“Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” Covid-19 testindən keçən vətəndaş Sadıq-zadə Mirzənin iddialarına cavab verib.

“Qafqazinfo”ya açıqlama verən klinikanın Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Xoşqədəm Əliyeva bildirib ki, vətəndaşın test nəticəsi pozitivdir:

“Sadəcə, əməkdaşlarımız texniki səhvə yol verdikləri üçün sənəddə neqativ yazılıb. Testin nəticəsi pozitiv çıxdığı an TƏBİB-ə məlumat verilib”.

X.Əliyeva əməkdaşımızın “Vətəndaş test nəticəsinin neqativ bildiyi üçün rahat hərəkət edib. Bəs, buna görə məsuliyyəti kim daşıyır?” sualını cavabsız qoyub, o, telefon dəstəyini yerə asıb.

S.Mirzə isə bildirir ki, ona TƏBİB-dən zəng edən olmayıb:

“Xəbər sizin saytda yayımlandıqdan sonra sözügedən klinikanın əməkdaşı Xoşqədəm Əliyeva mənimlə əlaqə saxladı. O, test nəticəmin pozitiv olduğunu bildirdi. Düzdü, üzrxahlıq etdi.

Amma mən nəticəmin neqativ çıxmasından sonra rahatlaşmışam və ailə üzvlərimlə ünsiyyətdə olmuşam. Evimizdə yaşlı insan da var, onları da yoluxdurmuş ola bilərəm. Xoşqədəm xanım mənə dəymiş maddi ziyanın qarşılanmasını təklif etsə də, bununla razılaşmadım. Mənə 24 saylı poliklinikadan, daha sonra isə Epidemioloji Mərkəzdən zəng etdilər. Mənə təqdim edilən sənədi istədilər, göndərdim. Sənəddə cavab neqativ olduğu üçün onlar da təəccübləndi, məsələni araşdıracaqlarını bildirdilər”.

11:36

Bakıda “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik”də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.

Lakin “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.

Bu barədə danışan M.Sadıq-zadə bildirib ki, ona yaxın olan şəxslərdən birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:

“Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar üç günə  çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən “Referans”a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi –  nə öskürək qalmışdı, nə də qızdırma”.

Şikayətçi onu da bildirib ki, bundan öncə xüsusi karantin rejimi dövründə portalda iş üçün icazəsi olub:

“Bu gün baxdım ki, silinib. Yeni icazə götürmək istədiksə isə bildirildi ki, COVID-19-a yoluxmuş şəxs 21 gün sonra icazə götürə bilər. Laboratoriya mərkəzinin hansısa işini düzgün görməyən əməkdaşı mənim barəmdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yanlış məlumat verərək, nəticəmin pozitiv çıxdığını bildirib. Bu səbəbdən, dünəndən telefonuma gələn zənglər və mənim hər birinə göndərdiyim testin nəticələrinə inansalar da, adını qeyd etdiyim poliklinika öz səhvini düzəltmədi. Və mənim portalda olan iş icazəm ləğv olunub, adıçəkilən virusa “yoluxmağım” səbəbi ilə yeni icazə götürməyim mümkünsüzləşib.

Dünən “Referans”la əlaqə saxladım. Bildirdim ki, sizin məsuliyyətsizliyinizdir. Düzəldin səhvinizi. Dedilər ki, narahat olmayın. Sizdə cavab neqativdir. Kim dəqiqləşdirmək istəsə , bizim əlaqə nömrəmizi verin. Ancaq TƏBİB-ə verdikləri yanlış məlumatı düzəltmədilər. Bir saat öncə də TƏBİB-ə məlumat vermişəm. Dedilər ki, sizə məlumat veriləcək”.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaş müraciət edibsə, araşdırılacaq.

Xatırladaq ki, M.Sadıq-zadə COVID-19 testi üçün klinikaya 100 manat ödəniş edib.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO