Deyimə görə, əksər hallarda insanlar onlara verilən ada uyğun xasiyyətdə olur. Əlbəttə belə olmaya da bilər. Amma doğmam, əziz dayım, təqaüdçü polis polkovniki  mərhum Polad Seyidəli oğlu Babayevi tanıyanlar bu deyimlə razılaşarlar. Belə ki, 17 oktyabr 1945-ci ildə Lənkəran rayonu Seydəkaran kəndində zəhmətkeş müharibə veteranı ailəsində dünyaya göz açmış dayım həyatı boyu gördüyü məşəqqətlərdən daima bərkişmiş, ömrünün sonuna qədər bütün çətinliklərə sinə gərib mətanətlə həyat sürmüşdür. Özü haqqında danışmağı çox da xoşlamayan dayımın artıq əsas sənədinə çevrilmiş Lənkəran rayonu Kənarmeşə kəndinin 300 illiyinə həsr edilmiş kitabdan oxuyuruq ki, P.Babayev “…1963-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1968-ci ildə təhsilini başa vuraraq mühandis-energetik ixtisasına yiyələnmişdir” (Qasımzadə F. Kənarmeşə. “Şərq-Qərb”, Bakı, 2008, 312 s., s.181). 1971-ci ildə həqiqi hərbi xidmətə çağrılıb, görünür fəallığı nəzərə alınaraq 1972-ci ildə o dövrün komsomol işində irəli çəkilmiş, Lənkəran şəhər komsomol komitəsində komsomol təşkilatları şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə 2 il çalışdıqdan sonra P.Babayev partiya işinə irəli çəkilərək N.Nərimanov adına balıq kombinatında partiya komitəsinin katibi seçilmişdir. 1 ildən sonra isə o, Lənkəran şəhər partiya komitəsində təlimatçı vəzifəsinə təyin olunub. Yenə də iki ildən sonra partiya təhsili almaq üçün Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilib. 1977-1979-cu illərdə ali partiya işçisi ixtisasını alaraq yenidən N.Nərimanov adına balıq kombinatında partiya komitə katibi seçilib. P.Babayev 1980-ci ildə Lənkəran şəhər partiya komitəsinin tövsiyyəsi, Azərbaycan KP MK-nın katibliyinin razılığı və Azərbaycan SSR Daxili İşlər Nazirinin əmri ilə Lənkəran şəhər daxili işlər şöbəsinə siyasi hissə üzrə rəis müavini vəzifəsinə təyin olunmuş, 1994-cü ilə qədər həmin şöbədə siyasi kadr və xidməti işlər üzrə rəis müavini vəzifəsində çalışmışdır. O, 1994-96-cı illərdə narkomaniyaya qarşı mübarizə bölməsinə rəhbərlik etmiş, 1999-cu ilə kimi Masallı rayon polis şöbəsinin Boradigah polis bölməsində çalışaraq təqaüdə çıxmışdır. P.Babayev Sovet dönəmində Şəhər partiya komitəsinin plenium üzvü, partiya təşkilatı komissiyasının üzvü, rayon sovetinin 3 çağırış üzrə deputatı seçilmiş, rayonun bir çox ictimai təşkilatlarında fəallıq göstərərək, həmin təşkilatlara üzv seçilmişdir. 4 övlad atası olub, o, erməni qəsbkarlarına qarşı mübarizədə də fəal iştirak edib Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam rayonlarına ezam edilmiş polis dəstələrinə rəhbərlik etmiş, I Qarabağ müharibəsi veteranı idi.

2020-ci ildə dayımın 75 illik yubileyi idi. Ancaq mən II Qarabağ-Vətən müharibəsində iştirak etdiyim üçün onu təbrik edə bilməmişdim. Müharibədən sonra Xocavənd rayonu Böyük Tağlar kəndində təxris olunmağımı gözələdiyim günlərdə qəribə bir intuisiya ilə 18 dekabr dayıma zəng etdim. Səsimi eşidən kimi sevindi, “Sən igid oğlansan!”-deyə təriflədi. Axı biz onların yarımçıq işlərini tamamlamış, böyük Azərbaycan xalqı, milləti olaraq zəfər çalmışdıq. Darıxmamağımı tövsiyyə edib bir qədər danışdıqda sonra xətti xoş təəssüratlarla qapatdıq. Amma sən demə bu dayımın səsini eşitdiyim son dəfə imiş: həmin gün axşamüstü evlə zəngləşdikdə dayımın dünyasını dəyişib əbədiyyətə qovuşduğu xəbərini aldım…

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, II Qarabağ-Vətən müharibəsi iştirakçısı Radif Heybət oğlu Mustafayev