Bu mübahisə, söz-sönbət çox davam edir. Nəhayət, Ali day deyir:
– Sözüm sözdür, gedib keçi ovlayıb gətirsən, barmaqlarımda bişirməyi bu kişilərin yanında söz verirəm, -deyib uzun qəlyanını doldurub çəkməyə başlayır.
Artıq durub getmək vaxtı çatır. Hamı durub gedəndə Ağababa da ayağa qalxıb beşaçılanı və 3-4 daraqlıq güllə də Ali dayıdan alandan sonra evdən çıxıb gedir.
Ağababa evə gəlir, sabah üçün bəzi hazırlıq işlərini görəndən sonra yatağa girib özünü yuxuya verir.
Amma ilan vuran yatır, Ağababa yata bilmir. Səhərə qədər çox götür-qoy eləyir, çox fikirləşir ki, nə etsin, nə eləməsin. Nə cür eləsin ki, bir keçi ovlasın.
Birdən onun ağlına çox rahat və ağıllı bir fikir gəlir.
Sübh tezdən yerindən durub gedir bibisi oğlu Qulaməlinin qapısının ağzını kəsir. Qulaməli belə ala-qaranlıqda Ağababanı yaraqlı-yasaqlı qapı ağzında görəndə həm təəccüblənir, həm də narahat olur. Onu evə dəvət edəndən sonra Qulaməli nə baş verdiyini Ağababadan soruşur…
Son vaxtlarda başı çöl-bayır işləri və əkin-biçinlə qarışdığı üçün Qulaməli nə Ali dayıgilə gedirdi, nə də baş verən bütün bu hadisələrdən xəbəri yox idi.
Ağababa Qulaməlinin bu işdən xəbərsiz olduğunu biləndə baş verənlərdən Qulaməliyə bəzi məlumatlar verir. Axşamkı söhbəti də danışır, amma Ali dayının barmağında kabab bişirməyini ona demir.
Səhərdən əvvəldən axıra kimi Ağababanı dinləyən Qulaməlinin gözü də bu təzə beşaçılana düşmüşdü. Ağababa ilə söhbət eləsə də, onu fikir-xəyal götürmüşdü ki, nə təhər eləsin, bu beşaçılanı ələ keçirsin.
Nəhayət, Ağababa Qulaməlini razı salıb hər ikisi silahlanıb yola düşürlər, gedirlər dağ keçisi ovlamağa.
*
Deyirlər, ovçuya dağı göstərərlər, ovu yox. Qulaməli dağlara, qayalara bələd olan mahir bir ovçu kimi Ağababanı keçilərin oylağı olan qayalıqlarla getməyi göstəriş verir. Özü isə heyvan və yırtıcıların keçdiyi xüsusi yerlər olan bərədə yerini tutaraq ovun gəlişini gözləyir.
Ağababa qayalardan elə hay-küylə hərəkət etməyə başlayır ki, elə bil bir briqada Nikolayın əsgəri hücuma keçirdi. Onun bəxtinə iki dağ təkəsi erkək, dişi qayaların arasından atlanaraq bərədə hazır vəziyyətdə dayanıb ovun yolunu gözləyən ovçuya tərəf tullana-tullana yaxınlaşır.
Birdən atəş açılır. Bircə güllə atıldı. Bir az fasilədən sonra dalbadal dörd güllə də atıldı. Güllələrin səsi qayalara yayıldıqca əks-sədası elə bil təkrar atəş açılmasını bildirirdi.
Ağababa dalbadal atılan güllələrin ova dəymədiyini, boşa çıxdığını zənn edərək bəlkə də uça-uça özünü Qulaməlinin yanına çatdırır. Yaxınlaşanda erkək bir təkənin yerdə uzandığını görüb Qulaməliyə deyir:
– Sən əvvəl bir güllə atdın, sonra isə bir az keçdi, təzədən dörd güllə də atdın. Görürəm, bir keçi vurmusan, bəs o biri güllələri nəyə atmısan?
Qulaməli gülümsünüb deyir:
– Gələn təkələr iki dənə idi, biri erkək, biri dişi. Bircə güllə atdım, erkəyi vurdum. Həmişə adətimdir, çalışıram ki, dişiləri vurmayım.
O ki qaldı o dörd gülləyə, sən Ali dayının bir sandıq gülləsini havaya, suya ata bilirsən, mən onun dörd-beş gülləsini havayı ata bilmərəm?
Bir az zarafatlaşıb-deyib-güləndən sonra Ağababa öz bibisi oğlu Qulaməliyə dərin təşəkkürünü bildirib ayrılırlar. Sevincinin həddi-hüdudu olmayan Ağababa ovu atır çiyninə, yollanır kəndə tərəf.
*
Ali dayıgilin həyətinə çatanda artıq şəvət (hava) qaralırdı, axşam düşürdü.
Bütün qohum-əqraba –hamı eşidir ki, Ağababa bir dağ təkəsi ovlayıb gətiribdir Ali dayıgilin həyətinə.
Hay düşür kəndə ki, bəs Ali dayı bu axşam barmaqlarında keçi ətindən kabab bişirəcək. Hamıya çox maraqlı gəlirdi ki, Ali dayı bunu necə edəcək?
Bəli, axşam oldu. Bütün qohum-əqraba, qonum-qonşu –Hamı yığışdı Ali dayıgilə.
Dağ təkəsini soyub, ətini doğrayıb bir məcməyidə gətirib qoydular ortalıqda.
Ertədən buxarıda yanan nil (azat-red) ağacının odunundan alovlanan gözqamaşdırıcı iri-iri közləri adamın üz-gözünü yandırırdı.
Alı dayını bu iş çox təəccübləndirirdi, Öz-özünə nə qədər götür-qoy eləsə də, hələ bir şey anlaya bilmirdi. Uzun qəlyanını təmkinlə sümürərək evdə yığışan qonaqların söz-söhbətinə qulaq asırdı.
Əbülhəsən Həsənzadə
Masallı, Sığdaş
(ardı var)