
Bu gün mənim üçün çox kədərli, eyni zamanda qürurlu bir gündür. Əgər anam Məryəm xanım sağ olsaydı, bu gün onun 77 yaşı tamam olacaqdı. Üç il əvvəl onu itirsəm də, onun ruhu, nəsihətləri və bizə verdiyi tərbiyə hər an mənimlədir.
Anam əsl qəhrəman idi. Ömrünün son 15 ilini xəstəliklərlə (şəkər, təzyiq, ürək) yataqda keçirsə də, o, heç vaxt şikayət etməzdi. Daxili zənginliyi, gücü və səbri ilə bizə örnək olardı. Atam Şirzad Baxşiyev və anam Məryəm xanım ömürlərini əmək veteranı kimi dövlətimizə xidmətə həsr etmişdilər. Atam “Şərəf nişanı” ordeni, hər ikisi isə “Əmək veteranı” medalları digər medallarla ilə təltif edilmişdi. Onlar bizi – 5 uşağı çətin şəraitdə böyütsələr də, evimizdə heç vaxt qonaq-qara əskik olmazdı.
Bir gecə saat 12-də evimizə 22 nəfər əsgər gəlmişdi, atam və anam onları yedirdib yerlərini saldırmışdı, hətta əsgərlərin ayaqqabılarının palçığını da yuduzdurmuşdular. Onların nə qədər böyük ürəkli olduqlarını bir əhvalatla heç vaxt unutmaram: . Valideynlərimin bu böyüklüyünü yaşa dolduqca daha dərindən dərk edirəm.
Mən 8-ci sinifdə oxuyarkən sənədlərimdə bir problem yaranmışdı. Anam bir günün içində Lerik şəhərinə gedib-qayıtdı, arayışı gətirdi və mən qəbula sənədlərimi çatdıra bildim. O fədakar qadın olmasaydı, bəlkə də həyatım başqa cür cərəyan edərdi. Mən Bakı Politeknik Texnikumunu, daha sonra İnşaat Mühəndisləri Universitetini bitirdim. Bu uğurlarımda valideynlərimin əvəzsiz əziyyəti var.
Texnikumda oxuyarkən sinif rəhbərimiz Müsəllim müəllim valideynləri dəvət etmişdi. Anam da məndən şikayət olub-olmadığını bilmək üçün gəlmişdi. Müsəllim müəllim gözəllik aşiqi idi və o, sinfə girib hamını sükuta qərq etdikdən sonra gözlənilməz bir söz dedi:
“Ay uşaqlar, siz heç bilirsiz İradənin nə gözəl anası var!” – demişdi. Sinifdəki gərginlik bir anın içində gülüşə çevrilmişdi, müəllim məni çox tərifləyib halal olsun belə bir qız böyütmüsüz demişdi. Həmin gün anamın gözəlliyi və mənim təriflənməyim heç vaxt yadımdan çıxmaz. İndi həm anam, həm də Müsəllim müəllim həyatda yoxdur, Allah onlara rəhmət eləsin.
Hələ 43 il əvvəl, 8-ci sinifi bitirib texnikuma sənəd verən zaman, gənc bir həvəskar kimi qələmə aldığım bu şeiri anamın əziz xatirəsinə hələ də özüm üçün muğam və ya mahnı kimi ifa edirəm. Bu şeiri anamın mənim üçün Lerikə gedib arayışı gətirdiyi gün, yolunu gözləyərkən onun çəkdiyi əziyyətə qatlaşdığı üçün yazmışam:
“Ana”
Dünyada hər şeydən əzizsən, ana,
Bir an belə sözündən çıxmaram, ana.
Sən mənim həyatım, varımsan, ana,
Bir an belə gözümdən getmirsən, ana.
Həyatda zəhmətin çox olub, ana,
Zəhmətinin bəhrəsini tez alaq, ana.
Ömrüm boyu sənə qurbanam, ana,
Hər şeyi qəlbimlə qandıran ana.
Bu günkü həyatda borcluyam sənə,
Borcumu qaytara bilmirəm, ana.
Ana borcunu qaytarmaq olmaz,
Bu gün mən özüm qurbanam sənə.
(4 iyul 1983-cü il)
Mən valideynlərimin əziyyətini heç yerdə qoymadım, bu gün də dövlətimə lazım olan vətəndaş olmaq üçün çalışıram. Allah heç bir evi böyüksüz qoymasın. Nur içində yat, əziz anam!
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru
