Qarabağ qazisi və tanınmış yazıçı Qəni Camalzadənin 70 illik yubileyi qeyd olundu

Azər  baycan Yazıçılar Birliyinin “Natəvan” klubunda müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, Birinci Qarabağ müharibəsinin veteranı, tanınmış yazıçı və ziyalı Hacı Qəni Camalzadənin 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə yazıçının dostları, elm xadimləri, ədəbi tənqidçilər və geniş oxucu kütləsi iştirak edərək, müəllifin 50 illik yaradıcılıq yoluna nəzər salıblar.

Əsərləri Dünya Platformalarında

Yubileyin ən diqqətçəkən məqamlarından biri yazıçının əsərlərinin beynəlxalq müstəviyə çıxmasıdır. Artıq Hacı Qəni Camalzadənin ingilis və rus dillərinə tərcümə olunmuş “The Quarry”, “Golden Foal” (Qızıl dıqqış) və “Kiaksarın axırıncı savaşı” kimi dəyərli əsərləri dünyanın ən böyük onlayn satış platforması olan Amazon.com-da oxuculara təqdim edilir. Nyu-Yorkda nəşr edilərək yayımlanan bu kitablar Azərbaycan ədəbi fikrinin dünyada təbliği üçün mühüm hadisədir.

Zəngin Yaradıcılıq Yolu

1956-cı ildə Lerikdə doğulan yazıçı, mühəndislikdən döyüş meydanlarına qədər şərəfli bir ömür sürüb. Yaradıcılığa satirik hekayələrlə başlayan müəllif, bu gün 22 kitabın və 15 cildlik “Seçilmiş əsərləri”nin müəllifidir. Tədbirdə çıxış edənlər onun romanlarındakı fəlsəfi dərinliyi və personajların mübarizə ruhunu yüksək qiymətləndiriblər.

P.S. “Dodo”ya və ziyalıya hörmətsizlik edilən yerdə mən yoxam!

6 fevral 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı, Qarabağ qazisi Qəni Camalzadənin 70 illik yubileyinə dəvətli idim. Mən bir jurnalist həmkarınız, 9 ildir bir qəzetin baş redaktoru və fədakar bir naşir olaraq illərdir aranızdayam. Çox saylı elmi və dəyərli kitabların həm müəllifi, həm də naşiri kimi bu əsərləri necə böyük çətinliklərlə, zərrə-zərrə ərsəyə gətirdiyimi hər kəs bilir. Məni dəvət edən şəxs, öz hörmətli qonaqlarının arasında məni necə görməyindən asılı olmayaraq, bir həqiqəti unutmamalıdır: mən bura həm də bir yaradıcı mühitin yükünü çəkən naşir kimi gəlmişdim.

“Dodo”ya – Anaya qarşı edilən hörmətsizlik Məni həmin tədbirə dəvət edən şəxs, görünür, mənim talış dilində qəzet redaktoru olmağımı öz “imicinə” xələl gətirəcək bir amil kimi görür. Mənə söz verməməklə, məni arxa cərgələrdə səssiz qoymaqla mənə deyil, rəhbəri olduğum “Dodo”ya, yəni öz analarına, bacılarına və bütöv bir xalqın adət-ənənəsinə qarşı böyük hörmətsizlik etdilər. Bu, sadəcə təşkilati səhv deyil, bu, bir xalqın övladının öz kökünə və o kökü təmsil edən ziyalıya qarşı göstərdiyi kiçiklikdir.

Mənasız çıxışlar və itirilmiş 5 saat Tədbir boyu iki saat yarım ərzində bir-birini təkrar edən, zəif və mənasız çıxışları dinləməyə məcbur qaldım. Bir yazarın ən dəyərli xəzinəsi onun vaxtıdır. Mənim masamın üstündə nəşrə hazırladığım 5 kitabım, fevral ayının qəzeti və saytımız üçün gözləyən yazılarım varkən, mən Natəvan klubunda 5 saat vaxtımı niyə itirməliydim?

Ən çox məni incidən məqam isə odur ki, tədbirin aparıcısı böyük-kiçik nizamını tamamilə pozdu. Əməkdar jurnalist İdris Şükürlü, dəyərli publisist Ənvər Əliyev, Professor Rüstəm Kamal və Azərbaycanda kifayət qədər tanınmış şair Hacı İlham Qurbanoğlu kimi sanballı şəxslərə tədbirin sonunda, hər kəs yorulandan sonra söz verilməsi nə dərəcədə doğrudur? Bu, yubilyarın diqqətsizliyi və aparıcının  məsuliyyətsizliyindən başqa bir şey deyildi.

Yaltaqlığa dözümüm yoxdur! Məni ən çox ağrıdan isə bu hörmətsizliyin elə öz talış eloğlum və aparıcı tərəfindən edilməsidir. Yaltaqlıq və öz kimliyindən qorxmaq ziyalıya yaraşmaz. Mən illərdir bu çətinliklərlə, təkbaşına kitablar ərsəyə gətirirəm, bir xalqın dilini və mədəniyyətini yaşatmağa çalışıram. Əgər mənim rəhbərlik etdiyim qəzetin adı kimlərisə narahat edirsə, bu onların problemidir.

Dünyaya nümunə olan, multikulturalizm və tolerantlıq dəyərlərinin dövlət siyasəti səviyyəsində qorunduğu bir ölkədə, ədəbi mühitin mərkəzində belə bir ayrıseçkiliyin və sayğısızlığın nümayiş etdirilməsi nə dərəcədə düzgündür?

Buradan bütün Yazıçılar Birliyi üzvlərinə və təşkilatçılara səslənirəm: Məni bir daha belə, ziyalıya və əməyə qiymət verilməyən tədbirlərə dəvət etməyin. Mən belə hörmətsizliyə və yaltaqlığa dözə bilmirəm. Mənim vaxtım və mənliyim hər şeydən ucadır.

İradə Məlikova

“Dodo”qəzetinin baş redaktoru