2025-ci il may ayının 25-də Astara rayonunun Xıçaso kənd ibtidai məktəbi üçün xüsusi əhəmiyyət daşıyan bir sosial layihə həyata keçirildi. “Orces” Ortopedik Protez Mərkəzinin təşəbbüsü ilə reallaşan bu layihənin əsas məqsədi kənd məktəbində təhsil alan uşaqların mütaliəyə marağını artırmaq, onların yaradıcılıq və təfəkkür bacarıqlarını inkişaf etdirmək, eyni zamanda təhsilə olan sevgilərini gücləndirmək idi.

Layihə çərçivəsində məktəbdə “Kitabxana və Oxu Köşəsi” yaradıldı. Uşaqlara yüzlərlə nağıl və maarifləndirici kitab hədiyyə olundu. Kitablar “Novella” kitab evinin nümayəndələri Xanım və Səbinə xanım tərəfindən təqdim edildi. Bundan başqa, rəngləmə albomları, karandaşlar, flomasterlər və qələmlər də “Vineyard” icmasının dəstəyi ilə gətirildi. Məktəbin həyətində uşaqlar üçün şarlar və toplarla əyləncə saatı təşkil olundu, bu da onlara həm əylənmək, həm də sosiallaşmaq fürsəti verdi.

Səfər üçün 30 nəfərlik “Daewoo” markalı avtobus təmin edilmişdi. Komandaya Bakından gələn həkimlər – Aygün Cəfərli, Səbnə və Məhmət Koçaq doktorlar da daxil idi. Onlar məktəbdəki uşaqları müayinə edərək onların sağlamlıq vəziyyəti ilə maraqlandılar. Həkimlərin iştirakı uşaqlar və valideynlər üçün xüsusi önəm daşıdı, çünki bu bölgədə tibbi yardım çox zaman əlçatmaz olur.

Layihənin informasiya dəstəyi və media işləri “Dodo” qəzetinin baş redaktoru İradə Məlikovanın rəhbərliyi ilə həyata keçirildi. Qəzetin adından məktəbə çoxsaylı qəzet nüsxələri və 20-dən artıq nəşr olunmuş kitab təqdim edildi. Redaktorun təşəbbüsü ilə tədbirə Astaranın tanınmış şairləri – Nəriman Azəri, Əbülfət Sabiroğlu, Mərifə Əzizqızı və “Hovəli” qrupunun üzvü Seyidxanım da qatıldılar. Bu görüşlər uşaqlar üçün həm mənəvi motivasiya oldu, həm də onların ədəbi zövqünün formalaşmasına töhfə verdi.

Tədbir zamanı kəndin sosial problemləri də diqqətdən yayınmadı. Jurnalist İradə Məlikova kəndin infrastruktur vəziyyətini yerindəcə araşdırdı. Elektrik xəttlərinin hələ də dirəklərlə deyil, ağacların üstü ilə çəkilməsi və işığın zəif olması, qaz xəttinin kəndin cəmi bir kilometrliyində olmasına baxmayaraq kəndə qaz verilməməsi diqqətə çatdırıldı. Kəndə gələn 8 sürücünün (Niva markalı avtomobillərlə) yolun vəziyyəti və kəndin digər çətinlikləri ilə bağlı şikayətləri də qeyd olundu.

Layihə çərçivəsində məktəbin VI sinif şagirdi Qasımlı Nurlan Cavaşir oğlu “Dodo” qəzetinə öz əlyazma şeir dəftərini təqdim etdi. Redaktor İradə Məlikova Nurlanın şeirlərini nəzərdən keçirəcəyini və yeni kitabının hazırlanması üçün çalışacağını bildirdi. Bu, uşağın yaradıcılığına göstərilən böyük diqqət idi.

Bu təşəbbüs, sadəcə bir kitabxana layihəsi olmaqdan çox, ucqar bölgədə yaşayan uşaqlara sosial və mənəvi dəstək məqsədi daşıyırdı. Ailələrinin maddi imkanı məhdud olan bu uşaqlar üçün kitablarla tanışlıq, rəngləmə, oyunlar və ədəbi görüşlər həm biliklərini artırdı, həm də onların özlərinə olan inamını və gələcəyə ümidlərini möhkəmləndirdi.

Layihənin davamlılığı və digər bölgələrdə tətbiqi üçün bu model nümunə ola bilər. Ucqar kəndlərin ehtiyaclarını gündəmə gətirən, uşaqların maariflənməsinə və rifahına töhfə verən belə təşəbbüslər cəmiyyətin inkişafı baxımından olduqca vacibdir.

 “Dodo” qəzetinin baş redaktoru İradə Məlikova