Nazlı Ağayeva


Bir kasıb ziyalı dilxor, əsəbi gəzib-dolanırmış. Dostu səbəbini soruşanda “heç” deyib ötüşdürmək istəyir. Əl çəkməyəndə məcbur olub dərdini danışır:

– Nə olacaq, bir otağın içində neçə baş külfətik. Anamla arvadım daim bir-birinə müxalifətdədirlər. Uşaqlar böyüdükcə qayğı, məsuliyyət artır. Dolanışıq barədə danışmağa dəyməz. Kreditlər bir tərəfdən sıxır, dükan-bazar borcları da bir tərəfdən. İllərdir dibsiz bir quyuda boğuluram. Ən böyük arzum bircə gün rahat nəfəs almadır. Amma hardan? Ölsəydim, bir dəfəlik canım qurtarardı. Di gəl ki, onun da bir ətək burcu-xərci var. İllərdi rahatlıq nədir bilmirəm. 

Dostu bir az düşünüb, yalnız bir şərtlə ona kömək edəcəyini bildirir. O şərtə əməl olunsa, rahatlığa çıxacağına əmin edir. Adam sevincək “nə şərt olsa, razıyam, təki bu kabus bitsin” deyir. Dostu şərtini açıqlayıb deyir ki, evə təcili bir dağ keçisi alıb buraxsın. Gerisini sonra deyəcəkmiş. Kasıb intelligent əldə-ovucda olan son manatlara gözəl bir dağ keçisi alıb gətirir.


Keçi onsuz da darısqal mənzildə bunların başına dünyanı dar edir. Qab-qacaq demir, əşya demir, evdə hər nə var dağıdıb məhv edir. Gecə-gündüz dolabların başına dırmaşıb istədiyi hədəfə tullanır. Ailədə hər kəs birtəhər canını keçidən qurtarmaqda ikən evin kişisi dostuna müraciət edib ondan bu bəladan qurtarmaq çarə istəyir. Dostu “daha keçini burax, getsin” deyə məsləhət verir. 


Keçi gedən kimi evdə toy-bayram olur. Sanki illərlə gözlədikləri xoşbəxtliyə qovuşublar. Ev sahibi sevinə-sevinə dostuna xəbər verir ki, sayəndə keçidən qurtulduq, indi nə edək? Dostu soruşur:


– Özünü indi necə hiss edirsən?


Dostu sevincək cavab verir:


– Dünyanın ən qayğısız, ən xoşbəxt adamıyam. Amma demədin axı, daha nə edək?

– Daha heç nə. Rahatlıq axtarırdın, artıq xoşbəxtsən də…


Bizim keçinin ixtiyarı bilmirik kimin əlindədir. Açıb buraxsaydı, bizim də canımız qurtarardı, keçinin də. Nəinki canımız qurtarardı, hətta xoşbəxt olardıq. Dünənə qədər özümüzə faciə hesab etdiyimiz problemlərdən utanırıq. Onları qoyduğumuz yerdən xəcalət çəkirik. O isə dərdlər varmış ki, bizimkilər yanında muştuluq qalar. 


Deməyim o ki, götürün koronavirusunuzu, qaytarın doğma problemlərimizi. İllərdi canımızda gəzdirib o problemlərə immunitet yaratmışıq. Onları unutdurmaq bizi keçmişimizdən qoparmaqdır. Normalda gül kimi dolanıb gedirdik, qəfildən düşdüyümüz bəlaya bax… Yox maska, yox sabun, yox spirt və ən əsası da yox bir, düzgün bəslənmə… Bu axırıncıya gülməkdən öldüm. Düzgün bəslənməkmiş… 


*


Bir kişi olur. Bəzi yerlərdə hələ də qalan adət olaraq o zamanlar tualet bağın ta o biri başında az qala qonşunun çəpərində söykənirmiş. Kişi də gecələr vacib olan o yerə tək gedə bilmədiyindən bunu həyətə arvad düşürürmüş. Belə gecələrin birində bunların hini tərəfdən şübhəli səs gəlir. Toyuqlar perikir, it hürür. Ətraf sakitləşəndən sonra kişi olduğu yerdən təxminindəki toyuq oğrusunu asıb-kəsməyə başlayır, nə başlayır. Daha xəyali canlıda var-yox qalmır, yeddi-arxa dönənəcən yad edilir. Hədə-qorxu, təhdid baş alıb gedir. Ağaca söykənib kişini gözətləyən yorğun-arğın arvad birdən qayıdır ki, nəynən Alış? 


Lətifəsi bizdən uzaq, düzgün bəslənmək deyəndə adamın gözünün qabağına gələn şeyləri biz yuxuda da görə bilmərik. Amma olsun, menyuda artıq qaynayıb-qarışdığımız işlək-işgsüzar şərtlər də var. Sabun, maska kimi məsələn…


Bu arada səhiyyə nazirinin səhhəti yaxşıdırmı görəsən? Virus gələndən üzünü görən yoxdur. İnşallah, düzgün bəslənir. Zatən yuxarılar üçün bu adi haldır…

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO