Dodo qəzetinin baş redaktoru olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən aldığım dəvətlə Şəki şəhərində keçirilən möhtəşəm festivalın təşkilində iştirak etmək mənim üçün həm şərəfli, həm də çox maraqlı bir təcrübə oldu.

Komandamız – Mərkəzin Analitika şöbəsinin müdiri Rəşad Mahir İlyas, əməkdaşlar Ğasımov Elnur və Ağayev Mirseyid – bir nəfər kimi çalışırdı ki, hazırlıq prosesi yüksək səviyyədə həyata keçirilsin. Hər kəs öz sahəsinə məsuliyyətlə yanaşır, tədbirin bütün detalları üzərində həmrəyliklə işləyirdi. Mən də həm təşkilati, həm insani məsələlərdə fəal iştirak edirdim.

İyulun 3-də Şəki şəhərinə çatdığımız gün ilk növbədə beş xalqın kollektivlərini “Yuxarı Karvansaray” mehmanxanasına yerləşdirdik. Günorta yeməyindən sonra qısa fasilə verdik və məşqlərə başladıq. Hər kəs yorulmadan, böyük həvəs və diqqətlə çalışırdı ki, heç bir çatışmazlıq qalmasın.

O gün tədbirin unudulmaz anlarından biri də Astara rayonundan gələn “Hovalim” Talış Folklor Qrupunun üzvü Mərifə Əzizqızının 65 illik yubileyi oldu. Axşam yeməyi zamanı hər xalqın nümayəndəsi onu öz ana dilində səmimi arzularla təbrik etdi. Tat qrupunun rəhbəri Bayram Ağasiyev də tat dilində xoş sözlər ünvanladı. Mən də həmin gün Şəkinin məşhur şirniyyatlarından hazırlayaraq Mərifə xanımı hamılıqla təbrik etdik. Bu səmimi ab-hava tədbirin ruhuna xüsusi rəng qatdı.

Festivalın proqramı çox zəngin idi. “Cahan” Avar Kollektivi, “Hovalim” Talış qrupu, “Suvar” Ləzgi ansamblı, “Slavyanoçka” xor kollektivi, “Xınayaxdı” folklor qrupu öz çıxışları ilə hər kəsin qəlbini fəth etdi. Hər kəs öz mədəniyyətini, folklorunu böyük sevgi və ehtiramla təqdim edirdi. Bütün bu gözəl səhnələr bir daha göstərdi ki, Azərbaycan əsl multikultural dəyərlər məkanıdır. Sadəcə bir az diqqət, bir az qayğı hər fərqli mədəniyyəti bir ailə kimi birləşdirir.

Festival iyulun 4-də günorta saat 12-də açılış konserti ilə başladı və yüksək səviyyədə təşkil olunması ilə fərqləndi. Həmin gün axşam rəsmi açılış mərasimi nəzərdə tutulmuşdu. Biz çıxışların ilk hissəsində iştirak etdikdən sonra Şəkidən Bakıya qayıtdıq. Festivalın proqramında 5 və 6 iyul tarixlərində beynəlxalq qonaqların çıxışları da nəzərdə tutulmuşdu.

Qeyd etmək istərdim ki, artıq 10 ildən çoxdur Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü olaraq müxtəlif layihə və təşəbbüslərdə aktiv iştirak edirəm və bu fəaliyyət mənim üçün böyük qürur mənbəyidir.

Festivalın sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov mənə xüsusi diqqət əlaməti olaraq gildən hazırlanmış buta formasında, üzərində musiqi açarı təsviri və arxa tərəfində Şəki şəhərinin görüntüsü olan gözəl bir xatirə suveniri təqdim etdi. Suvenirin oturacağında “XIV Beynəlxalq İpək Yolu Musiqi Festivalı” yazısı həkk olunmuşdu. Bu hədiyyə mənim üçün tədbirin ən dəyərli xatirələrindən biri oldu. Hədiyyəni təqdim etdikdən sonra Rəvan müəllimlə birgə xatirə şəkli çəkdirdik.

Bütün bu təşəbbüsə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və şəxsən Rəvan Həsənova dərin təşəkkürümüzü bildiririk. Belə tədbirlər mədəniyyətimizin zənginliyini, xalqımızın mehriban birliyini bir daha nümayiş etdirir və bizə böyük qürur hissi yaşadır.

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru