Fevralın 21-də Lənkəranın Girdəni kəndində, ziyalı Camal Mirzəyevin ocağında fəaliyyət göstərən Talış Kitabxanası öz tarixinin ən yaddaqalan günlərindən birini yaşadı. Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil olunan tədbir həm elmi, həm də mənəvi bir məclisə çevrildi. Ev sahibi Camal müəllim və həyat yoldaşı Zərnigar xanım böyük qonaqpərvərliklə hər kəsi qarşılayaraq, tədbirin yüksək səviyyədə keçməsi üçün əllərindən gələni əsirgəmədilər.

Tədbirin idarəçiliyi (moderatorluğu) el arasında Kərbəlayi Sadıx kimi tanınan, söz-söhbəti ilə məclisə rəvanlıq qatan Miyonku Sadıxa həvalə olunmuşdu. Onun şirin dili və tədbiri məharətlə idarə etməsi hər kəsdə xoş təəssürat yaratdı. Aktyor Təvəkkül isə bütün günü əlində kamera ilə hər anı tarixə köçürür, bu mühüm hadisənin video-salnaməsini yaradırdı.

Tədbirin əsas simalarından olan ərəbşünas alim, Professor İmamverdi Həmidov ana dilinin hər bir xalqın pasportu olduğunu vurğuladı. Yazar və şairlərimiz: Hacı Allahverən Nəzərov, Xanlar Həmid, Şirəli Əlyar, Aydın Baxşiyev, Rza Musayev, Bəhram Şəms, Con Tolış, Fərasət Nuriyev və şairə Səmayə Salmanova tədbirdə iştirak edirdilər.

Boladi kəndindən gəlmiş hörmətli Şəhid mayor Vüqar Heydərovun atası Rəfayıl müəllim Heydərov, el ağsaqqalı Hacı Allahşükür, müğənni Səməd Tolış, Mircəfər Əsədullayev və mədəniyyət fədailəri Qadir Kazımov, Vəsilə Məmmədli, Şağlaser kənd kitabxanasının müdiri Gülbəniz xanım Nəhmədovanın həyat yoldaşı, keçmiş mədəniyyət işçisi Lətif Nəhmədov, Vilvan kənd kitabxanasının müdiri Pakizə xanım və həyat yoldaşı Mais Davud ilə doğma dilin yaşatılması naminə öz ürək sözlərini bölüşdülər. Gözəl səsli qiraətçimiz Sina ləqəbli Şahin Paşayev də orada idi.

Məclisin ən maraqlı anlarını 8 şagird bəxş etdi: Mirzəyeva Nurmələk Zaur qızı, Davudova Xədicə Zəka qızı, Mikayılzadə İlknur Elnur qızı, Səfərov Məhəmmədəli Ramin oğlu, Məmməd Hüseyn İlqam oğlu, Mirzəyev Daşdəmir Xanməd oğlu, rəqqasə Cavadzadə Nuray Əliyar qızı və Hüseynova Səma İlkin qızı. Onların talış dilində səsləndirdikləri şeirlər böyükləri həm duyğulandırdı, həm də qürurlandırdı. Xüsusilə iki balaca istedad hər kəsi heyran qoydu: biri şeir deyib rəqs edərək milli ruhu nümayiş etdirdisə, digəri misraları karate fəndləri ilə birləşdirərək dilimizin və gəncliyimizin gücünü göstərdi.

“Dodo” qəzetinin baş redaktoru İradə Məlikova (həyat yoldaşı Rövşən müəllimlə birlikdə) kitabxanaya dəyərli nəşrlər hədiyyə etdi. Görkəmli dilçi alim Əbülfəz Rəcəblinin “Talış dilinin morfologiyası” və İradə Məlikovanın müəllifi olduğu, böyük ehtiyac duyulan Azərbaycanca-talışca kiçik “Danışıq Kitabçası” kitabxananın fonduna daxil edildi. Həmçinin Xanlar Həmidə müəllifin öz tərcüməsində olan “Avesta” kitabları təqdim olundu. Qonaqlara isə qəzetin son nömrəsi paylanıldı.

Sonda hər bir uşağa hədiyyələr təqdim edildi: “Honi” uşaq jurnalı redaksiyası adından “Honi” jurnalı, “Dodo” qəzeti redaksiyası adından son 3 ayın qəzeti və İradə xanımın yeni çapdan çıxmış “Danışıq kitabçası”, Füzuli Qulizadə müəllimin adından mədəniyyətsevərlər tərəfindən uşaqlara divar saatları və TMŞ (Talış Ziyalılar Şurası) adından “Təşəkkürnamə”lər hədiyyə edildi.

Tədbir həm də xoş təbriklərlə yadda qaldı. Ad günü münasibətilə Vəsilə Məmmədli təbrik edildi. Günün sonunda isə 60 illik yubileyini qeyd edən Ramiz Hüseynovun şərəfinə iftar süfrəsi verildi və yubiley tortu kəsildi.

Bu tədbir göstərdi ki, kitabxana sadəcə rəflər deyil, insanların bir-birinə bağlandığı, ana dilinin və mədəniyyətin döyünən ürəyidir.