“Ekstrakorporal membran oksigenləşdirmə (EKMO) cihazına qoşulan Bəhram Bağırzadənin həyatı uğrunda mübarizə 48 saatdan çoxdur ki, davam edir. Allaha şükür, bu müddət ərzində xəstənin vəziyyətində mənfi dinamika yoxdur”.

Bunu Media.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Həkimin sözlərinə görə, Bəhram Bağırzadənin analizlərinin nəticələrində kiçik də olsa, müsbət dəyişikliklər nəzərə çarpır ki, bu da ümid verir.

“Dünya təcrübəsi göstərir ki, ağciyərləri belə zədələnən xəstələrin müalicəsi qısa müddət ərzində müsbət nəticə verə bilməz. İndi bizim üçün ən başlıcası xəstəni EKMO aparatı altında saxlamaqda davam edərək, digər orqanların funksionallığını qorumaqdır. Düşünürəm ki, mübarizəmiz az vaxt aparmayacaq”, – deyə o bildirib.

Onun fikrincə, mediada yayılan videolar və bu kimi digər məlumatlar həqiqəti əks etdirmir.

“Hər kəsdən Bəhram Bağırzadənin ailə üzvlərinin və xəstənin müalicəsi üçün bütün lazımi tədbirləri görən tibb işçilərinin hisslərini nəzərə alaraq, ifadələrində daha nəzakətli olmalarını xahiş edirəm”, – deyə R.Mahmudov vurğulayıb.

Onun sözlərinə görə, B.Bağırzadənin ağciyərlərinin transplantasiyası məsələsi gündəmdə deyil. Belə vəziyyətdə orqan nəqli məsələsindən söhbət gedə bilməz. Bunu beynəlxalq təcrübə də sübut edir.

“Bütün koronavirus xəstələri kimi, Bəhram Bağırzadənin də müalicəsi davam edir. Hər hansı dərman və ya tibbi avadanlıq çatışmazlığı yoxdur. Ümid edirik ki, müsbət nəticə əldə edəcəyik və bütün xəstələr sağalacaq”, – deyə o bildirib.

Xatırladaq ki, Əməkdar artist Bəhram Bağırzadə 2020-ci ilin 13 iyun tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Yeni kompüter tomoqrafiyası əvvəlki mərhələyə nisbətən xəstəliyin ciddi mənfi gedişini ortaya çıxarıb. Sənətkarın ağciyər toxumasının 90 faizindən çoxunun zədələndiyi məlum olub. Ağciyərlərin süni ventilyasiyası (ASV) ilə intensiv müalicəyə baxmayaraq, saturasiyanın (qanın oksigenlə doyması) artırılmasına nail olunmayıb. Gün ərzində saturasiya nisbəti 50 faiz civarında qaldığına görə, konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulması qərara alınıb.

EKMO – xəstənin həyatına və bədəninin fəaliyyətinə müvəqqəti dəstək vermək üçün süni ürək və ağciyərdən istifadə edən xüsusi müalicə metodudur. Mərkəzi Gömrük Hospitalında EKMO cihazına qoşulduqdan sonra xəstənin vəziyyəti nisbətən sabitləşib və saturasiya 95 faizə qədər yüksəlib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO