“Vaşinqtonun Çinə qarşı siyasəti də sərtləşəcək”.


Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, dövlətlər həm koronavirusla mübarizə aparır, həm də keçmişdə olduğu kimi öz aralarındakı mübahisələrini davam etdirirlər:

“Bu sırada Çin seçilir, Pekin keçmiş illərdən fərqli olaraq hücum diplomatiyasına keçib.  Məşhur “Wall Street Journal” dərgisində yayınlanan yazıda Çin Xarici İşlər Nazirliyinin diplomatlarına Pekinin siyasətini tənqid edənlərə qarşı  fəal olmağı tapşırıb. Çinli diplomatlar hətta tərəfdaş olduğu ölkələrdə fəallaşıblar. Məsələn Venesuella Çinin əsas tərəfdaşlarından sayılır. Buna baxmayaraq, Venesuella parlamentinin üzvlərinin virusu “Çin koronavirusu” adlandırdırmasına Çinin bu ölkədəki səfirliyi sərt və bəlkə də əndazəni aşan reaksiya verib. Səfirliyin bəyanatında bu sözlər yer alıb: “Siz onsuz da çox xəstə olduğunuz üçün lazımi müalicəni istəməyə tələsin. Virusdan qorunmaq üçün maska geyinin”. 


Çinin Fransadakı səfirliyi də bəyanatları ilə seçilir. “Wall Street Journal” dərgisində Çinin Parisdəki səfirliyinin bu ölkənin rəsmiləri və ictimai xadimləri ilə qızğın mübahisələrə girişdiyini yazıb. Digər misal. Fevral ayında Çinin Nepaldakı səfirliyi, Nepalın “Kathmandu Post” dərgisinə şikayət dolu məktubu göndərib. Buna səbəb 100 min tirajı olan nəşrin Çinin kommunist lideri Mao Tsedunun şəklinin üzü maskalı dərc etməsi idi. “Wall Street Journal” yazır ki, çinli diplomat ölkələrinin islahatçı ideoloqu Den Seopinin məsləhətlərini qulaqarıdan vurublar. Den Seopini ancaq Çinin inkişafı və beynəlxalq aləmlə yaxşı münasibətlər düşündürürdü. Seopin Çinin istəilən ölkə ilə mübahisəyə girişməsinin yanlış olduğunu deyirdi”.  


Elxan Şahinoğlu bildirib ki, Çində hakimiyyətə Si Tsinpin gəldikdən sonra xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliklər baş verdi:

 

“Çinin hazırki hakimiyyəti liderlik uğrunda mübarizədə güzəştin mümkünsüz olduğunu düşünür və bu yöndə hərəkət edir. Məsələn, Çinin keçmiş hakimiyyəti Honkonqu özünə “bir dövlət, iki sistem” əsasında birləşdirmişdi. Hazırda isə Çin hakimiyyəti Honkonqu tamamilə özününkü sayır və bu bölgədə Çinin qanunlarının icrasına çalışır. Məsələ burasındadır ki, Çinin materik hissəsi kommunist və avtoritar idarəetmə sistemi əsasında fəaliyyət göstərirsə, Honkonqda kapitalizmdir və onlar avtoritar və kommunist üsul-idarəni məqbul saymırlar. Elə buna görədir ki, hazırda honkonqlular Çinin təzyiq siyasətinə qarşı küçə yürüşləri təşkil edirlər”. 


Politoloqun sözlərinə görə, Pekin Amerikaya da meydan sulamağa çalışır:

 

“Çin Amerikadan sonra ikinci fövqəldövlət deyil, Amerika ilə bərabər səviyyədə, bəlkə də daha üstün dövlət olmaq siyasətini gücləndirir. Çin müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də tərəfdaşlarının sayını çoxaltmağa çalışır. Bu siyasət gücləndikcə Vaşinqtonun Çinə qarşı siyasəti də sərtləşəcək. Beləliklə, postkoronavirus dövründə iki böyük dövlət arasında rəqabət daha da qızışacaq”.


Bahar Rüstəmli

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO