Azərbaycan ədəbi-mədəni ictimaiyyəti ağır itki ilə üzləşdi
Dərin hüznlə bildiririk ki, Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq, teatrşünas, şair, ziyalı və ictimai xadim Ağaddin Abdulla oğlu Babayev 69 yaşında vəfat etmişdir.

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı bu ağır itki münasibətilə dərin kədər içindədir.

Ağaddin Babayev ömrünü ədəbiyyata, mətbuata və teatra həsr etmiş, uzun illər Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri kimi çalışaraq Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermişdir. O, həmçinin bir müddət Lənkəran qəzetinin baş redaktoru kimi bölgə jurnalistikasının inkişafında mühüm rol oynamışdır.

Onun fəaliyyəti yalnız bir bölgə ilə məhdudlaşmamış, ədəbi və mədəniyyət çevrələrində özünəməxsus yeri və hörməti olmuşdur. Zəngin yaradıcılığı, intellekti və ziyalı duruşu ilə Ağaddin müəllim həm qələm dostlarının, həm də oxucularının yaddaşında dərin iz buraxıb.

Mərhum 21 iyun 2025-ci il tarixində, anadan olduğu və boya-başa çatdığı Lənkəran rayonunun Şağlaser kəndində dünyasını dəyişmişdir.
Dəfn mərasimi 22 iyun 2025-ci il tarixində, saat 10:00-da, doğma kəndində – Şağlaser qəbiristanlığında baş tutacaq.

Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi, eləcə də onu tanıyan bütün ədəbi və mədəni çevrələr adından Ağaddin müəllimin ailəsinə, yaxınlarına və qələm yoldaşlarına dərin hüznlə başsağlığı veririk.

Onun ömür yolu, zəngin irsi və mənəvi mirası xalqımızın yaddaşında yaşayacaq.
Allah rəhmət eləsin. Ruhun şad olsun, Ağaddin müəllim. 🥀

İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru