Ukrayna Zaporojye kazaklarının marşalı Üzeyir Vahabov Azərbaycana səfəri çərçivəsində əfsanəvi kəşfiyyatçı Həmzə Sadıqovun ev-muzeyinə baş çəkib.
AZƏRTAC xəbər verir ki, ev-muzeyində Üzeyir Vahabovla keçirilən görüşdə Həmzə Sadıqovun qəhrəmanlığından bəhs edən film nümayiş olunub. Üzeyir Vahabov bildirib ki, ukraynalılar bu gün də igid azərbaycanlı kəşfiyyatçını unutmur, xatirəsini hər zaman əziz tuturlar.
Görüşdə Azərbaycan xalqının qəhrəman oğlu, kəşfiyyat komandiri məxfi polkovnik Həmzə Sadıqovun şərəfli ömür və döyüş yolu bir daha xatırlanıb.
Bildirilib ki, Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il oktyabrın 7-də Şuşada anadan olub. Kiyev Artilleriya Məktəbində təhsil alıb və İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərib. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət edib, eyni zamanda, Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olub.
Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərib. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak edib. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarıb.
1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etdi, qərargahda alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürdü. Bu hadisə zamanı aldığı güllə yaralarından huşunu itirən komandir hospitala aparıldı. Lakin onun qara günləri, növbəti “döyüşü” məhz burada başladı, hər gün saatlarla sorğu-suala çəkildi. Məqsəd o idi ki, alman generalının əsir götürülməsi azərbaycanlının adına yazılmasın.
Həmin dövrdə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqəsi var idi. O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olurdu. Mikoyan Stalinə general Rodenburqun erməni mayoru Arşakyan tərəfindən əsir götürüldüyünü deyib. O erməniyə də Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Müstəntiqlər tərəfindən işgəncələrə məruz qalan Həmzə Sadıqov isə cəza komendaturasına göndərilib. Uzun çəkən mübahisəyə həkim ekspertlərin rəyi son qoyub. Onun bədənindən çıxarılan güllə qəlpəsinin Rodenburqun şəxsi silahından atıldığı müəyyən edilib.
Həqiqətin üzə çıxarılması Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da marağında olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitala gedib, məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət edib. Stalin Siyasi Büronun iclasında mübahisəyə son nöqtəni qoyaraq belə demişdi: “Həmzə Sadıqov qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib”.
Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı Moskvaya, Kremlə müraciət etdi. Anastas Mikoyan yenə də bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını aldı.
Görüşdə, həmçinin qeyd olunub ki, Vermaxt generalı da dindirilmə zamanı azərbaycanlı zabit tərəfindən əsir götürüldüyünü demişdi.
Müharibədən sonra Həmzə Sadıqov Ağdama qayıdıb. Həkimlərin səylərinə baxmayaraq onun sağ tərəfinin iflicini müalicə etmək mümkün olmayıb və 1964-cü il mayın 9-da güllə yaralarının törətdiyi fəsadlardan vəfat edib.
Qeyd olunub ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçilərilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi.
Ev-muzeyinin rəhbəri vurğulayıb ki, qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olub.
Həmzə Sadıqovun ev-muzeyini oğlu, ədliyyə müşaviri, polkovnik Firdovsi Sadıqov yaradıb. Görüşdə Üzeyir Vahabov polkovnik Firdovsi Sadıqova Ukrayna Daxili İşlər Nazirliyinin və kazakların “Marşal” medalını və Ukrayna Kazakları Getmanının fəxri fərmanını təqdim edib.
azertag.az