Bəzən müqayisələr insanın yerini, tutduğu mövqeyi dəqiqliklə göstərir. Mən bu qənaətə jurnalist İdris Şükürlünün “Yaşa, Vətən” kitabı ilə tanış olduqdan sonra gəldim. Əslinə baxanda, bu kitabda toplanan oçerklərin əksəriyyətini Vətən müharibəsində tarixi Zəfərimizdən sonra dövri mətbuatda oxumuşdum. Lakin onları bir kitab halında yenidən oxumaq tamam başqa bir təsir bağışladı. Jurnalistin yazı üslubu, Azərbaycan əsgərinin hünəri, şəhidlərin ölməz ruhu oxucunu sükuta çəkir, düşünməyə vadar edir.

“Yaşa, Vətən” kitabı əsgər və zabitlərimizin cəbhədə göstərdiyi misilsiz qəhrəmanlığa, onların Vətən sevgisinə, torpaqlarımızın azadlığı uğrunda can fəda etməsinə həsr olunmuşdur. Kitabdakı yazıların hər sətrində Azərbaycan əsgərinin nəbzi döyünür. Burada şəhidlik yalnız ölüm deyil — ali məqam, Tanrı qatına yüksələn müqəddəs yol kimi təqdim olunur. Müəllif oxucunu Vətəni sevməyə deyil, Vətəni qorumağa çağırır.

“Sətirlərin göz yaşı” bölməsində müəllif yazır: “Biz nə qədər uzağa getsək də, dünyanın nemətlərini başımıza töksələr də, yenə gözümüz Vətəni arayar…” Bu fikirlər İdris Şükürlünün şəhidlik fəlsəfəsinin ana xəttidir. Onun üçün şəhidlik qəbul edilmiş elə bir həqiqi gerçəklikdir ki, ondan o yana daha ali məqam yoxdur. Şəhidlər Vətənin bir parçasından yaranır, torpağa dönərək yenidən Vətənə qayıdırlar.

Vətən müharibəsi Azərbaycan dövləti, milləti və ordusu üçün böyük bir sınaq, əsl mətinlik məktəbi oldu. Xalq–iqtidar–ordu birliyi bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədalət bərpa edildi. 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq şanlı bir gündür. Bu Qələbə danışıqlar masasında deyil, döyüş meydanında qazanıldı. Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı vəsiyyəti onun siyasi varisi, Ali Baş Komandan İlham Əliyev müdrik siyasəti, sarsılmaz iradəsi və güclü ordu quruculuğu ilə gerçəkləşdirdi. “Qarabağ Azərbaycandır!” nidası artıq bir şüar deyil, tarixi həqiqətdir.

İdris Şükürlü üçün Vətən anlayışı gənc nəslin yaddaşına yazılmalı olan müqəddəs dərsdir. O, gənclərin ürəyində vətən sevgisini erkən yaşlardan formalaşdırmağın vacibliyini vurğulayır. Böyük Heydər Əliyevin “Vətəni sevmək azdır, Vətəni qorumaq əsl vətəndaşlıqdır” fikri onun yaradıcılığında aparıcı ideyadır.

Qeyd etmək lazımdır ki, İdris Şükürlü təkcə masa arxasında yazan jurnalist olmayıb. O, hələ 1992-ci ildə vətənin ağır günlərində cəbhə bölgələrində olmuş, Lerik rayon nümayəndə heyətinin tərkibində əsgər və zabitlərimizlə görüşmüş onları vətəni qorumağa ruhlandırmışdır. Hərbi hissələrə yardımlar göstərmiş, döyüşçülərin həyatını, ruhunu qələmə almışdır. Ordu generalı Altay Mehdiyevlə görüşləri, ordunun uğurlarına verdiyi dəyər onun yazılarında canlı faktlara çevrilmişdir.

Onun “Yaşa, Vətən” kitabı sadəcə publisistika nümunəsi deyil, həm də gələcək üçün möhkəm epik əsərlər üçün təməl hesab oluna bilər. Müəllif material toplamaq üçün kəndbəkənd, ev-ev gəzmiş, şəhidlərin döyüş yoldaşları, müəllimləri, valideynləri ilə söhbətlər aparmış, səmimi bədii lövhələr yaratmışdır. O, arzuları yarımçıq qalmış şəhidlərin ömrünü yazıları ilə tamamlamış, onları mənən yaşatmışdır. Beləliklə də, İdris Şükürlünün şəhidlər haqqında 7 kitabı oxuculara təqdim olmuş və yaddaşlarda möhkəm iz buraxmışdır.

Yarım əsrə yaxın bir dövrdə jurnalistikada “döyüşən əsgər” kimi fəaliyyət göstərən İdris Şükürlünün zəhməti dövlət tərəfindən də layiqincə qiymətləndirilib. O, 2010-cu ildə Milli Mətbuatın 135 illik yubileyində-Milli Mətbuat günü Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş, müxtəlif illərdə Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının, Lerik rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə 2026-cı ildə isə Milli Mətbuatın 150 illik yubileyində Prezident İlham Əliyevin təsis etdiyi “Həsən bəy Zərdabi” medalı ilə təltif olunmuşdur.

50 ilə yaxın yaradıcılıq yolunda İdris Şükürlü gəncliyini zamana versə də, əvəzində xalqın alqışını, “sağ ol”unu, yaddaşlarda yaşayan əsərlərini qazanmışdır. Onun qazancı — Vətənə xidmət, şəhidlərin ruhuna ehtiram, gənc nəslə örnək olan ömür yoludur.

Sənə halaldır bu ad, bu mükafatlar!

Sən dövlətimizin və mətbuatımızın hər bir dəyərinə layiqsən. İnanırıq ki, qarşıda səni yeni yaradıcılıq uğurları gözləyir.

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru, yazıçı-publisist

23.01.2026