Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçİr…
Mən Akif Dənzizadə nənə-babadan eşitdiyim və oxuduğum kitablardan belə nəticəyə gəldim ki, Novruz (Nuə ruj – yeni gün) bəşər övladının öz yaranışına olan şükranlıq bayramıdır. Allah əvvəlcə nəbatatı, sonra heyvanatı, daha sonra insanı yaratmağı iradə etdi. Allah məlaikələrin gətirdiyi torpaq və suyun qarışmasından əmələ gələn palçıqdan cansız cism yaratdı. Sonra günəş vasitəsiylə onu bərkitdi, daha sonra küləklə ona ruh verdi. Beləliklə Allah Yer üzünün əşrəfi sayılan İnsanı yaratdı. Bütün bunlar gündüzlə gecənin bərabər olduğu vaxtda, “Yeni gündə”, “Nuə ruj”, yəni Novruz vaxtı baş berdi. Buna görə də torpaq, su, od və yel çərşənbələri yarandı. Yəni həmin gündən torpağın, suyun da qulaqları şəkləndi ki, görəsən Allah torpaq və suyu neynəyir? Bax o səbəbdən Novruz bayramında bulaq başına gedib onunla danışırıq.

Novruz bayramının mənşəyi çox qədimdir. Lakin, İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Həmin xalqlar da Ərəb xilafətinin bu qadağalarına etiraz elədilər. İmam Əlinin taxta çıxdığı vaxtdan isə Ərəb xilafəti bu xalqlara Novruz bayraminı qeyd etməyə rəsmi icazə verdi.
Sovetlər quruluşunun vaxtında isə bu bayram dini bayramlar siyahısına daxil edildiyindən qadağan edilmişdi. Lakin sovet rəhbəri Nikita Xuruşşovun Hindistanda səfəri zamanı Cəvahirlər Nehrunun novruz barədəki sualına cavabı olaraq yenidən bu bayram qeyd edilməyə başlanıldı.

Azərbaycanda isə 1967-ci ildə ilk Novruz şənliyinin keçirilməsində – Mircəfər Bağırovla mübarizə apardığına görə dəhşətli işgəncələrə… əziyyətə… təhqirə… və min əzaba qatlaşan lerikli ziyalı Ağa Quliyevin (1908-1995, Kələxan) xüsusi xidməti olub.

Çayrudda da Novruz bayramı həmişə yüksək təntənə ilə qeyd olunub. Hətta sovet vaxtı bayramın qadağan edildiyi dövrdə də bu bayram qeyd edilirdi.
Bir ay əvvəldən başlayaraq həmkəndlilərimiz hazırlaşırdılar, bayram xonçası üçün tədarüklər görürdülər.
Əsas etibarı ilə çərşənbə axşamına (Kulə şəv) hazırlaşırdılar. Belə ki, bütün qış boyu heyvanlara tökülən yemdən qalan artıqlar (kıləş) bir yerə toplanıraq 7 tonqal yandırılırdı. Məhz adını “kıləş” sözündən götürən həmin Kulə şəv (ilaxır çərşənbə) bayramı keçirilir. Sanki bir hesabat gecəsini xatırladırdı. Yəni bəşər övladı həm keçən ilə yekun vurur, həm də yeni il üçün planlarını qururdu.
Novruz bayramında küsülülərin barışmağı, hər evdə bayram xonçasının bəzədilməsi, hər evdə isti qazanın asılması bir dəb halını almışdı.
Milli dəyərlərə uyğun olaraq insanlar qürurunu sındırmamaq üçün heç kimə ağız açmırdılar. Məhz bu səbəbdən çərşənbədə insanlar qəbirüstə gedirdilər. Xüsusən kasıb olan ailələrin ölülərinin qəbri üstünə evdən gətirdiyi xonçaları qoyurdular. Az müddət sonra həmin adamlar da gedib xonçaları götürərək evlərində novruz xonçala-rını bəzəyirdilər.
Novruzda insanlar ilk rastlaşdığı ağacın çiçəyini qoxlayaraq şükr edir ki, bu Novruzu da gördüm.
1940-cı illərdə Novruz bayramında Çayrudda canlanma hər evdə hiss olunurdu. Belə ki, kəndimizin mərkəzində anbarın qabağında 4 ədəd ocaq qalanırdı. Üstünə də qorğa qovurmaq üçün sac qoyulurdu. Gülsənəm, Mərziyə, Ğızıl və Bənuşə ocaq başın-da sacda qovurduğu qorğa (talışca qamışdə) böyük ləzzətlə yeyilirdi.
Əskər ailələri üçün isə xüsusi sovqat hazırlanırdı. Belə ki, əskər ailələrinə içəri-sində 1 ədəd yumurta, Vizəzəmindən gətirilmiş 5 dəst qoz (50 ədəd) və 1 ovuc qorğadan ibarət sovqat payı həmin dövrdə Çayrudda kolxoz sədri olan Hacı Abdullayevin ən nəcib işlərindən idi.

1970 və 1980-ci illərdə isə xatırlayıram ki, cavanlar 1 ay əvvəldən başlayaraq Çayrudu əhatə edən dağların başında Novruzun ən əlamətdar atributu olan OCAQ qalamaq üçün evlərdən ağac, taxta, rezin təkrlər və s. daşımaqla dağların başına qaldırırdılar. Hətta çoxlu qar olması da gənclərin bu həvəsinin qarşısını ala bilmirdi.

Bununla paralel Çayrudun mərkəzində olan parkda qayış-qayış, səndəli, pıl-pılone, məkkuli, qurşaqtutma, kos-kosa və s. oyunlarla bərabər at yarışları da keçirilirdi.
Məktəbdə disput (şeir), fizika, riyaziyat gecələri və elm yarışları təşkil olunurdu. Axşamlar isə məhəllənin adamları bir evə yığışaraq halay deməklə, nəğmələr oxumaqla yanaşı yadda qalan oyunlar da keçirirdilər.
Kənd sakinləri üçün klubda “Bahar bayramı“ adlı xüsusi konsert təşkil olunurdu. Həmin konsertə qonşu kəndlərin sakinləri də dəvət olunurdu. Sonra həmin adamlar, burda gördükləri mədəni hadisələri öz kəndlərində də tətbiq edirdilər.
Kənddə təşkil olunan yumurta və xoruz döyüşləriylə isə mərc oyunları keçirilirdi.
Ümumiyyətlə Novruz bayramı daha çox xeyirxahlıq hadisələri ilə yadda qalır. İnsanlar daha çox var dövlətini ətrafa paylamaqla ucalmağını hiss edirlər.
NƏVUZƏ İDON MÜNBARƏK!
Hörmətlə, Akif Dənzizadə