Nəriman Nərimanov Rusiya K(b)P  MK-nin Qafqaz Bürosunun Dağlıq Qarabağ manipulyasiyasına qarşı

 

Azərbaycan xalqına sıranmış qondarma “Dağlıq Qarabağ probleminə” baxdıqda bəzi saxtakar tarixçilər Sovet İttifaqı K(b)P MK Qafqaz Bürosunun 1921-ci il 4 iyul tarixli plenum iclasının qərarına istinad edərək bildirirlər ki, güya həmin gün Qarabağın Dağlıq hissəsi Ermənistan SSR-ə verilmişdi.

Bəs həqiqətən 1921-ci il 2-7 iyul tarixli Qafqaz bürosunun Tiflisdə keçirilən plenumunda Dağlıq Qarabağ barədə hansı qərar qəbul edilmişdi?

Plenimun 4 iyul tarixli axşam iclasında Büronun tam heyətinin iştirakı ilə (Orconikidze, Kirov, Myasnikov, Nərimanov, Oraxelaşvili, Maxaradze, Fiqatner, Nazaretyan) Dağlıq Qarabağ məsələsi müzakirə olunur və səsverməyə aşağıdakı təkliflər irəli sürülür:

  1. Dağlıq Qarabağ tam olaraq Azərbaycan SSR-in tərkibində saxlanılsın.
    Təklifin “lehinə” səs verənlər: Nərimanov, Maxaradze, Nazaretyan.
    “Əleyhinə” səs verirlər: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
    2. Qarabağda bütün əhalinin iştirakı ilə plebisit (ümumxalq səsvermə) keçirilsin.
    “Lehinə” səs verənlər: Nərimanov, Maxaradze.
    3. Qarabağın Dağlıq hissəsi Ermənistan SSR-ə verilsin
    Təklifin  “lehinə” səs verənlər: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
    4. Plebisit Dağlıq Qarabağ ərazisində keçirilsin.
    “Lehinə” səs verirlər: Orconikidze, Myasnikov, Kirov, Fiqatner, Nazaretyan.

Əlbəttə, belə ziddiyətli və şübhəli səsvermə nəticəsində Dağlıq Qarabağ Ermənistan SSR-in ərazisinə ilhaq edilə bilərdi. Lakin Nəriman Nərimanovun sərt təkidi və tələbi ilə Qafqaz Bürosu qərara alır: “Qarabağ məsələsi ciddi fikir ayrılığına səbəb olduğundan RK(b)P MK Qafqaz Bürosu qərara alır ki, bu məsələnin son həllinə RK(b)P  MK-də baxılsın”.

Yeddi nəfərin iştirakı ilə keçirilən Qafqaz Bürosunun iclasının gedişi, say tərkibi, səsvermə təklifləri və səsvermənin özu şübhəli məqamlar və suallar yaradır ki, Nərimanov bunları görməyə bilməzdi:

  1. Nə üçün Qafqaz Bürosunda milli tərkib qaydasına riayət olunmayıb?
    2. Nə üçün səsvermədə Oraxelaşvili iştirak etməyib? Bəlkə onun səsi həlledici ola bilərdi.
    3. Hələ 2 iyul 1921-ci il tarixdə Qafqaz Bürosunun plenumunda Gürcüstan və Azərbaycan nümayəndələri Ermənistan nümayəndəsinə ərazi iddialarına son qoymaq təklifini qəti şəkildə irəli sürmüşdülər. Gürcüstan və Azərbaycan nümayəndələrini Kirov da dəstəkləmişdi. Bəs nə üçün iyulun 4-də növbəti iclasda Kirov Azərbaycan ərazilərinin itirilməsi təklifinə səs verirdi? Qəribədir, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verən Kirov iki həftə sonra, 24 iyul 1921-ci il tarixdə, Azərbaycan KP MK-nın birinci katibi “seçilir”.
    4. Nazaretyanın səs verməsindəki uyğunsuzluq da təəcüb doğurur. Belə ki, o ilk təklifə səs verərkən Qarabağın tam olaraq Azərbaycanın tərkibində qalmasına səs verir. Sonra isə plebisitin Qarabağın əhalisi arasında keçirilməsinə etiraz edir (2-ci təklif). Nazaretyan Dağlıq Qarabağın Ermənistan SSR-in verilməsinə səs vermir (3-cü təklif), lakin plebisitin yalnız Dağlıq Qarabağda keçirilməsinə səs verir (4-cü təklif).
    5. Ermənistanda hökm sürən ikiüzlü oyunlar hələ çox əvvəllər başlamışdı. 21 iyun 1921-ci ildə Sovet Ermənistanı (Horurdain Hayastan) qəzetində Ermənistan XKS-nin sədri Myasnikovun imzası ilə yalan məlumat yayılmışdı ki, güya Azərbaycan SSR-in razılığı ilə Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsi sayılır. Bu aksiyaya N.Nərimanov layiqli cavab verir “Əgər Sovet Ermənistanı bu aktla daşnaklarda və bitərəf kütlədə məlum təəssürat yaratmaq istəyirsə, onda unutmayın ki, Azərbaycanda da daşnak qrupları kimi antisovet qrupları bərpa oluna bilər”. Bu yalan məlumata görə nədənsə Myasnikova heç bir çəza verilmədi.
    6. Ermənistan təmsilçisi Mravyan 25 iyun 1921-ci ildə Orconikidzeyə yazdığı məktubda qeyd edirdi ki, “Qarabağ məsələsinin həlli Zəngəzur məsələsində   həlledici amildir və böyük siyasi əhəmiyyət kəsb edir”. Lakin 4 iyul 1921-ci ildə Zəngəzurun Dağlıq Qarabağla əlaqəsinə toxunulmadı.
    7. Bolşeviklərin rəhbəri, RSFSR Xalq Komissarları Sovetinin sədri, V.Lenin  1921-ci ilin may-iyun aylarında və ilin sonuna qədər Bakı və Azərbaycandakı hadisələrlə çox maraqlanırdı. Bu maraq onun Serebrovskiyə, Smilqaya, Orconikidzeyə, Smolyaninova vurduğu teleqramlardan aydın olur. 4 iyul tarixində Lenin Orconikidzeyə vurduğu teleqramda  soruşurdu: “Xəbər verin, Bakıda nə baş verir?! Sizin susmağınız şübhəlidir”. Məhz elə həmin gün Orconikidzenin Dağlıq Qarabağ məsələsi ilə bağlı ikiüzlü mövqeyi də şübhəli idi.
    8. İ.Stalinin Dağlıq Qarabağ məsələsinə münasibəti barədə isə heç bir sənəd yoxdur. Lakin, onun Azərbaycana münasibəti  9 aprel 1921-ci ildə Orconikidzeyə vurduğu teleqramda özünü birüzə verir: “Bakıya diqqət yetirin, burada Türkiyədən gələn mülayim  insanlar özlərinə yuva qururlar…”

Nəriman Nərimanovun təkidi və tələbi nəzərə alınaraq və Dağlıq Qarabağın Ermənistan SSR-ə ilhaq edilməsinin heç bir hüquqi əsası olmadığını anlayaraq ertəsi gün 5 iyul  1921-ci il tarixdə Orconikidze və Nazaretyanın təklifi ilə Qafqaz Bürosunun  plenumunda (eyni tərkibdə və bu dəfə Stalinin iştirakı ilə) qərara alınır ki, bu məsələnin 4 iyulda qəbul olunan  kimi RK(b)P  MK-də baxılmasına ehtiyac yoxdur. Qafqaz Bürosu yekdilliklə qərara alır: “Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudları daxilində qalır, ona mərkəzi Şuşada olmaqla geniş vilayət muxtariyyəti verilir…” Qərarın verilməsində heç bir fikir ayrılığı olmur. Hətta Myasnikov da məsələnin təxirə salınmasını tələb etmir.

1923-cü ildə Azərbaycan ərazisində Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı.  Lakin, büronun qərarının ziddinə olaraq vilayətin  mərkəzi  regionda yerləşən və azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa deyil, Xankəndi oldu. Sonradan onun adı dəyişdirildi. Nəriman Nərimanov qeyd edirdi ki, bu vilayət orada yaşayan əhalinin iradəsinin ziddinə olaraq yaradıldı.

Adından bəlli olduğu kimi Dağlıq Qarabağ milli muxtariyyət yox, ərazi muxtariyyətidir, Qarabağın və bütövlükdə Azərbaycanın ayrılmaz tarixi hissəsidir və xalqımız onun Azərbaycandan ayrılmasına heç bir zaman razı olmayacaq.

Elşad Səfiyev
ADNSU-nun dosenti

Orxan Musayev
AJB-nin üzvü