“/>

“Prezident İlham Əliyev hər bir vətəndaşa nümunə göstərdi”.


Bunu Qaynarinfo-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Preziden İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən qapalı məkanda maskadan istifadə etməsindən danışarkən deyib. 

Deputat qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı özünü və yaxınlarını qorumalıdır:


Asim Mollazadə


“Bundan əlavə sosial məsafə saxlamalı, qoruyucu vasitələrdən istifadə etməlidir ki, Azərbaycanda epidemiyanın qarşısı alınsın. Çox təhlükəli vəziyyət yaranıb. Ona görə hamı karantin qaydalarına əməl etməlidir. Karantin rejiminin yumşalması nəticəsində bəzi vətəndaşlar məsuliyyətsizlik edib, özlərini qorumadılar. Qoruyucu vasitələrdən istifadə etməyib, sosial məsafə saxlamadılar. Nəticədə yoluxmaların artımı müşahidə olundu. Vəziyyət getdikcə pisləşir. Ola bilər ki, virusa yoluxan xəstələrin müalicəsi üçün müalicə müəssisələri də çatışmasın. Vətəndaşlara müraciət edirəm ki, özlərini qorusunlar. İki günlük karantin qaydalarının sərtləşdirilməsinin əsas səbəbləri vətəndaşların sağlamlığıdır. Çox istərdim ki, hər bir Azərbaycan vətəndaşı özünü və yaxınlarını qorusun”.


Hökumətin koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədi ilə atdığı addımları tədqir edən Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə vətəndaşları məsuliyyətli olmağa çağırıb:


Arzuxan Əlizadə 


“Milli İstiqlal Partiyası Azərbaycanda pandemiya ilə əlaqədar Operativ Qərargahın bütün tövsiyyə və qərarlarını dəstəklədiyini bəyan edib. Bundan əlavə partiya 10 bəndən ibarət təkliflər hazırlayıb və bəyan edib. Təkliflərimiz demək olar ki, pandemiya dövründə hamısı keçərli olub. Biz pandemiya dövründə Azərbaycan hökümətinin atdığı addımların əksəriyyətini təqdir etdik və nəticə də göz qabağındadır. Azərbaycanda digər ölkələrlə müqayisədə yoluxma halları daha az olub. Bundan əlavə ölüm faktları da azlıq təşkil edir. Bu onunla bağlıdır ki, atılan mərhələli addımlar öz bəhrəsini verir. Şübhəsiz ki, daim qadağalar altında yaşamaq mümkün deyil. Bu insanların gündəlik həyatına ciddi təsirlərini göstərir. Bunu nəzərə alaraq Operativ Qərargah qoyulan qərarlarda yumşalmalar etdi. Amma tövsiyyələr olunurdu ki, vətəndaşlar sosial məsafə saxlasın, maska taxsın və s. Təəssüf ki, vətəndaşların əksəriyyəti bu tövsiyyələrə əməl etmədilər. Məsələn, iyunun 1-də Uşaq Günü idi. Həmin günü müşahidə elədim ki, böyük əksəriyyət açıq və qapalı məkanlarda axışdı, maskadan istifadə etmədi. Bu da öz nəticəsini göstərdi. Yoluxmaların sayında ciddi artım müşahidə olundu. Bu səbəbdən də qadağalar bir az sərtləşdirildi. Qarşıdan gələn həftə sonlarında vətəndaşların küçəyə çıxmaması qadağası qoyulub. Sosial məsafənin saxlanılması və maskadan istifadə edilməsi bu prosesdə lazım şərtdir. Prezident İlham əliyevin Tərtərə səfəri zamanı maskadan istifadə eləməsi özü birbaşa vətəndaşlara bir mesaj idi. Prezident məmurdan sıravi vətəndaşlara qədər hər kəsə mesaj verir ki, maskadan istifadə olunmalıdır. Mən də hesab edirəm ki, maskadan istifadə mütləqdir və vacibdir”.     


Azadlıq Partiyasının sədri Əhməd Oruc da qaydalara əməl olunmasının vacibliyini vurğulayıb:


Əhməd Oruc 


“Mən qaydalara həmişə əməl olunmasının tərəfdarıyam. Bizim millət qadağalara daha meyllidir, nəyinki tövsüyə və məsləhətlərə. Bundan başqa insanların maddi təminatı olmalıdır ki, məcbur olub evlərini tərk etməsinlər”.


Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, Prezident İlham Əliyevin addımı hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır: 


Ağasif Şakiroğlu


“Hesab edirəm ki, hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi olduqca doğru qərarlar idi. Qəbul edilmiş qərarlar nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli şəkildə çıxmaq prosesi artıq başlayıb. Lakin vətəndaşların əksəriyyətinin karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanların sayı arasında ciddi fərqlər yarandı. Bu səbəbdən də karantin rejiminin yenidən sərtləşdirilməsi gündəmə gəldi. Əminəm ki, qəbul edilmiş son qərarlar iqtisadi cəhətdən dövləti zərərə salsa da, vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maska və tibbi spirtin ölkədə istehsalının təşkili vətəndaşlarımızın rahatlığına xidmət edir. 


Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən qapalı məkanda maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edərək özünü, yaxınlarını və ətrafda olan insanların sağlamlığının qorunması məqsədilə əməl etməlidir”.


Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu Azərbaycanın koronavirus pandemiyasına, onun yayılmasının qarşısının alınmasna ən səmərəli töhfə verən ölkələrdən biri olduğunu bildirib: 

 

Teyyub Qənioğlu


“Sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə, pandemiyanın yayılmasının qarşısının alnması, onun insanlara və iqtisadiyyata mənfi nəticələrinin tezliklə aradan qaldırılması mümkün olmayacaq. Dünyanın bütün ölkələrini cənginə alan koronavirus pandemiyasına, onun yayılmasının qarşısının alınmasna ən səmərəli töhfə verən ölkələrdən biri, bəlkə də, birincisi Azərbaycandır. Məhz bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, indiyə kimi ölkəmizdə koronavirusun nəzarət altında saxlanılması mümkün olub, onun geniş yayılmasının qarşısı alınıb. 


Aprel ayının sonlarından etibarən pandemiyanın nisbətən səngidiyi nəzərə alınaraq mayın 4-dən sonra xüsusi karantin rejiminin yumşaldılması və tətbiq edilən məhdudiyyətlərin xeyli hissəsinin aradan qaldırılması ilə bağlı qərar qəbul edilmişdi. Bu qərar qəbul edilərkən vətəndaşlarımızın pandemiyanın yayılmasının qarşısının alınması üçün müvafiq tövsiyələrə riayət edəcəkləri, xüsusilə də, ictimai yerlərdə, metro və avtobuslarda, insanların çox toplandığı yığıncaqlarda və s. maska taxacaqları əsas götürülmüşdü. Ancaq bir çox vətəndaşlarımız tövsiyələrə əməl etmirlər, beləliklə də, həm özlərinin, yaxınlarının, həm də ətrafdakıların koronavirusa yoluxma təhlükəsini artırırlar. Bunun nəticəsidir ki, son günlər koronasirusa yoluxma dərəcəsi artır, sağalanların sayının yoluxanların sayından xeyli geri qalması müşahidə edilir. Çox təəssüf ki, hələ də bir çox vətəndaşlarımız pandemiyaya laqeyd yanaşır, onun insanların sağlamlığına, həyat və fəaliyyətinə, ölkə iqtisadiyyatına vürduğu və qarşısı alınmasa, vura biləcəyi mənfi təsirləri nəzərə almırlar. Yaranmış mövcud vəziyyət pandemiyanın geniş yayılmasının qarşısının alınması, onun təmamilə yox edilməsi məqsədi ilə karantin rejiminin sərtləşdirilməsini tələb edir. 


Bu gün Baş nazir Əli Əsədovun koronavirusla mübarizəyə görə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı xalqa müraciət etdi. Operativ Qərargah koronavurusa yoluxma hallarının artmasını nəzərə alaraq həftəsonu Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq edilməsinə, o cümlədən ərzaq dükanları və apteklər daxil olmaqla biznes strukturlarının fəaliyyətinin dayandırılmasına qərar verdi. Bunlarla yanaşı, yoluxma intensivliyinin yüksəldiyini nəzərə alaraq qarşıdakı bir və ya iki ay ərzində həftənin son iki-üç günü-cümə günü axşamdan bazar ertəsi səhərə kimi – ictimai və fərdi nəqliyyat hərəkətinin, küçəyəçıxmaların, iş rejiminin məhdudlaşdırılması, işə getmə və zəruri hallarda evdən çıxmaya görə SMS-lə icazə alınması da, bir sözlə, tam qapalı rejimin yaradılması təklif olunur. Sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə, pandemiyanın yayılmasının qarşısının alnması, onun insanlara və iqtisadiyyata mənfi nəticələrinin tezliklə aradan qaldırılması mümkün olmayacaq. Ona görə də vətəndaşlarımıza koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlərə anlayışla yanaşmağı, müvafiq tövsiyələrə ciddi əməl etməyi tövsiyə edirəm. 


Prezident İlham Əliyev iyun ayının 3-də Tərtərdə, Olimpiya Kompleksinin açılışında, çıxış edərkən sosial məsafə sağlamağın və maska taxmağın nümunəsini göstərdi, bunula da, koronavirusun yayılmasının qarşısının alınması üçün hamılıqla tövsiyələrə riayət edilməsinin vacibliyini bir daha nümayiş etdirdi. Hər bir vətəndaşımıza bu sahədə Prezident İlham Əliyevdən nümünə götürməyi tövsiyə edirəm”.


Bahar Rüstəmli

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO