tədbirdə çıxış üçün bir çox şəxsə, o cümlədən mənə də söz verildi.
Xilqətin yubiley tədbirində həmçinin onun yenicə işıq üzü görmüş iki kitabının – “QƏZƏLLƏR” və talış dilinə tərcümə etdiyi “AVESTƏ” kitablarının da təqdimatı keçirildi. Hər iki kitab Bakıda, “APOSTROF – A” nəşriyyatında çap olunmuşdur. 300 səhifəlik “QƏZƏLLƏR”
kitabında şairin müxtəlif vaxtlarda azərbaycan və talış dillərində yazdığı qəzəllər dərc olunmuşdur. Məlum olduğu kimi “AVESTA” zərdüştilik (atəşpərəstlik) dininin kitabıdır. “AVESTA” talış dilində “AVESTƏ” adlanır. Şair doktor Cəlil Dustxahinin fars dilinə və şair Xanlar Həmidin (Lerik rayonu, Çayrud kəndi) isə azərbaycan dilinə tərcümə etdikləri “AVESTA” kitabını (müəyyən qatlarını, hissəsini) talış dilinə tərcümə etmişdir. 190 səhifəlik “AVESTƏ” kitabının elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Kazım Əzimovdur.

Qeyd edək ki, XİLQƏT təxəllüsü ilə yazıb-yaradan şair-qəzəlxan Mirtağı Qafar oğlu Talıbov 1972-ci il fevralın 8-də anadan olub, iki dildə – azərbaycan və talış dillərində yazıb-yaradır.
Hörmətli şairimiz Xilqəti bir daha təbrik edir, ona can sağlığı, uzun ömür, şəxsi həyatında və ədəbi-bədii yaradıcılığında uğurlar arzulayıram!
İldırım Şükürzadə
Lənkəran rayonunun Havzava kənd tam orta
məktəbinin müəllimi, tədqiqatçı-tarixçi