Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində (DAMM) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rəsmi tədbir təşkil olunub. Tədbir milli birlik, azərbaycançılıq ideyası və dövlətçilik dəyərlərinin təbliği məqsədi daşıyıb.

Tədbiri giriş sözü ilə açan DAMM-in vitse-prezidenti Afaq İsmayılova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ictimai-siyasi və mənəvi əhəmiyyətindən geniş bəhs edib. O bildirib ki, bu gün bizi bir araya gətirən təkcə təqvimdəki bir tarix deyil, dilimiz, milli yaddaşımız, ortaq kökümüz və taleyimizdir. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, hər bir azərbaycanlını birləşdirən əsas dəyər Azərbaycan adı, milli kimlik və vahid dövlətçilik düşüncəsidir.

Afaq İsmayılova çıxışında Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyasına dair fikirlərinə toxunaraq qeyd edib ki, Ulu Öndər bu ideyanı “Azərbaycançılıq hər bir azərbaycanlının qəlbində yaşamalıdır” prinsipi ilə ifadə edib. O vurğulayıb ki, azərbaycançılıq vətəni sevməyi, onu qorumağı, dilimizi, kimliyimizi və milli birliyimizi yaşatmağı öyrədir. Azərbaycançılıq keçmişimizin, bu günümüzün və gələcəyimizin ideya xəttidir və bu dəyəri yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur.

Afaq İsmayılova əlavə edib ki, azərbaycançılıq sadəcə bir anlayış deyil, Azərbaycan xalqını vahid amal ətrafında birləşdirən milli düşüncə və kimlik fəlsəfəsidir. Çıxışının sonunda o, “Qoy həmrəyliyimiz əbədi olsun, qoy bayrağımız daim ucalarda dalğalansın.  Yaşasın Dünya Azərbaycanlılarının Həmrəyliyi, yaşasın Azərbaycan!” Yaşasın əziz Prezidentimiz, müzəffər Ali Baş Komandanımız! sözləri ilə tədbir iştirakçılarını salamlayıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Milli Konservatoriyasının konsertmeysteri Rəhimə Qurbanova, Konservatoriyanın tələbələri Sərhad Hümmətov-Xannədə və opera-vokal ifaçısı Altun Süleymanov, Hərbi Orkestrin solisti, vokalçı, bir sıra marş və vətənpərvərlik mahnılarının müəllifi Anar İlhamlı, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi İsa müəllim, eləcə də Səhərqazeti.az internet nəşrinin redaktoru Sənubər Qasımova çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, milli birlik və vətənpərvərlik dəyərlərindən bəhs ediblər.

Tədbirin sonunda çıxış edən DAMM-in Mətbuat katibi İradə Məlikova bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli yaddaşını, ortaq taleyini və birliyini ifadə edən mühüm tarixdir. O vurğulayıb ki, həmrəylik eyni bayraq altında düşünmək, eyni dərdi paylaşmaq və eyni ümidlə gələcəyə baxmaq deməkdir. İradə Məlikova bütün dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edərək birlik, sağlamlıq və uğurlar arzulayıb.