Azərbaycanın nadir müalicəvi mərkəzlərindən biri olan Naftalan, həm sağlamlıq, həm də ruh üçün dincəlmək istəyənlərin ünvanına çevrilməkdə davam edir. Qədim tarixə malik bu şəhər təkcə öz təbii nefti və şəfa verən vannaları ilə deyil, həm də minlərlə insanın yaddaşında iz buraxan şəxsi hekayələrlə yaşayır.
Hazırda Naftalan şəhərindəki Sağlamlıq Mərkəzində istirahətdəyəm. Bu mərkəz özünəməxsus sistemi, peşəkar personalı, effektiv müalicə üsulları və rəhbər İlqar müəllimin təşkilatçılığı ilə seçilir. Burada gündəlik 3 dəfə yemək verilir, şəxsi tibbi yanaşma həyata keçirilir, müalicələr isə son dərəcə səmərəlidir.
Naftalan sanatoriyaları arasında seçim genişdir. Çinar, Karvan, Gözəl, Qarabağ, Park Naftalan, Çıraq, Qaşaltı, Sehirli, Möcüzə kimi sanatoriyalar hər biri öz xidmət səviyyəsinə, şəraitinə və qiymət siyasətinə görə fərqlənir. Mən də əvvəlki illərdə Çinar sanatoriyasında – beş ulduzlu rahatlıqda qalmışam. Lakin bu dəfəki seçimim – daha sadə, lakin müalicə baxımından üstün olan Sağlamlıq Mərkəzi oldu. İndiki müşahidəmlə əminliklə deyə bilərəm: bura gələn heç vaxt peşman olmur.
Naftalan mənim şəxsi yaddaşımda isə daha dərin, daha hissli izlər buraxıb.
1994-cü ildə ailəmlə birgə ilk dəfə bu şəhərdə olmuşam. Həmin il Naftalanda xüsusi təyinatlı hərbi hissənin dislokasiyası həyata keçirilmişdi. O dekabr günlərində qızım bir gündə iki dəfə yüksək qızdırmadan sudurqa keçirdi… Hərbi hissədə isə zabit və əsgərlər 40-41 dərəcə qızdırma ilə xəstə yatırdılar. O günlər həm ağrılı, həm də unudulmazdır.
Bu gün, illər sonra, eyni şəhərdə, eyni ab-havada başqa bir səssizlik içindəyəm. Müalicə, sakitlik və xatirə dolu bir istirahət… Bu ziddiyyətlər içində insanın daxili də təmizlənir, bədəni ilə birgə ruhu da şəfa tapır.
Bəzən müalicə otaqları arasında gəzərkən gülümsədən detallar da olur. Sanatoriyanın həyətində vannada uzanmış büstü görəndə düşünmədən bir fikir keçdi könlümdən:
“Ay kişi, dur da, biz də girək vannaya!” 😄
Bəli, Naftalan təkcə müalicə deyil, bir tarixdir, bir yaddaşdır, bir nəfəsdir. Öz sağlamlığına və rifahına qayğı göstərmək istəyən hər kəs üçün bu şəhər gözlənilən yox, seçilən yerdir.