“Azərbaycan variantı çox maraqlı idi. Bu ölkəni tanımırdım, haqqında heç nə eşitməmişdim. Hətta müharibə ölkəsi olduğunu düşünür, çox qorxurdum. Ancaq tamamilə fərqli idi, çox asan uyğunlaşdım”.

Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin sabiq futbolçusu, üçqat Azərbaycan çempionu, ikiqat ölkə kubokunun qalibi Flavio Aleks Valensio (Flavinyo) Braziliya mətbuatına müsahibəsində bildirib.

Hazırda Braziliyanın B seriyasında çıxış edən KRB klubunda top qovan 36 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan barədə də danışıb:

“Azərbaycanda insanlar mənə çox yaxşı münasibət göstərdilər, ölkəni bəyəndim. Futbol inkişaf edirdi. Oranın ikinci Dubay olmasını arzulayırdılar. Neft in varlığına baxmayaraq, turizm ölkəsi olmaq istəyirlər. Yeməkləri çox fərqlidir. Bir tərcüməçimiz var idi, portuqalca danışırdı, bu da işimizi asanlaşdırmışdı.

Mənim üçün ən böyük çətinlik mentalitetlə bağlı idi. Avropa ölkəsi olmasına baxmayaraq, hələ də əcnəbilər üçün çox qapalıdır. Təkcə klubda deyil, işlədiyiniz və yaxınlıqda yaşadığınız insanlar ailə kimi sizə çox yaxşı münasibət göstərirlər. Ancaq bayıra çıxdığınız zaman – alış-verişdə, restoranda, bazarda insanlar sizə fərqli baxır. Oradakı illərim gözəl keçdi, çox minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Azərbaycanda yaşadığım müddətdə həyat dərsləri aldım”.

O, Azərbaycanda futbolun Braziliyadakından fərqli olaraq, Avropa sistemində – 4-3-3 taktikası ilə oynanıldığını, fiziki gücə və sürətə üstünlük verildiyini, texnikanın isə ikinci planda olduğunu bildirib. Flavinyo “Neftçi”də keçirdiyi beş mövsüm ərzində Avropa Liqasının qrupunda oynamasının onun karyerası üçün pik olduğunu söyləyib:

“Avropa Liqasında oynamaq karyeramın zirvəsi idi. Baxmayaraq ki, Braziliyanın dörd çempionatında oynamışam. “İnter”lə matçda İtaliyadakı stadion mənə ən çox təsir edən məqam idi. Gəlişini heç düşünmədiyim anı yaşayırdım.

Azərbaycana gedəndə bildim ki, avrokubok təqvimi var. Amma Avroliqanın qrupuna düşməyin, demək olar ki, mümkünsüz olduğunu bilirdim. “Neftçi” Azərbaycanın Avroliqada qrupa vəsiqə qazanan ilk klubu idi. “San Siro”da stadiona ayaq basanda o mahnını eşitmək, şübhəsiz ki, mənə ən çox təsir edən məqam idi”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO