Aprelin 27-də Ərkivanda idim. Masallının gözü yolda, könlü yaralı kəndlərindən biri… Şəhid bulağının yanında dayandım. Gülağa Tənhanın illər əvvəl inşa etdirdiyi abidə yenidən təmir edilir. O bulağın suyu axır, fəhlələr işləyir, daşlar düzülür. Amma orda görünməyən bir şey var – şəhid anasının baxışı, jurnalistin dili, bir xalqın sükutu.
O bulaq axır, bəs səsi hardadır?
Gülağa Tənha haqqında çox yazılıb. Onu xeyriyyəçi kimi tanıyırlar. Şeir yazır, abidə tikdirir, kasıba yardım edir. Və bunlar böyük işlərdir. Bunu danmaq olmaz. Amma insanın böyüklüyü təkcə etdiyi yaxşı işlərlə yox, həm də haqqın səsinə qulaq asmaqla ölçülür.
Ərkivandakı “Şəhidlər bulağı”nın əsaslı təmirinə başlanması da təqdirəlayiq təşəbbüsdür. Dəmirin, daşın dili olmur. Onu danışdıran qəlb və niyyətdir. Ətrafda iş gedir, fəhlələr çalışır. Yaxınlaşdım. Orda Gülağa bəyin yeznəsi Şahnəzər də vardı. İki nüsxə “DODO” qəzetini ona təqdim etdim, dedim: “Xahiş edin, Gülağa bəylə görüşə bilim. Qəzetlə bağlı bir sözüm var”. Dedi çatdıracağam. Amma nə görüş oldu, nə bir zəngə cavab.
Mən pul dilənmədim. Mən o kompleksin, o bulağın yaşamasını istədiyim kimi, xalqın səsinin – qəzetin – də yaşamasını istəyirdim. Amma görünən odur ki, bəzi iş adamları gördükləri gözəl işləri işıqlandıra bilməyəcək qədər ya qorxur, ya da öz sözlərinə özləri təkzibdir.
Bəzən bir yazı bir adamın gecəsini əlindən almalıdır. Öz-özünə sual verməlidir:
“Mən niyə susuram?”
“Mən bu millətin yolunda tikdiyim bulağın axan səsini niyə qələmə etibar etmirəm?”
Gülağa Tənha bu yazıda özünü tapmalıdır. Bu yazı yaltaqlıq deyil, bu yazı böyüklüyə çağırışdır. O bulağın səsi, o kompleksin anlamı sadəcə beton, işıq, mərmər deyil. Onun mənası – xalqın yaddaşında, qəzeti açan oxucunun qəlbində yaşamaqdır. Əgər siz bu yaddaşı yaşatmağa yardım etmirsinizsə, o abidənin divarı möhkəm olsa da, mənası yarımdır.
Mən bu sətirlərlə sizə düşmənlik etmədim, Gülağa bəy. Mən bir səs oldum. Bəlkə gecənin bir aləmində oxuyasınız, içinizdə bir sükut ucalıb sizi öz vicdanınızla baş-başa qoysun.
Çünki bu bulaq şəhidindir.
Bu səs xalqındır.
Bu söz – sizin üçün susmayan bir jurnalistin qələmidir.
İradə Məlikova,
“DODO” qəzetinin baş redaktoru