“Bıjio çəmə ğıyrətmandə FOLKLOR kollektivon!”
Mayın 21-də Bakının mədəni həyatında unudulmaz bir gün yaşandı. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı bu dəfə Azərbaycan multikulturalizminin canlı örnəyi olan Talış folklorunun möhtəşəm bayramına ev sahibliyi etdi. Folklor tədqiqatçısı, Fəxri Mədəniyyət işçisi, Tərəqqi medallı Fərbiyə Şabanovanın 85 illik yubileyi və onun yaradıcısı olduğu “Əvəsor” folklor kollektivinin 60 illiyi münasibətilə təşkil olunan bu tədbir həm ruhu, həm məzmunu ilə çox yüksək səviyyədə keçirildi.
34 ildən sonra – tarix təkrar yazıldı
1991-ci ildə Gənc Tamaşaçılar Teatrında keçirilmiş Talış folkloru konsertindən düz 34 il sonra, yenə paytaxtda – bu dəfə Dövlət Mahnı Teatrında Astara, Lənkəran, Lerik və Masallı rayonlarının folklor kollektivləri bir araya gələrək “Talış folklor məclisi”ni reallaşdırdılar. Bu, Talış folklor tarixində ilk dəfə bu qədər geniş miqyasda keçirilən tədbir idi. Hər bölgənin folklor qruplarının – “Əvəsor”, “Hovəli”, “Nənələr”, “Babalar”, “Rəfte” və “Halay” kollektivlərinin ifaları tamaşaçılar üçün əsl bayrama çevrildi.
Ziyalıların səsi, xalqın yaddaşı
Tədbirin rəsmi hissəsi Azərbaycanın Dövlət Himni ilə başladı. Ardınca Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək ölkəmizdə multikultural dəyərlərə verilən önəmdən danışdı:
“Talış folkloru Azərbaycanın ədəbi-mədəni irsinin ayrılmaz hissəsidir. Bu irsi qorumaq bizim multikultural siyasətimizin əsas istiqamətlərindən biridir.”
Milli Məclisin deputatları Azər Badamov, Mixail Zabelin, Anar İsgəndərov, Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və tanınmış alimlər – professor İmamverdi Həmidov və hüquq müdafiəçisi, fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədov tədbirdə çıxış edərək folklorun yalnız bədii irs deyil, eyni zamanda kollektiv kimliyin və mənəvi yaddaşın təcəssümü olduğunu vurğuladılar.
Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların icma rəhbərləri də iştirak edirdi. O cümlədən “Samur” qəzetinin baş redaktoru, tanınmış yazar-jurnalist Sədaqət Kərimova da tədbirin qonaqları arasında yer alırdı.
“Dodo” qəzetinin baş redaktoru İradə Məlikova da tədbirdə çıxış edərək belə tədbirlərin milli-mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynadığını bildirdi. O, tədbirə dəvət aldığı üçün uzun illərdir Talış mədəniyyətinin təbliği və qorunması ilə məşğul olan Hilal Məmmədova xüsusi təşəkkürünü çatdırdı.
Könül Rəsulinin aparıcılığı və səhnə şöhrəti
Tədbirin aparıcısı Könül Rəsuli idi. Onun yüksək səviyyəli təqdimatı, folklor kollektivlərini məharətlə təqdim etməsi, səhnə mədəniyyətinə verdiyi önəm tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Gecə boyunca tamaşaçılar təkcə folklor musiqilərinə deyil, həm də qədim Talış adət-ənənələrinin səhnələşdirilmiş təqdimatlarına da şahidlik etdilər. Tədbirin sonunda Fərbiyə Şabanova özü səhnəyə çıxaraq bütün təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi.
Astara mərhələsi – yubileyin ilk addımı
Bundan öncə – Astara rayon Mədəniyyət Mərkəzində, “Əvəsor” folklor kollektivinin fəaliyyət göstərdiyi Kakalos kəndində də yubiley tədbiri keçirilmişdi. Burada rayon rəhbərliyi, mədəniyyət idarələrinin nümayəndələri və elmi dairələr yubilyarı təbrik etmiş, kollektivin zəngin fəaliyyəti haqqında danışmış, sərgi və şeirlər təqdim olunmuşdu.
Tədbirin arxasındakı əməyin dəyəri
Bu möhtəşəm gecənin reallaşması təsadüf deyildi. Bakı Multikulturalizm Mərkəzinin nəzdində fəaliyyət göstərən Talış icmasının təmsilçiləri – professor İmamverdi Həmidov, Könül Rəsuli və Ruslan Kərimi və digər fəallar 5-6 ay boyunca bu tədbirin təşkili üçün çalışmış, bir çox maneələri aşaraq belə tarixi gecəyə imza atmışdılar. R.Behbudov teatrının rəhbərliyi, xüsusilə direktor müavini Kamran müəllimin dəstəyi də bu işin uğurla tamamlanmasında mühüm rol oynayıb.
Ümidlə gələcəyə
Bu gün Talış folkloruna verilən dəyər, onu qoruyanların zəhməti və dövlətin multikultural dəyərlərə önəm verməsi, gələcəkdə bu ənənənin davamlı olacağına böyük ümid yaradır. Bu tədbir bir daha göstərdi ki, Azərbaycanın zəngin etnik-mədəni mozaikası xalqımızın gücünü və birliyini artırır.
Bu möhtəşəm gecənin video və şəkillərinin yaxın günlərdə paylaşılması gözlənilir. Bizi izləyin və Talış folklorunun sehrinə siz də qapılın!
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru