Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Masallı Kitab Festivalı – 2026” regionun mədəni həyatında silinməz izlər qoyaraq başa çatdı…

30 aprel – 2 may tarixlərində Masallı rayon İcra Hakimiyyətinin qarşısında baş tutan bu möhtəşəm mədəniyyət hadisəsi, kitabın və mütaliənin cəmiyyətimiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Arzu xanım Bağırovanın rəhbərlik etdiyi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB, Masallı rayon İcra Hakimiyyəti, MÜTDA və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bu festival, həm də geniş tərəfdaşlıq şəbəkəsi ilə yadda qaldı. Biz də “Dodo” qəzeti redaksiyası olaraq, intellektual inkişafa xidmət edən bu platformanın fəal dəstəkçisi olmaqdan qürur duyuruq.

Festivalın ən yadda qalan və bizim üçün xüsusi əhəmiyyət kəsb edən məqamı yerli qələm sahiblərimizin fəal iştirakı oldu. “Masallı Göy Qurşağı” ədəbi məclisinin üzvləri öz varlıqları ilə festivala xüsusi rəng qatdılar.

Məclisin dəyərli üzvləri — Xanalı Tolış, Rafiq Məmməd, Allahverdi Bayrami, Camal Lələzoə, Xudaşirin Cəbiyev, Miyanku Sadıx Məmmədov, Bəhram Şəms, Məmməd Əvəzoğlu, Əlizaman Baxış, Ədalət İsaxanlı (Qasımlı kəndi), İmanqulu Məmmədov, Ədalət Əkbər, Afiq Umman, Sübhan Abbasbəyli, Arif Fərzəli, Mehdi Fəyyazlı, Dilşad Kərimli, Rəna Əlisaqızı, Əlisa Qədiyev, Qədiməli Eloğlu, Sabir Abışoğlu və digər yazıçı-şairlərimiz oxucularla ünsiyyətdə oldular. Yerli ziyalılarımızın bu mötəbər kürsüdə yer alması bizim mədəni sərvətimizin təbliğidir.

Respublika səviyyəli tanınmış simaların — Varis Yolçuyev, Rövşən Abdullaoğlu, Rüstəm BehrudiFizuli Bayatın imza günləri, millət vəkilləri Elçin MirzəbəyliCeyhun Məmmədovun gənclərlə görüşləri festivalın miqyasını daha da böyütdü. Şair Əkbər Qoşalının seçilmiş əsərlərinin təqdimatı isə poeziya həvəskarları üçün əsl hədiyyə oldu.

Bu kimi tədbirlər sadəcə kitab satışı deyil, həm də böyük bir maarifçilik missiyasıdır. Bizim də Lerikdə planlaşdırdığımız, lakin müəyyən səbəblərdən (bəlkə də Ulu Öndərin doğum gününə daha möhtəşəm uyğunlaşdırılması üçün) bir qədər gözlədilən təqdimatlarımız üçün bu festival böyük bir təcrübə oldu.

“Dodo” qəzeti olaraq, festivalın ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Arzu xanım Bağırovaya və Masallı ədəbi mühitini təmsil edən bütün ziyalılarımıza dərin təşəkkürümüzü bildiririk.

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru