Bəzən bir ömrü kağızda oxumaq mümkündür. Hər sözdə, hər sətirdə yaşayan bir qəlb olur, bir qadının dünyası, bir insanın taleyi görünür. Mərifə xanım Əzizqızının “Saf dünyamın sətirləri” adlı kitabı da məhz belə bir iç dünyanı, belə bir yaşanmışlığı daşıyır. Bu kitabı redaktə edərkən sətirlər arasında gəzişdim, illərin sorağını, dərin duyğuların izlərini, səssiz çağırışları hiss etdim. Elə bildim, Mərifə xanım bu sətirlərlə həm özüylə danışır, həm də illərdən keçib gələn biz oxucularla.

Mərifə xanımın 65 yaşı tamam olur bu il. Amma bu rəqəm nə yorğunluqdan, nə də durğunluqdan xəbər verir. Əksinə, o, həyatın içində, sözün içində, duyğunun safında dayanan bir qadındır. Uzun illər folklor evinə rəhbərlik etmiş, indi isə Hamoşam kənd klubunun müdiridir. O, səhnələrin arxasından səsin, sazın, söhbətin qədrini bilən, mədəniyyətin təməlində dayanan insanlardandır.

Əslində, bu kitab bir yubiley hədiyyəsi kimi təqdim olunmur. Daha çox bir sirrin iç açılışıdır, bir ömrün öz içindən səslənməsidir. Mərifə xanımın həyatı sükutla qurulmuş bir ev kimidir – içi işıqlı, təmkinli, dərin və təmiz. Və bu kitab – onun ilk sevincidir, ilk könül körpüsüdür. Bu şeirlərdə bir qadının heç dilə gətirmədiyi arzuları, qəlbinə sığışmayan sevgi çağırışları, ayrılıq sızıltıları və elə məğrur bir sədaqət var ki, adam oxuduqca həm sevinir, həm kövrəlir.

“Gəl düzü düz görək, ayrını ayrı” – deyir müəllif bir şeirində.
Və doğrudan da, bu kitabda düzün və doğrunun yanında dayana bilmək cəsarəti var. “Əbədi yanında qalardım sənin”, “Ana laylası”, “Şəhid balam a laylay”, “Talış dilim” – bu kimi başlıqlar bir ömrün həm coğrafiyasını, həm də ruh xəritəsini cızır. Onun dünyası kəndindən, çinar kölgəsindən, dağ çayının səsini dinləməkdən başlayır. Ordan isə keçir şəhid məzarlarına, oradan anaların səsinə, sonra Talış dağlarının dilinə, öz yaddaşının ən dərin qatlarına.

“Saf dünyamın sətirləri” – bu sadəcə bir kitab adı deyil. Bu, müəllifin öz içinə dediyi bir söz kimidir. Sanki deyir: “Baxın, bu mənim dünyamdır. Səssiz, sədaqətli, təmkinli, amma saf. Hisslərimdən, xəyallarımdan, yaşanmış sevgilərimdən hörülmüş bir aləmdir bu.”

Mayın 17-də “Ceyran Palace”da bu kitabın təqdimatı keçirildi. Zamanın sakit, amma dolğun axarında bir sətir daha yazılacaq. Mərifə xanımın ömründən, könlündən süzülüb gələn bu kitab, oxucusuna özü ilə aparacaq – kənd yollarına, analı laylalara, şəhid sükutlarına, talış nəfəsinə, ruhun çırpıntılarına.

Biz, “Dodo” qəzetinin kollektivi olaraq, bu kitabın nəşrində iştirak etdiyimiz üçün qürurluyuq. Redaktoru və naşiri olmaq mənim üçün sadəcə bir peşə işi deyil, həm də vicdani bir təşəkkür idi – duyğulara, sözə, sədaqətə verilən qiymətin əksi olaraq.

İnsan nəyi yazırsa, onu yaşayır. Mərifə xanım yazdı – özü kimi. Saf, sakit, amma dərin.

İradə Məlikova,

“Dodo” qəzetinin baş redaktoru