Bu gün ədəbiyyat aləminə təravətli addımlar atan, lakin sözündə qədim ruhun, dərin duyğuların izini daşıyan gənc bir şairin – Hüseyn Tolışın 18 yaşı tamam olur. O, dünyaya səssiz gəlsə də, sözü ilə gur nitqlər kimi könüllərə yol tapmağı bacaran bir istedaddır.
Hüseyn həm Azərbaycan, həm də Talış dilində yazdığı şeirləri ilə sadəcə poeziya yaratmır, o, dillər arasında görünməz körpülər salır. Onun sözündə sadəliyin ahəngi, xalq ruhunun dərinliyi, gənc ömrünün təmizliyi var. Bu sözün cazibəsi onu oxucusuna sevdirmək, yazdıqlarını da gələcəyin ədəbi yaddaşına çevirmək gücü verir.
Artıq bir kitabı da var “Tıni bə çəşim”. Bu kitab sərf olunmuş gecələrin, qəlb yanğısının, ən azından bir ruhun şair kimi oyandığının səssiz isbatıdır. Bu kitabın işıq üzü görməsi yollarından biri olmaq, onu ilk addımlarında dəstəkləmək mənəviyyətdən qaynaqlanan bir borc idi bizim üçün.
Hazırda Hüseyn universitetin birinci kurs tələbəsidir. Gənc yaşında həm tələbəlik, həm də yaradıcılıq yolunu birgə addımlamaq onun əzmini və potensialını göstərir.
Bu gün, 18 yaşın astanasında Hüseyn Tolışı sevgi, qürur və ümidlə bağrımıza basırıq. O, bu xalqın səsidir, bu torpağın ruhudur. “Və inanırıq ki, illər keçsə də, onun sözü göyə qalxan dualar kimi, xalqın ən dərin və ən təmiz köklərinə çatacaq.”
Təbrik edirik, gənc şair Hüseyn,
Sözündə bahardır, ruhunda çiçək.
İşıqlı yolların, yazar taleyin,
Səni ucaltsın, ulduzlar tək-tək.
Ad günün mübarək olsun, Hüseyn!
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru