26 oktyabr – 1 noyabr tarixlərində Bakı şəhərində keçirilən Armrestling (qol güləşi) üzrə Dünya Çempionatı Azərbaycan idmanı üçün daha bir qürur anı yaşatdı. Yarışda 40 ölkədən idmançılar iştirak etdi.
95 kq çəki dərəcəsində 14 ölkənin ən güclü güləşçiləri mübarizə apardı.
Bu çəkidə ölkəmizi təmsil edən Vadim həm sol, həm də sağ qolda dünya səviyyəsində öz sözünü dedi:
Sol qolda – dünya ikincisi,
Sağ qolda – dünya çempionu!
Bu uğur təkcə bir fərdin zəfəri deyil – Lənkəranın, Gərmətük kəndinin, bütün cənub bölgəsinin və Azərbaycan idmanının qürurudur.
Qəhrəmanlar kəndinin oğlu
Bəli, Vadim təsadüfi bir kəndin yox, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğulduğu Gərmətük kəndinin yetirməsidir!
O torpaq ki, illərlə qəhrəmanlar yetişdirib — bu dəfə də öz bağrından dünya səviyyəli qol güləşçisini çıxardı.
Sanki Həzi Aslanovun döyüş ruhu bu dəfə qol güləşinin masasının arxasında Vadimin damarlarında axırdı.
Gərmətükün adını bir zamanlar cəbhədə top sədaları ucaldırdı, bu gün isə idman meydanlarında Vadimin qələbə sədaları!
Uşaqlığı Moskvada, kökləri Gərmətükdə
Vadim 1987-ci ilin 29 iyun tarixində Moskva şəhərində anadan olub.
Anası və atası Lənkəran rayonunun Gərmətük kəndindəndir.
Uşaqlığının ilk illərini Moskvada keçirsə də, 5 yaşında ailəsi ilə birlikdə doğma Gərmətükə köçüb.
Burada böyüyüb, orta məktəbi bitirib və sonradan Azərbaycan Kooperasiya Universitetinə daxil olub.
Məhz tələbəlik illərində — universitetin ikinci kursunda — Vadim ilk dəfə qol güləşi ilə yaxından tanış olur. Deyilənə görə, o, bu idman növü ilə məşğul olmağa başlayandan cəmi 1-2 ay sonra Respublika üzrə gümüş medal qazanır.
O andan etibarən isə Vadim geriyə baxmır — qələbələr zənciri başlayır!
Heç vaxt uduzmayan azərbaycanlı
2008-ci ildə ilk dəfə Avropa çempionatında iştirak edən Vadim bürünc medal qazanır.
2010-cu ildə isə ABŞ-ın Las-Veqas şəhərində keçirilən Dünya Çempionatında yenidən üçüncü yer tutur.
Elə həmin il federasiya daxilindəki anlaşılmazlıqlar onu çətin qərar verməyə vadar edir — Rusiyaya köçür və bu ölkənin bayrağı altında çıxış etməyə başlayır.
Amma istedad və iradə sərhəd tanımır.
Vadim qısa zamanda 8 qat Rusiya çempionu olur, 2013-cü ildən isə Rusiya yığma komandasının üzvü kimi çıxış edir.
Defələrlə Avropa çempionu, dünya ikincisi və üçüncüsü olur.
Vətənə dönüş – yeni mərhələ, yeni zəfər!
Bəzən insanın ən böyük qələbəsi onun geri dönüşüdür.
Bu il Azərbaycan Qol Güləşi Federasiyasının vitse-prezidenti Azər Məhərrəmovun təşəbbüsü ilə Vadim yenidən Azərbaycan bayrağı altında çıxış etməyə başlayır.
Qısa zamanda ölkə kubokunu qazanır və beləliklə Bakıdakı Dünya Çempionatına vəsiqə əldə edir.
Sağ qolda – Dünya Çempionu!
Sol qolda – Dünya İkincisi!
Bu, təkcə idmançının şəxsi qələbəsi deyil, Azərbaycan bayrağının ən yüksək zirvələrdə dalğalanması deməkdir.
Vadimin hekayəsi sadəcə idman uğuru deyil — iradə, zəhmət və vətən sevgisinin dastanıdır.
O, gənclərə sübut edir ki, böyük olmaq üçün təkcə istedad yox, həm də əmək, inad və milli ruh lazımdır.
Bu gün Gərmətük kəndinin iki qəhrəmanı var:
biri cəbhə meydanının Həzi Aslanovu,
digəri isə idman meydanının Vadimidir.
Onların hər ikisi Azərbaycan adını güc, mərdlik və şərəflə ucaldır!
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru

