Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

Qeyd olunub ki, Ermənistan XİN əsassız iddialar səsləndirib. Bildirilib ki, Ermənistan beynəlxalq birliyi yanıltmaq və diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən yayındırmaq istəyir.

Söhbət Qarabağın işğalından və təcavüz zamanı yüz minlərlə azərbaycanlının insan hüquqlarının, əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından gedir.  

Rəsmi Bakı bəyan edib ki, Ermənistan Azərbaycana qarşı müharibəni başlatdığına və beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə bir hissəsini zəbt etdiyinə görə tam məsuliyyət daşıyır.

“Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib. Münaqişə zamanı digər ağır cinayətlər törədib, irqçi ideologiyanı müdafiə edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, habelə digər beynəlxalq təşkilatların qərar və sənədlərinə açıq-aşkar laqeydlik göstərib. Ermənistan özünün davamlı şəkildə pozduğu standartlar və dəyərlərlə başqalarını ittiham edə bilməz”, – deyə bildirilir.

Xatırladılıb ki, Ermənistan bütün qeyri-erməniləri, o cümlədən, azərbaycanlıları ölkədən qovmaqla monoetnik ölkəyə çevrilib.

Ermənistan, etnik cəhətdən homogen ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini, bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq rejimini yaratdığı Azərbaycanın işğal edilmiş ərazilərinə də tətbiq edib.

“Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistan siyasətinin əsasını təşkil edir. Bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluğa” aşkar inamının sübutudur.

Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrənc fikirləri açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirib. Ermənistanda hökm sürən dözümsüzlük ruhu, bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə edib.

Ermənistan, insan hüquqları standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibətdə riyakarlıq və seçici yanaşmasına son qoymalıdır. Eyni Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı 16 iyun 2015-ci il tarixli qərarının icrasına başlamalıdır.

Məlum olduğu kimi, Avropa Məhkəməsinin Böyük Palatası təqdim olunan sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit edib.

Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirib. Onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq edib.

Münaqişənin davam etməsinin, bunun nəticəsində bölgədə gərginliyin ara-sıra artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalı və Ermənistanın bu vəziyyəti möhkəmləndirmək cəhdləridir”.

XİN Ermənistanı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbinə uyğun olaraq davranmağa çağırıb:

“Ermənistan silahlı qüvvələrinin dərhal, tam, qeyd-şərtsiz işğal altındakı ərazilərdən çıxarılması vacibdir. Bundan sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması, yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin edilməsindən sonra sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO