Suriyalılar üsyan qaldırandan bəri – son doqquz ildə rejim başçısı Bəşər Əsəd ilk dəfə ən ciddi problemlərlə qarşı-qarşıya qalıb. Ailənin dağılması, iqtisadiyyatdakı iflas və əsas müttəfiqi Rusiya ilə münasibətlərdə artan gərginlik onun rejiminin nə qədər qeyri-sabit olduğunu əyani şəkildə göstərir. Artıq Suriyada Əsəd üçün əsas təhlükə nə üsyançı müxalifət, nə də kənar güclərdir. Son yarım əsrdir Əsəd ailəsi tərəfindən idarə olunan Suriyada prezidenti vəzifəsinə ciddi namizəd yoxdur.


Rus mediasında Moskvanın Suriya başçısı Bəşər Əsədə alternativ axtarışına çıxması haqda məlumatlar yayılıb.

Əsəd hakimiyyəti və onun tərəfdarlarının birləşdiyi qruplarda çatlar görünməyə başlayıb. Rus mediasında baş verən nadir tənqid partlayışı da Əsədin İran və Rusiya kimi xarici müttəfiqlərindən nə qədər asılı olduğuna diqqət çəkir. Ən əsası, iqtisadiyyatın çökməsi suriyalıları müasir tarixdə görünməmiş bir miqyasda yoxsulluq uçurumuna salır. Nə Rusiya, nə də İran Suriyaya yenidən qurulması və yenilənməsi üçün milyardlarla dollar verə bilməz.


Ancaq Əsəd yenə də Qərbdən və körfəzdən maliyyələşmə qapısı aça biləcək siyasi islahatları rədd edir.


Ölkənin üçdə bir hissəsi hələ də Əsədin nəzarətindən kənardadır və bu arada, ölkənin cənubundakı Dara əyalətində hökumət qüvvələrinin ələ keçirdiyi ərazilərdə üsyançı hərəkatı canlandıra biləcək yeni iğtişaşlar yaranmaqdadır. Bu və digər faktorları nəzərə alan Əsəd bu gün hər zamankindən daha həssasdır.


Londonda yerləşən “Çatam Haus” düşüncə mərkəzinin hərbi mütəxəssisi Lina Xatibə görə, Əsəd hazırda tamamilə İran və Rusiyanın dəstəyindən asılıdır: “Seçicilərə verə biləcəyi daxili imkanları yoxdur. Onun beynəlxalq legitimliyi də yoxdur və münaqişədən əvvəl sahib olduğu hərbi gücə sahib deyil. Onun alət dəsti boşdur və həmişəkindən daha həssasdır”.


Əsəd ailəsinin dağılması


Bəşər Əsədlə əmisi oğlu Rami Məxluf arasındakı ictimai mübahisə artan problemlərin yalnız bir əlamətidir. Məxluf dövlətin onun aktivlərini müsadirə etmək cəhdlərindən şikayətlənir, bu, artıq onun prezidentlə birbaşa əlaqə qura bilmədiyini göstərir. Məxlufun açıqlamaları təhdid xarakteri almağa başlayıb. O, hökumətə vergi və rüsum şəklində borclu olduğu 600 milyon dolları könüllü olaraq geri qaytarmayacağını açıqlayıb.


Məxluf minlərlə suriyalının çalışdığı bir şirkət şəbəkəsini idarə etdiyi üçün Suriya iqtisadiyyatında xaos yarada biləcəyinə işarə edir. Bunların arasında ölkənin ən böyük şirkəti – mobil rabitə operatoru “Syriatel” də var.


“Müharibə vaxtı təslim olmadım. Bu vəziyyətdə təslim olacağımı düşünürsən? Belə çıxır ki, məni tanımırsan”, – Rami Məxluf bildirib.


Ekspertlərə görə, Məxlufa hücumlar müharibədən pul qazanan yeni və nüfuzlu biznes elitasını Suriyai qtisadiyyatını dəstəkləmək üçün pul köçürməyə məcbur etmək məqsədilə geniş miqyaslı cəhdlərin bir hissəsi olaraq həyata keçirilir. Yəni, Əsəd müharibədə itirdiyi nüfuzunu iş adamları vasitəsilə geri qaytarmağa çalışır. Bu məqsədlə öz əmisi oğluna qarşı ova başlayan Əsəd hakimiyyət uğrunda mübarizəni istəmədən hakim ailənin mərkəzinə çəkib.


Əsədin keçmiş dostu Ayman Abdel Nur Suriyanın hakim ailəsi daxilində ciddi proseslərin baş verdiyini bildirib: “Bu çox ciddidir. Bu, digər iş adamlarına qarşı atılan addımlardan fərqlidir”.


Onun sözlərinə görə, Məxluf Əsədin prezidentliyi üçün təhlükə deyil. Lakin Məxluflar hakim ailənin mənsub olduğu ələvi təriqətində vacib ailədir. Məxlufun şirkətləri, xeyriyyə təşkilatları on minlərlə suriyalıya dolanışıq təmin edir. Habelə onun xeyriyyə təşkilatları yaralı əsgərlərə yardımın əsas mənbələrindən birinə çevrilib. Buna görə də ələvi icmasının dəstəyinə malikdir.


“Cənab Rami, biz sizinləyik. Siz kasıbın atasınız və onlar – oğrular xalqı qarət edirlər”, – suriyalılar Məxlufa göndərdikləri mesajlarında yazırlar.


Abdel Nur Məxlufun Suriyanın ictimai-siyasi həyatında böyük və əhəmiyyətli faktora çevrildiyini bildirib.


Suriyalı politoloq Denni Makki Məxlufun prezidentə açıq şəkildə itaət etmədiyini söyləyib: “İndi biz onun yalnız bir iş adamı ilə arasındakı fikir ayrılıqlarını deyil, həm də prezident və prezidentlik institutu ilə fikir ayrılıqlarını müşahidə edirik.Uzunmüddətli perspektivdə iqtisadiyyatın necə olacağı ilə bağlı daha vacib bir sual var. Əsəd üçün bu, vəziyyətdən çıxış yolu tapmaq üçün zamana qarşı bir yarışdır. Bu, təkcə rejimin sağ qalması məsələsi deyil, söhbət bütün ölkənin taleyindən gedir”.


İqtisadi dalan


Makkiyə görə, Suriyanın azalmış milli sərvətləri əhalinin yoxsulluq vəziyyətinə gətirildiyi bir vaxtda kiçik bir dairənin əlində cəmləşib və orada bölüşdürülür.


Son bir ay ərzində Suriya valyutası dəyərinin yarısından çoxunu itirib. Ötən ay ölkədə çörək və şəkərin qiymətləri iki dəfə artıb, Dünya Qida Proqramının hesabatında bildirildiyi kimi, Suriyada aclıq təhlükəsi var. Suriya valyutasının devalvasiyası Livan funtunun kəskin dəyərdən düşməsi səbəbindən sürətlənib. Ölkə üçün daha ciddi problem iqtisadi iflasdır. ABŞ və Avropa İttifaqının Əsədin müxalifətlə kompromisə getməsinə yönəlmiş sanksiyaları iqtisadi böyüməyə təkan vermək üçün lazım olan investisiya və yenidənqurma fondlarını da əhatə edir.


İyun ayında Suriya rejimini dəstəkləyən hər hansı bir fərdi və hüquqi şəxsi cəzalandıracaq “Sezar Qanunu” na uyğun olaraq, ABŞ-ın yeni sanksiyaları qüvvəyə minəcək.


Keçmiş kənd təsərrüfatı naziri Nurəddin Muna Feysbukdakı səhifəsində ölkədəki vəziyyət haqda, “Suriyadakı əhval indi tutqun və qorxuludur”, deyib: “Üfüqdə proqnozlaşdırmaq və şərh etmək çətin olan hadisələr inkişaf edir. Suriya xalqı qorxu və aclıq hissi keçirir”.


2012-ci ildə Suriyanın Vaşinqtondakı səfirliyindən qaçan keçmiş suriyalı diplomat Bassam Barabandi də ölkədəki son vəziyyətə diqqət çəkib: “Əsəd nadir hallarda tənqid olunur, qəzəb ancaq mühitdə korrupsiyaya uğramış məmurlara yönəldilir. Müharibə bütün dövləti zəiflətsə də, Əsəd “zəiflər arasında ən güclü” olaraq qalır”.


Narazı patron


Rusiya ilə münasibətlərindəki gərginliyə görə Əsədə təzyiqlər də güclənir. Bu yaxınlarda Rusiya mediasında onun rejimini intizamsızlıq və korrupsiyaya görə tənqid edən yazılar dərc olundu. Bu, Əsədin Rusiyaya dəstəyinin getdikcə azalmasına dair fərziyyələrə gətirib çıxarır.


Əsədin ən məşhur tənqidçisi Rusiyanın Suriyadakı keçmiş səfiri Aleksandr Aksenenokdur. O, Əsədin siyasi güzəştdən imtina etməsinin Rusiya maraqlarına zidd olduğunu söyləyib: “Görünür, Dəməşq ağlabatan uzaqgörənlik və çeviklik göstərməyə meylli deyil. Rejimin korrupsiya və cinayətkarların qarşısının alınmasına şərait yaradan dövlət idarəetmə sistemini qurmaq istəməməsi və ya bilməməsi getdikcə daha aydın görünür”.


Amma rus analitiklərinin fikrincə, bu cür şərhlərdə Moskvanın mövqeyində ciddi dəyişikliklərin olacağına inanmağa heç bir əsas yoxdur. Məsələn, analitik Fedor Lukyanov hesab edir ki, 2015-ci ildə bu qarşıdurmaya birbaşa müdaxilə etməklə Rusiya ən vacib xarici siyasət məqsədlərinə çatdı və əldə edilənlərdən imtina etmək niyyətində deyil: “Əlbəttə, Əsəd Rusiyanın dəstəyindən asılıdır, lakin siyasi baxımdan Rusiya da ondan asılıdır. Rusiyanın onu taleyinin mərhəmətinə buraxması qəbuledilməzdir, çünki bu, onun çox böyük siyasi ziyanına səbəb olacaq”.


Ancaq rus politoloq Nikolay Surkova görə, Moskva rejimin siyasi islahatlara getməyə razı olmamasından narazıdır: “Əsədin mütləq hakimiyyətini zəiflədən bu cür islahatlar həqiqi və davamlı barışıq üçün ən vacib şərt hesab olunur. Hökumət müharibədə qalib gəlsə də, xalqın narazılığının səbəbləri aradan qaldırılmayana qədər yenilənmiş üsyan riski çox yüksək qalacaq”.


Florensiyadakı Avropa Universitetində çalışan Abdo Cabassini qeyd edib ki, ilk dəfə 2011-ci ildə mərkəzi hökumətə qarşı üsyan edən cənub əyalətindəki son iğtişaşlar belə bir təhlükənin reallığını sübut edir: “Vəziyyətin təhlükəli hal aldığını görən hökumət son aylarda bu bölgəyə çox sayda hərbi qüvvə cəlb edib. Bu iğtişaşların arxasında kimin dayandığı bəlli deyil, amma yeni bir inqilabçı hərəkatın meydana gəldiyi görünür”.


Əsədin çətinliklərinin olduğunu göstərən başqa bir nümunə, İdlibin şimal-qərb əyalətində döyüşlərin dayandırılmasıdır.


Mart ayında müxaliflərin nəzarətində olan ərazilərdə hökumət qüvvələrinin Rusiya tərəfindən dəstəklənən hücumundan sonra gözlənilmədən Türkiyə qüvvələrinin şiddətli əks-hücumuna məruz qaldıqdan sonra Rusiya rejimdən çox Türkiyə maraqlarını nəzərə alan atəşkəs sazişi bağladı. Lukyanovun sözlərinə görə, Əsəd Rusiyanın dəstəyi olmadan bu əraziləri azad edə bilməyəcək.


Bütün bunlar, Əsədin yaratmağa çalışdığı təəssüratın əksinə olaraq, onun ölkəni müstəqil şəkildə idarə etmədiyi və bu səbəbdən xarici asılılığının ən yüksək səviyyədə artdığını göstərir. Bu isə həm onun iqtidarı, həm də ölkəsi üçün təhlükəli risklər yaradır.


Siyasi təhlilçi Makkiyə görə, indiki dövr müharibənin bundan əvvəlki dönəmlərindən daha təhlükəlidir və daha çətindir: “Əsəd həll yolu tapmasa, heç vaxt sabit bir Suriyaya rəhbərlik etməyəcək”.


Mənbə: teleqraf.com

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO