Azərbaycan humanitar fikrinin müasir tarixində Kamal Abdulla adı xüsusi bir yer tutur. Yazıçı, alim, ictimai xadim kimi onun fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq elmi və mədəni müstəvilərdə də Azərbaycanı layiqincə təmsil edən nümunədir. Kamal Abdullanın elmi araşdırmaları, bədii yaradıcılığı, eləcə də dövlət idarəçiliyində humanitar sahəyə verdiyi töhfələr bir ümumi xətt üzrə birləşir: dil, kimlik, mədəni yaddaş və multikultural dəyərlər.
O, Azərbaycan multikulturalizmini şüar səviyyəsində deyil, konkret layihələr, təşəbbüslər və insan taleləri üzərindən formalaşdıran ziyalılardandır. Prezident Administrasiyasında çalışdığı dövrdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə verdiyi diqqət və Himayəçilər Şurasının sədri kimi ortaya qoyduğu mövqe göstərdi ki, Kamal Abdulla üçün multikulturalizm sadəcə konsepsiya deyil — canlı, işlək və yaşadılan bir dəyərdir.
2015-ci il tarixi mənim üçün akademik Kamal Abdulla dünyasına bu gedən yolun başlanğıcı oldu. Yanvar ayında Kamal müəllim Multikulturalizm Mərkəzə gəlmişdi. Həmin görüşdə, İctimai televiziyanın əməkdşı Rauf Rəcəbovla birlikdə olduğumuz söhbətdə o, mənə multikultural mühitdə daha aktiv çalışmağı təklif etdi. Hətta Talış icması çərçivəsində BBMM ilə birgə fəaliyyət imkanlarının mümkünlüyünü də qeyd etdi. Bu təklif reallaşmasa da, mənə olan etimadın ilk ifadəsi idi.

Elə həmin il keçirilən Beynəlxalq “İpək yolu” festivalında mənə göstərilən etimad isə artıq praktik mərhələnin başlanğıcı oldu. 2015-ci ildə bu festivalda fəal iştirak etdim. 2025-ci ilin 3–4 iyul tarixlərində festivalın yenidən keçirilməsi zamanı məsuliyyət bir daha mənə etibar edildi. On il sonra eyni etimadın qorunması təsadüfi deyil, bu, ardıcıl əməkdaşlığın göstəricisi idi.
2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm ili” elan ediləndə Kamal Abdullanın mövqeyi sözlə yox, əməli dəstəkdə özünü göstərdi. “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabıma verdiyi razılıq və təqdimatın BBMM-də keçirilməsi mənim üçün sadəcə yaradıcılıq uğuru deyildi. Bu, dövlətin mədəni müxtəlifliyə verdiyi dəyərin konkret təzahürü idi.
Həmin kitabdan sonra Kamal müəllimin tapşırığı ilə multikultural layihələrin koordinasiyası mənə tapşırıldı. Bundan sonra 2017-ci ildə BBMM-nin loqosu ilə “Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları”, 2018-ci ildə isə talış dilində “Yolon Sıxanon” – (“Atalar Sözləri”) kitabım işıq üzü gördü.
2015-ci ildə keçirilən bir beynəlxalq forumda Kamal müəllimin auditoriya içində mənim çiynimə əlini qoyaraq Mərkəzin o zamankı direktoru Aynur xanıma dediyi söz isə həyatımın dönüş nöqtəsinə çevrildi:“Bu qızdan təkcə talışlar üçün yox, bütün xalqlar üçün faydalanmaq lazımdır.”
Bu yanaşma sonradan məni 11 xalqın dilində və Azərbaycan dilində tərcümələri əhatə edən layihələrə gətirdi. Professor Əbülfəz Rəcəblinin də vurğuladığı kimi, bu işlər artıq tək kitab deyil, lüğət və mədəni yaddaş funksiyası daşıyan toplular idi.
2021-ci ildə talış dilində nəşr olunan “DODO” qəzetinin 2017–2020-ci illəri əhatə edən toplusunun, 2023-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyim “Mən fəxr edirəm azərbaycanlıyam” – “Az fəxr kardeydam azərbayconıjim” kitabının Azərbaycan və talış dillərində təqdimatına BBMM tərəfindən geniş meydan verilməsi bu yolun davamı oldu. Həmin kitab EXPO Beynəlxalq Kitab Sərgisində də BBMM loqosu ilə yenidən çap edilərək oxuculara təqdim olundu.
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində formalaşmış mühit mənim üçün sadəcə bir əməkdaşlıq platforması deyil. Orada insan hörmət, anlayış və daxili rahatlıq tapır. Mərkəzin hazırkı direktoru Rəvan Həsənovla keçirdiymiz mütəmadi görüşlər, layihələr ətrafında məsləhətləşmələr bunu bir daha təsdiqləyir.
Görkəmli ədib, ictimai xadim Kamal Abdullanın 70 illik yubileyini ilin son günlərinə saxlayaraq qeyd etməyim təsadüfi deyil. Bu yubiley Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə üst-üstə düşür və onun bütün fəaliyyəti bu həmrəyliyin ideoloji əsaslarını möhkəmləndirir.
70 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Kamal Abdullanı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq enerjisi və yeni uğurlar arzulayıram. Kamal müəllimin simasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bütün əməkdaşlarını, xüsusilə daim qardaşlıq münasibəti göstərən Rəvan müəllim Həsənovu da təbrik edirəm.
Bu təbrik həm öz adımdan, həm də təsisçisi və baş redaktoru olduğum, doqquz ilə yaxın bütün çətinliklərə baxmayaraq mütəmadi olaraq nəşr etdiyim “Dodo” (Xanım-xatun) qəzetinin redaksiya heyəti adından Kamal müəllimə ünvanlanmışdır.
Mən bir daha inanıram ki, böyük ziyalı Azərbaycanın ədəbi, ictimai multikultural mühüti ilə nəfəs alan Kamal Abdulla kimi nəhəng şəxsiyyətlərin xidməti ilə Azərbaycan dövləti 2026-cı ildə də beynəlxalq aləmdə daha çox tanınacaq və multikultural dəyərlərimiz söz yox, əməl səviyyəsində yaşadılacaq.
Təbrik edirəm hörmətli əzizimiz Kamal Abdulla!

İradə Məlikova

“Dodo” qəzetininbaş redaktoru