Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Həmin sərəncama əsasən, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif edilənlərdən biri də gizir Pəncəli Nurməmməd oğlu Teymurovdur (ölümündən sonra).

Toyunda özü üçün şəhidlik arzulayan, Vətən sevgisini sözlə deyil, canıyla sübut edən bu igidin arzusu gerçəyə çevrildi. O, xalqın, dövlətin və ordunun fəxrinə çevrildi.
Prezidentin imzaladığı sərəncamla Pəncəlinin ruhu şaddır – çünki o, doğma torpağı uğrunda canını qurban verərək ölməzlik zirvəsinə yüksəldi və layiq olduğu adı aldı.

Pəncəlinin həyatı bir qəhrəmanlıq dastanıdır: sadə kənd oğlunun ürəyində Vətənə sədaqət, torpağa sevgi və şəhidlik arzusunun nə qədər uca mənalar daşıdığını göstərən bir dastan. Onun toyda dediyi “Mənə şəhidlik arzulayın!” sözləri bu gün bütün Azərbaycan gənclərinin qəlbində əks-səda doğurur.

Azərbaycanın igid oğulları bu gün də onun kimi mərd və vətənpərvər ruhla torpaqlarımızı qoruyurlar.
Hər bir şəhidimizin ruhu qarşısında baş əyirik!

Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Vətən uğrunda canını fəda edən igidlərimizə!